Vladimir Solovyovu təkcə Rusiya deyil, bütün MDB məkanında tanımayan az olar. Qalmaqalları, siyasi hikkəsi, ədası və s. neqativ xüsusiyyətlərilə tanınan və gerçək jurnalistikanın peşəkarlıq prinsiplərinə çoxdan tüpürmüş bu şəxs Kremlin əsas təbliğat ruporlarından biri sayılmaqla yanaşı, onunla “sex yoldaşı” olan Marqarita Simonyan kimi “rəhbərə xidməti” sayəsində böyük var-dövlət sahibinə çevrilib. Ancaq vaxt keçdikcə, maddi cəhətdən qazandıqlarıyla müqayisədə insanların ona münasibəti kimi pulla ölçülməyən mənəvi kriteriyalar üzrə itirdikləri ölçüyə gəlməyəcək qədər çox olub...
Artıq Rusiyada hamı anlayır ki, onun öz verilişinə guya opponent kimi dəvət etdiyi “ekspertlər”in çoxu əvvəlcədən quraşdırılmış səhnəciyin kuklalarıdır. Ona görə də, nə baş verdiyini az-çox anlayanlar Solovyovun xüsusilə Ukraynanı, ABŞ-ı, Avropanı müdafiə edən “politoloqları” öz verilişində təhqir edib, sonra da studiyadan qovmasını böyük bir tamaşanın növbəti səhnəciyi kimi qəbul edirlər. Elə çox zaman gerçək jurnalistika ilə heç bir əlaqəsi olmayan açıq-aşkar millətçilik, tərəfkeşlik, lobbiçilik kimi fəaliyyət və fikirlərini gizlətmədən, açıq-aşkar biruzə verən Solovyovun Qarabağ münaqişəsilə bağlı qərəzli mövqeyinin, ermənilərə təəssübkeşlik etməsinin dəfələrlə şahidi olmuşuq. Buna görə ermənilərin ona müxtəlif fəxri adlar, mükafatlar və s. verməsi də təbii ki, təsadüfi deyil...
Ancaq Rusiyanın özündə bu “təbliğat əskisinə” tutarlı cavab verənlər, ona layiq olduğu yeri göstərənlər də az deyil. Son zamanlar Rusiyada kifayət qədər populyar olan jurnalist, idman şərhçisi Vasili Utkin sözün əsl mənasında Solovyovun “pişiyini ağaca dırmaşdırıb”. Tərəflər arasındakı qarşıdurma hazırda Rusiya mətbuatında geniş şəkildə işıqlandırılmaqdadır. Onların arasındakı qovğa Utkinin hökumətin koronavirus pandemiyası ilə bağlı atdığı addımları tənqid etməsilə başlayıb. Jurnalist “Dojd” telekanalının efirində deyib ki, hökumətin tələbilə “öz hesabına evdə oturmağın və kommunal xidmət haqları ödəməyin” əleyhinədir. Utkin qeyd edib ki, uzun illər bu hökumətə vergi ödəyib, lakin bunun müqabilində hazırda hakimiyyətin atdığı addımlar onu çox məyus edib: “Mənə belə dövlət lazım deyil. O, heç nəyə yaramır...”
Tanınmış jurnalistin bu ifadələri Kremlin “təbliğat təlxəyi”ni bərk qəzəbləndirib. Solovyov Utkinin bu açıqlamalarına cavab olaraq, onu “bədbəxt və xəstə adam” adlandıraraq, məsləhət görüb ki, jurnalist psixiatra müraciət etsin. Bundan sonra tərəflər arasındakı mübahisə qızışıb və bütün əndazələri aşmağa başlayıb. Öz “Tvitter” səhifəsində Solovyovu aşağılayan Utkin yazıb: “Mənim üçün Rusiyanın bəlalarından İtaliyaya qaçan ... (Solovyov barədə homoseksuallara aid bənzətmə işlədir-red.) – meymun Solovyovun rəyi maraqlı deyil”.
Qeyd edək ki, jurnalistin İtaliyanın adını çəkməsi təsadüfi deyil. Çünki Solovyovun İtaliyadakı Komo gölünün sahilində qiyməti 10 milyon dolları ötən iki villasının olduğu məlumdur və bunu “Rossiya-1” kanalının aparıcısı özü də gizlətmir. Onun bu ittihamına cavab olaraq, Solovyov rəqibinin Ukraynanın maraqlarına xidmət etdiyinə işarə vuraraq, öz “Tvitter” səhifəsində yazıb: “Elə möhkəm bağır ki, Kiyevdə hamı səni eşitsin”. Bunun ardınca, tərəfələr bir-birinə qarşı o qədər “russayağı” biədəb ifadələrdən istifadə ediblər ki, onları dərc etmək mümkün deyil...
Nəhayət, bir neçə gün əvvəl Utkin Solovyovu açıq debata çağırıb və onu alçaldacağına söz verib: “Bu iş çox dərinə getdi. Bizə görüşmək və açıq söz savaşı aparmaq lazımdır. Çıx, siyasəti, iqtisadiyyatı yox, özünü müdafiə et. Mən səni alçaltmaq və layiq olduğun yerə göndərmək istəyirəm”. Utkin çoxlarının “təbliğat marşalı” adlandırdığı Solovyovun qorxacağını və onun “söz dueli” çağırışını qəbul etməyəcəyini bildirmişdi: “Sən qorxacaqsan, çünki gözəl bilirsən ki, səni mənim dərs aldığım yerlərin heç qapısına yaxın buraxmayıblar...” Belə də oldu. Solovyov onunla açıq debata çıxmaqdan imtina etdi.
Bununla sakitləşməyən Utkin Solovyovu yaltaq, cəmiyyətdən, sadə insanların problemlərindən uzaq qaçan bixəbər təbliğatçı hesab etdiyini deyib və onu bunkerdə gizlənən faşistə bənzədib. Onun bu bənzətməsi Solovyovu tamamilə özündən çıxarıb. Bundan sonra rəqibinə yarım saatlıq veriliş həsr edən Kremlin təbliğatçısının canlı efir vaxtı problemləri yaranıb. Belə ki, Utkin haqqında təhqiramiz ifadə və iddiaların yer aldığı verilişdə texniki personal Utkinlə bağlı Solovyovun əvvəldən hazırlatdırdığı kadrları efirə verməkdə çətinlik çəkib və ona lazım olan kadr və ifadələr yayımlanmayıb. Bu zaman elə canlı efirdəcə texniki işçilərin üstünə bağıran Solovyov özündən çıxıb və onların işdən qovulmalarını tələb edib.
Nəhayət, Utkin Solovyova qalib gəldiyini elan edib və daha ona baş qoşmayacağını söyləyib. Kremlin təbliğatçısının bu dəfə Utkinin xarici görkəmini, köklüyünü lağa qoymaqdan başqa əlindən bir şey gəlməyib. Ancaq uduzduğunu anlayan və ürəyi soyumayan Solovyov indi də Utkini döyəcəyilə hədələyib: “Vasya, sözlərinə görə cavab verəcəksən. Ya da üzr istəyəcəksən”.
Bu qarşıdurmanın nə ilə bitəcəyi məlum olmasa da, faktiki olaraq, onu izləyən sosial şəbəkə istifadəçilərinin çox böyük əksəriyyəti Utkinin tərəfindədir. Solovyovu “nakişi”dən tutmuş “iyrənc fahişə”yə qədər bir çox “epitetlərlə” bəzəyən rusiyalı istifadəçilərin çoxu Utkinin haqlı olduğu qənaətindədirlər. Utkin isə son paylaşımlarının birində bu gedişlə Solovyovun insult keçirəcəyindən qorxduğunu yazıb.
Ola bilsin ki, Ermənistan istisna olmaqla, demək olar bütün MDB məkanında ikrahla qarşılanan Solovyov fiziki cəhətdən sağlamdır və belə asanlıqla insult keçirməyəcək. Ancaq bir məsələ şəksizdir ki, Rusiyanın özündə də əksəriyyət tərəfindən istehza, rişxənd və ikrah hədəfinə çevrilən bu təbliğat vintciyi fiziki olmasa da, mənəvi insultu çoxdan keçirib...
Cəlal Məmmədov
“AzPolitika.info”