Koronavirusun dərmanını tapdığını deyən türk professora - Nazirdən reaksiya





Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca koronavirusun müalicəsində “Dornaz Alfa” dərmanından istifadə olunarsa, xəstələrin sağalacağını bildirən professor Ercüment Ovalıya sərt reaksiya göstərib.

“Qafqazinfo” “Haberler”ə istinadən xəbər verir ki, Qoca professorun sözləri ilə bağlı bunları deyib:

“Sözügedən dərman beynəlxalq firmanın lisenziyalı dərmanıdır. Cümlələrimi xüsusi həssaslıqla seçərək deyirəm: Türkiyədə icazəli dərmandır. Kistik fibrozlu xəstələrə, ağciyər problemi olan xəstələrə tətbiq edilən və faydası görülən dərmandır. Covid-19-un müalicəsində onun faydalı olmasına dair laborator və kliniki işlərin başladığını bilirik. Bununla bağlı mərkəzə “hər hansı təcrübəniz və ya peyvəndiniz varsa, layihələndirib bizə müraciət edin” dedik. Sosial şəbəkə üzərindən insanların ümidi ilə oynamaq olmaz. Cəmiyyətə faydalı iş görən hər kəs bizim üçün qiymətlidir. Dərman və peyvənd həm milli, həm də strateji işdir. Bu iş sosial şəbəkənin üzərindən görülməz”.

Xatırladaq ki, Ovalı Tvitter səhifəsində dərmanla bağlı “1 aydır işlədiyimiz dərmanın adını aprelin 23-də açıqlayacaqdıq. Ancaq o qədər təsir gücü var ki, insanların həyatını xilas edə bilər. “Dornaz Alfa” təcili klinik testlərə qəbul edilməlidir” yazmışdı.

O, REAL TV-yə müsahibəsində dərmanın koronavirusun müalicəsindəki rolundan danışmışdı.
Tarix: 18-04-2020, 09:40
Xəbəri paylaş



Xəbər lenti