Bu gün Avropa Birliyinin (AB) liderləri ilə Rusiya prezidenti Vladimir Putin arasında telefon danışıqları olub.
Tərəflər Belarusda yaranmış durumu müzakirə ediblər.
Telefon diplomatiyası səhər Almaniya federal kansleri Angela Merkel ilə Putinin söhbəti ilə başlayıb. Kremldən bildirilib ki, Belarusdakı vəziyyət ətraflı nəzərdən keçirilib: “Rusiya tərəfi respublikanın daxili işlərinə xaricdən istənilən müdaxilə cəhdlərinin qəbuledilməz olduğunu, bunun böhranın eskalasiyasına apardığını vurğulayıb. Vəziyyətin tezliklə normallaşacağına ümid ifadə olunub”.
Berlinin açıqlamasında isə qeyd olunub ki, Merkel dinc nümayişçilərə qarşı zorakılığın tətbiqindən çəkinmək lazım olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, siyasi məhbuslar dərhal azad olunmalı, fəaliyyətdə olan hökumət isə böhranın həlli üçün müxalifət və cəmiyyətlə dialoqa başlamalıdır.
AB-nin digər lider ölkəsi – Fransanın prezidenti Emmanuel Makron da Putinə telefon edib. Rusiya prezidenti fransalı həmkarına da eyni sözləri deyib və Belarusun daxili işlərinə kənardan müdaxiləni və Minskə qarşı təzyiqləri yolverilməz sayıb.
Avropa Birliyi Şurasının sədri Şarl Mişel ilə söhbətində isə Putin “bəzi dövlətlərin Belarus rəhbərliyinə təzyiqlərindən və ölkədə daxili siyasi vəziyyəti destabilizasiya etmək cəhdlərindən” narahatlığını bildirib. “Hadisələrin konfrontasion inkişaf variantına yol verilməməsi üçün qarşılıqlı maraq ifadə olunub”, – deyə Kremlin açıqlamasında deyilir. AB mənbələri isə tərəflərin Belarusda dialoqa yardım etmək üçün müxtəlif imkanları, o cümlədən ATƏT-in vasitəçiliyini müzakirə etdiklərini bildiriblər: “Şuranın sədri və Rusiya prezidenti Belarusda böhranın sülh yolu ilə həlli üçün daxili siyasi dialoqun qurulmasının ən yaxşı yollarını müzakirə ediblər. Variantlardan biri ATƏT-in vasitəçiliyidir. Tərəflər təmasları davam etdirmək qərarına gəliblər”.
Ş.Mişel bəyan edib ki, Belarus xalqının öz gələcəyini özünün həll etmək hüququ var.
ABŞ prezidenti Donald Tramp da Belarus böhranına münasibətini açıqlayıb. O, Ağ Evdə jurnalistlərə açıqlamasında deyib ki, Rusiya ilə bu məsələni müzakirə edəcək. Tramp özünəməxsus tərzdə bildirib ki, Belarusda heç vaxt xüsusi bir demokratiya olmayıb:
“Demokratiya görmək mənim xoşuma gəlir. Lakin belə görünür ki, Belarusda o qədər də çox demokratiya yoxdur”.
Tramp Belarusdakı etirazların çox böyük və dinc xarakterli olduğunu vurğulayıb.
Putinin çətin seçimi: xalq, yoxsa avtoritar lider?
Bütün bu açıqlamalar və intensivləşən telefon diplomatiyası göstərir ki, Qərb “Belarus düyünü”nün açılmasında Rusiyanın həlledici rolunu başa düşür. Prezident Putin hələ ki bu məsələ ilə bağlı aydın və konkret mövqe ortaya qoymayıb. Rusiya mediası və hakimiyyətə yaxın siyasətçilərin reaksiyaları göstərir ki, Belarus hadisələrini necə təqdim və şərh etmək barədə onlara Kremldən hələlik dəqiq kurs verilməyib. Bu səbəblə, Lukaşenkoya dəstək verənlər də var, onun əleyhinə çıxanlar da. Moskvadakı qeyri-müəyyənliyi sistemdaxili müxalifətin (“cib müxalifəti”) liderləri Gennadi Züqanov və Vladimir Jirinovskinin reaksiyalarından aydın sezmək olur: Züqanov Lukaşenkoya açıq dəstək verdiyi halda, Jirinovski ona hakimiyyətdən getməyi məsləhət görür.
Putin və Qərb liderlərinin təmaslarına qayıdaq.
Rəsmi açıqlamalardan bəlli olur ki, Avropa Birliyi Lukaşenko ilə müxalifət və cəmiyyət arasında dialoqun başlamasını, ATƏT-in bu dialoqda vasitəçilik etməsini təklif edir. Putinin cavablarında isə qırmızı xətlə bir cümlə keçir: Belarusun daxili işlərinə xaricdən müdaxilə olmasın! AB tərəfinin təklifinin mahiyyəti budur ki, Belarusda tərəflər yeni seçkilərin keçirilməsi üçün razılığa gəlsinlər, heç kim təqib olunmasın, dinc dəyişiklik gerçəkləşsin. Putinin cavabının mahiyyəti isə budur ki, Qərb məsələyə müdaxilə etməsin və Lukaşenkoya təzyiq göstərməsin. Qərb də öz növbəsində Rusiyanın Belarusa hərbi müdaxiləsi və Ukrayna variantının başqa formada təkrarlanmasından ehtiyatlanır. AB liderlərinin eyni gündə Moskvaya telefon etməsi, ABŞ prezidentinin də buna hazırlaşması “kollektiv Qərb”in Putini destruktiv əməldən çəkindirmək istədiyini söyləməyə əsas verir.
Putin isə çətin seçim qarşısındadır: ya Belarus xalqı, ya da Lukaşenko. O, Qərblə razılaşarsa və ya xalqın tələblərini dəstəkləyərsə, Belarusda hakimiyyət tezliklə dəyişəcək, çünki “Batka”nın güvəndiyi yeganə ölkə Rusiyadır. Lakin Lukaşenkoya dəstək verib, onu hakimiyyətdə saxlamaq Belarus xalqını itirməyə bərabər qərar olar. Belarusda antirusiya əhval-ruhiyyəsi yoxdur, hazırda üzdə olan müxalifət liderləri Rusiya ilə münasibətlərin qorunması və inkişafının tərəfdarıdır. Rusiya da bunu bilir. Lakin bununla yanaşı, Ukraynadan sonra daha bir qonşu və qardaş ölkədə xalq inqilabı ilə hakimiyyət dəyişikliyinin baş verməsi Putini qorxudur. Belarusdakı dəyişiklik küləyinin Rusiyaya doğru əsməsi yüksək ehtimaldır. Onsuz da Putin rejimindən narazılıq artır, onun reytinqi tarixi minimumlara düşüb. Hazırda Rusiyada lokal və kortəbii xarakterdə özünü göstərən etirazların mütəşəkkil hərəkata çevrilməyəcəyinə heç kəs təminat verə bilməz, Belarus olaylarının bunun üçün təkanverici amil olması mümkündür. Qarşıdan Dövlət Dumasına seçkilər gəlir və rus toplumunda aktivlik yüksələcək. Rusiya vətəndaşları düşünəcək ki, Lukaşenkonun hakimiyyət stajı 26 ildirsə, bizimkinin stajı da az deyil – 20 il, artıq bizdə də dəyişikliyin vaxtı çatıb.
Bütün bunlar Kremli Lukaşenkoya dəstək verməyə meylləndirir. Hiyləgər “Batka” bu meylin real dəstəyə çevrilməsi üçün əlindən gələni edir. Məsələn, bu gün o, Putinin sinirlərini tərpədə biləcək bəyanatlar verib – deyib ki, guya müxalifət Belarusda rus dilini qadağan edəcək, Belarus pravoslav kilsəsinin müstəqilliyiniə çalışacaq, iddia edib ki, hakimiyyətin transferi üzrə Koordinasiya Şurasında nasistlər təmsil olunur və onlar dövlət çevrilişinə hazırlaşırlar. Lukaşenko eyni zamanda ölkənin müxtəlif şəhərlərində öz tərəfdarlarının mitinqlərini təşkil etdirməyə başlayıb. Məqsəd Kremlə və dünyaya nümayiş etdirməkdir ki, xalq arasında mənə dəstək verənlər də kifayət qədərdir, mən də minlərlə insanı küçələrə çıxarmağa qadirəm, hadisələrə birtərəfli baxmayın…
Proseslər onu deməyə əsas verir ki, əgər Qərb və Rusiya razılığa gəlməsə, Belarusda “Venesuela modeli”nin bərqərar olması ehtimalı var. Venesuelada yüz minlərlə, hətta bəzən milyonlarla Maduro əleyhdarı küçələrə çıxsa da, hakimiyyət dəyişikliyi baş vermədi. Qərb və Cənubi Amerikanın əksər ölkələri parlamentin sədri Xuan Quaydonu qanuni dövlət başçısı kimi tanıdı, lakin ordu öz mövqeyini dəyişmədiyi üçün Nikolas Maduro hələ də Karakasdakı iqamətgahında oturub, hətta yeni parlament seçkiləri keçirməyə hazırlaşır…
Şahin Cəfərli
Pressklub.az
Tarix: 19-08-2020, 07:19