Koronavirus pandemiyası Birləşmiş Ştatlar iqtisadiyyatına xələl gətirməkdə davam edir. Əmək Nazirliyinin cümə axşamı bildirdiyinə görə, keçən həftə daha 5.2 milyon amerikalı işsizlik təzminatı üçün müraciət edib.
Dörd həftədə təzminat üçün müraciət edənlərin sayı 22 milyonu keçib və iş yerlərinin bağlanması səbəbindən işsiz qalan milyonlarla insanın yaxın həftələrdə yardıma müraciət edəcəyi gözlənir.
ABŞ 1930-cu illərdəki Böyük Depressiyadan bəri ilk dəfədir bu qədər iş itkisi ilə üzləşir.
Bəzi şirkətlər son bir ayda maaş ödəməmək üçün işçilərini işdən azad edib. Digərləri hətta az iş görsələr belə, işçilərinə bir neçə həftə maaş verəcəklərinə söz verib. Lakin indi ölkədəki iqtisadi böhran dərinləşdikcə onlar da işçilərini çıxarmağa başlayıb.
Bəzi iqtisadçıların fikrincə, dünyanın ən böyük iqtisadiyyatına malik olan ABŞ ilin ilk üç ayında 10.8 faiz itki verib və bu, İkinci Dünya Müharibəsindən bəri ən dəhşətli bir dövr olub.
Son bir həftəlik işsizlik yadımı müraciəti bundan əvvəlki iki həftədən azdır. O zaman təzminat üçün 6 milyon müraciət olmuşdu.
Lakin məlum olmayan bir şey var: Müəssisələn nə zamana qədər bağlı qalacaq və ya nə zamana qədər məhdudiyyətlərlə işləyəcək. Milyonlarla insan 2020-ci ilin sonuna qədər işsiz qala bilər.
ABŞ prezidenti Donald Tramp əsasən də koronavirusa yoluxmanın nisbətən az olduğu ştatlar olmaqla, mayın 1-dən ölkənin bəzi bölgələrində iş yerlərinin yenidən açılmasını istəyir.
Lakin ölkənin ən böyük korporasiyalarının rəhbərləri çərşənbə günü işçilərinin iş yerlərinə qayıtmalarından əvvəl əlavə koronavirus testlərindən keçməli olduqları barədə xəbərdarlıq edib.