“Qərbdə və Rusiyada “Böyük Ermənistan” ideyasını dəstəkləyən qüvvələr var” – Regional TƏHLÜKƏ

XIX əsrin əvvəllərindən başlayaraq ermənilər kütləvi şəkildə Qafqazda məskunlaşdırıldı. Qondarma “Böyük Ermənistan” ideyasının gerçəkləşdirilməsi yolunda onların atdıqları addımlar azərbaycanlılara qarşı kütləvi qətllər və soyqırımı aktları ilə müşayiət olunub. Bu qanlı tarix qısa fasilələrlə bütün 20-ci əsr boyu dəfələrlə təkrarlandı.
Son illərdə də vaxtaşırı ermənilər “Böyük Ermənistan” xülyasını gündəmə gətirirlər. Artıq məlumdur ki, Ermənistan rəhbərliyinin bu xülyası bütün Cənubi Qafqaz üçün təhlükə törətməyə davam edir.
 
Bu barədə Modern.az-a danışan  Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Ermənistanın Azərbaycan və Türkiyəyə qarşı irəli sürdüyü ərazi iddialarını rəsmi şəkildə bəyan etdiyini vurğulayıb:
“Türkiyəyə qarşı məsələ hətta Ermənistan konstitusiyasının preambluasında müvafiq cümlələr yer alıb. Gürcüstanla bağlı da ərazi iddiaları var, Cavaxetiyada müəyyən qüvvələr vaxtaşırı bunu gündəmə gətirirlər.
Ermənilərin qondarma “Böyük Ermənistan” layihəsi XVIII əsrdə əmələ gəlib. Müvafiq xəritələr təsis olunub. Artıq 300 ildir ki, bunun üzərində işləyirlər. Son 100 il ərzində ideyanı həyata keçirməyə əməli şəkildə başlanılıb. 1918-ci ildə Azərbaycanın İrəvan xanlığının torpaqlarında Ermənistanın yaradılması ilk addımlardan biri oldu.
Bu layihəni Rusiya ilə bərabər Qərbdə də dəstəkləyən qüvvələr var. Xüsusilə Birinci Dünya Müharibəsində Osmanlı dövlətinə qarşı birləşən Antanta ölkələri planlaşdırırdılar ki, bu imperiyanı necə dağıtsınlar. Ermənistan layihəsi də məhz bu planın tərkib hissəsi idi. Amma hələ 1870-ci illərdən gündəmə gəlib, Berlin konqresində müzakirə olunmuşdu”.
 
Fərid Şəfiyev onu da qeyd edib ki, ermənilər bu layihəni gündəmə gətirərkən din faktorundan da istifadə edir, xristian dövlətlərinin diqqətini çəkməyə çalışırlar:
“Bu xülyanı gündəmdə saxlayırlar, dəstəkləyən qüvvələrdən də yardım alırlar.
“Böyük Ermənistan” layihəsinə qarşı mübarizə aparmaq yollarına gəlincə, hesab edirəm ki, daha çox əks-təbliğata, informasiya müharibəsində önə çıxmaq üçün ciddi tədbirlərə əl atmalıyıq. Ermənilərin niyyəti ifşa olunmalıdır.  Azərbaycan alimləri bu barədə ingilis, fransız, rus və s. dillərdə çoxsaylı məqalələr dərc ediblər. Təəssüf ki, bizim siyasətimizdə və tarix elmində emosional elmi yazılara daha çox yer verilir. Ona görə, belə yazıları beynəlxalq auditoriyaya çıxarmaq, qəbul etdirmək çətin olur. Məhz bu baxımdan emosiyadan uzaq, ciddi elmi tədbirlər görməyə ehtiyac var. Elmi, təhsil, informasiya sahəsində əks təbliğat aparmaq, Ermənistanın ideyalarını ifşa etmək vacibdir. Mənim, İngiltərədə yaşayan alim Kəmalə İmranlının, Adil Bağırovun və s. mütəxəssislərin bu barədə əhəmiyyətli yazıları dərc olunub”.
Qondarma ideyaya dünya güclərinin münasibətinə gəlincə, mərkəz rəhbəri bildirib ki, tarix boyu Qərb dövlətləri və Rusiya Cənubi Qafqaza nəzarət etmək, regionun resurslarına sahib olmaq üçün mübarizə aparıb və belə layihələr həyata keçirməyə çalışıblar:
“Bu baxımdan erməni millətçilərinin “Böyük Ermənistan” layihəsi onların məqsədlərinə xidmət edən layihədir. Bizə və Türkiyəyə qarşı olduğundan bunu həmişə gündəmdə saxlayırlar. Hətta rəsmi olaraq dəstəkləməsələr də qeyri-rəsmi şəkildə Qərbdə və Rusiyada bunu dəstəkləyən qüvvələr var. Ona görə buna qarşı yalnız informasiya müharibəsində addımlar atmaq effektiv olar”.
Tarix: 8-08-2020, 13:08
Xəbəri paylaş



Xəbər lenti