Svetlana Tixanovskaya hakimiyyətlə dialoqa hazır olduğunu açıqlayıb Avqustun 9-da Belarusda keçirilən prezident seçkilərində müxalifətdən namizəd olmuş Svetlana Tixanovskaya hakimiyyətin təhvil verilməsi üçün Koordinasiya Şurasının yaradıldığını elan edib. Bu barədə AYNA “RİA Novosti”yə istinadən xəbər verir.
Belarus Mərkəzi Seçki Komissiyası (MSK) seçkinin son nəticəsini elan etdikdən sonra Tixanovskaya hakimiyyətlə dialoqa hazır olduğunu bildirib. O beynəlxalq ictimaiyyətdən belə bir dialoqun təşkilinə kömək istəyib.
Qeyd edək ki, bu gün MSK prezident seçkilərinin son nəticələrini açıqlayıb. MSK-nın məlumatına görə, seçicilərin 80,1 faizinin səsini hazırkı dövlət başçısı Aleksandr Lukaşenko, 10,1 faizini isə müxalifətin namizədi Svetlana Tixanovskaya qazanıb.
Belarus parlamentinin Aşağı Palatasının deputatı Anna Kanopatskaya 1,6 faiz, "Həqiqəti söylə" İctimai Birliyinin həmsədri Andrey Dmitriev 1,2 faiz, Belarus Sosial Demokrat Partiyasının sədri Sergey Çereçen isə 1,14 faiz səs toplayıb. 4.59 faiz seçici bütün namizədlərin əleyhinə səs verib.
Tixanovskaya seçkilərin rəsmi nəticələrini tanımadığını bildirərək, MSK-ya ilk şikayət edən olub. Onun seçki qərargahı hesab edir ki, seçki məntəqələrindən toplanmış məlumatlar Tixanovskayanın 70-80 faiz səslə qalib gəldiyini göstərir. MSK isə namizədin şikayətlərini rədd edib.
Qeyd edək ki, Belarusda avqustun 9-da keçirilən seçkilərin nəticələrinə etiraz aksiyaları altı gündür davam edir. Vətəndaşlar prezident seçkilərinin nəticələrinə qarşı çıxırlar. Ölkədəki tətilə ən böyük sənaye müəssisələrinin minlərlə işçisi də qoşulub.
Müxalifət nümayişlərdə zorakılığa son verilməsini, dinc mitinq və etiraz aksiyalarında saxlanılan bütün siyasi məhbusların və vətəndaşların azad edilməsini və dürüst prezident seçkisinin keçirilməsini tələb edirlər.
Tarix: 14-08-2020, 19:58