Stalini təbrik edərkən onu icazəsiz öpən qız – bir zamanların ən populyar məktəblisinin 75 yaşı var

 

Onun 75 yaşı var. Bu illər ərzində o, cəmisi bir dəfə, ailə həyatı quranda mənzilini, yaşayış yerini dəyişib. Zaman-zaman yaşadığı həm ata evində, həm də öz mənzilində ev əşyalarını tez-tez dəyişib, köhnə mebellər yeniləri ilə əvəzləyib. Dəyişməyən isə evin ən baxımlı yerində asılan şəkildir. Vera Kondakova hər gün bu şəkillə üz-üzə dayanır, 7 yaşında olarkən çəkilmiş bu şəkil onun üçün evin ən qiymətli əşyası sayılır. Düz 68 ildir ki, Vera Kondakova bu şəkilə baxanda, bir daha parlaq uşaqlıq illərinə qayıdır, zamanında bir milyon tirajla plakat kimi çap olunan bu foto ilə o, bu gün də qürur hissi keçirir.

Maraqlıdır, 75 yaşlı iqtisadşı xanımı qürurlandıran fotoda kimlər əks olunub?

Vera Kondakova 1945-ci ildə Moskvada anadan olub. Anası evdar qadın, atası isə meşə təssərrüfatı sahəsində işləyib. Müharibədən sonrakı illərdə ailənin maddi durumu aşağı olub, hətta kiçik mənzillərində ailənin minimum tələblərini ödəyən ev əşyaları da olmayıb.

Vera Kondakova orta təhsilini Moskvanın 612 nömrəli məktəbində alıb, birinci sinfə gedəndə, həm də pionerlər evində rəqs dərnəyinə yazılıb. O, həmyaşıdlarından daha çevik olması, yaşına uyğun olmayan səlis danışığı, bir az da şıltaq olması fərqlənib, məktəbdə keçirilən bayram tədbirlərinin ən fəal üzvlərindən biri olub.

1952-ci ildə 1 May bayramına (zəhmətkeşlərin beynəlxalq həmrəylik günü) hazırlıq işləri aparılanda, Qırmızı meydanda nümayiş zamanı iki nəfər məktəblinin sovet uşaqları adından tribunada dayanan İosif Stilini təbrik etməsi də planlaşdırılıb.
Bir ay əvvəlcədən məktəblilərin seçimi başlayıb. Birinci sinifdə oxuyan Vera Kondakova və başqa bir məktəbdə ikinci sinifdə oxuyan Yura adlı şagird seçimin qalibləri olublar. Bu seçimdən sonra təxminən bir ay ərzində Kondakovalar ailəsi ən məsuliyyətli, həm də ən gərgin günlərini yaşayıblar. Valideynlər gün ərzində qızlarını saatlarla məşq etdiriblər.

Əslində prosedur bir o qədər də mürəkkəb olmayıb. Təbrikin ssenarisi nümayiş zamanı əllərində gül dəstələri olan iki məktəblinin marş sədaları altında meydandan keçmək, tribuna pilləkənləri ilə yuxarı qalxmaq, gülləri Stalinə təqdim etmək və “Əziz, yoldaş Stalin, sovet uşaqları adından sizi təbrik edirik” deməkdən ibarət olub.

Nəhayət, zaman yetişib. Ağ bantlı Vera Kondakovanı Qırmızı meydana gətiriblər. İri gül buketi də hazır olub. Amma ikinci məktəbli Yuranı təbrik tədbirindən uzaqlaşdırıblar. Sonralar bunun da səbəbi məlum olub. Bir ay öncə valideynləri Yuranın Stalini təbrik edəcəyini eşidəndə, işdə, həyətdə, dost-tanışları arasında tez-tez “oğlumuz Stalinlə görüşəcək” demələri yuxarıların xoşuna gəlməyib. Bununla da valideynlərin hədsiz “boşboğazlığı” Yuranı bu görüşdən məhrum edib.

Nümayişin gedişatının 40-50-cı dəqiqələrində Vera Kondakovaya növbə çatıb. O, Kremlin Spassakaya qülləsi tərəfindən Qırmızı meydana daxil olub. İnamlı addımlarla irəliləyən məktəbli qız tribuna pillələri ilə yuxarı qalxıb, Stalinə yaxınlaşıb:
- Əziz yoldaş Stalin, sovet uşaqları adından sizi təbrik edirəm.

Onu Stalinin yanına qoyulmuş stula çıxarıblar. Vera Kondakova gül dəstəsini Stalinə təqdim edib, sonra onu qucaqlayaraq üzündən öpüb. Əslində, onun Stalini qucaqlaması, üzündən öpməsi aktı ssenaridə nəzərdə tutulmayıb. Bu hərəkət balaca məktəbli qızın saniyələr ərzində ağlına gələn hərəkət olub. Stalin də qarşılıqlı olaraq Veda Kondakovanı qucaqlayıb və yanağından öpüb. Sonra ona şokolad qutusu bağışlayıb. Bu anlarda fotoobyektivlər bu səhnəyə yönəlib.

Üstündən neçə onilliklər keçməsinə baxmayaraq, Vera Kondakova həmin hadisənin ən xırda detallarını belə unutmayıb:
“Uşaq idim. Meydandakı izdihamın arasından keçəndə on minlərlə insanın baxışlarının mənə zilləndiyini hiss edirdim. Əlimdəki gül dəstəsi o qədər böyük idi ki, az qala görünmürdüm. Tribuna pillələrini çətinliklə qalxdım. Stalinə yaxınlaşanda məni əvvəlcədən tribunaya qoyulmuş stulun üstünə çıxartdılar. Bir ay ərzində əzbərlədiyim bir cümləni çaşmadan Stalinə söylədim, onu təbrik etdim. Birdən ağlıma gəldi ki, kimisə təbrik edəndə onu qucaqlayıb öpmək də lazımdır. Evdə belə görmüşdüm. Atam, anam məni ad günümdə təbrik edəndə, hədiyyəmi verdikdən sonra məni qucaqlayıb öpürdülər. Mən də belə etdim. Bu Stalinin xoşuna gəlmişdi. Məndən necə oxumağımı soruşdu, mən “yaxşı” cavabını verdim, o isə, “əla oxumaq lazımdır” dedi. Sonra tribunada Gerogi Malenkov və Nikolay Bulqanin də (Siyasi Büronun üzvləri) mənimlə görüşdülər. Stalin mənə bir qutu şokolad verdi. Mən tribunadan qaça-qaça pillələrə tərəf getdim. Orada ikinci şokolad qutusu da var idi. O, Yuraya verilmək üçün nəzərdə tutulmuşdu...”

Bu hadisədən sonra Vera Kondakova bir neçə gün ərzində böyük populyarıq qazanıb. Qəzetlərin birinci səhifəsini onun Stalinlə olan fotosu bəzəyib. Həmin foto plakat üzərində milyon tirajla çap olunub. Vera Kondakovaya minlərlə məktub gəlib. O, radio verlişlərinə dəvət olunub, jurnalistlər ondan çoxsaylı müsahibələr alıblar, müəllif məqalələri mətbuatda yer alıb, dövlət tədbirlərində rəqs proqramı ilə çıxışları olub. Bir sözlə, onu hamı tanıyıb. Vera Kondakova bu tədbirlərdən aldığı qonorarları valideynlərinə verib, məhz bu qonorarlarla mənzillərində çatışmayan ev əşyaları alınıb.

Vera Kondakova orta məktəbi bitirdikdən sonra Xarici Dillər İnstitutuna qəbul olunub. Birinci kursda oxuyanda atası vəfat edib. Ailəni maddi cəhətdən təmin etmək üçün Vera Kondakova ikinci kursdan təhsil yerini Xalq Təsərrüfatı İnstutuna dəyişib. Ali təhsilini qiyabi yolla davam etdirərək işləməyə başlayıb.

1971-ci ildə Vera Kondakova sanatoriyada istirahətdə olarkən Tupolev adına təcrübə konstruktor bürosunun əməkdaşı Boris Maloyla tanış olub və onlar istirahətdən qayıtdıqdan sonra ailə həyatı qurublar.

Vera Kondakova iqtisadçı kimi 40 il eyni qurumda, dövlət təchizat komitəsində işləyib. O, bu gün də ictimai həyatda fəaldır, tez-tez tədbirlərə dəvət alan Vera Kondakova həmin tədbirlərdə Stalinlə görüşü haqqında həvəslə danışır...

İlham Cəmiloğlu, Musavat.com

Tarix: 17-04-2020, 13:20
Xəbəri paylaş



Xəbər lenti