“Koronavirusun geniş yayıldığı dövrdə Dağlıq Qarabağda “seçki” keçirən Ermənistan bununla virusun bu regiona da yayılmasına yol açır”. İnanmayacaqsınız, bu sözləri dilə gətirən nə Azərbaycanın XİN-nin Mətbuat katibi Leyla xanım Abdullayevadır, nə də Azərbaycanın xarici siyasətini təhlil edən yerli “stareq”lərimiz.
Ovqat.com xəbər verir ki,
ABŞ-ın “NewsBlaze” nəşri qondarma
“DQR”-da keçirilən “
seçkiləri”
şərh edən yazısında bu iddialarla çıxış edib.
Müəllif
Nurit Qrincerin yazdığına görə, insanlıq son yüz ilin ən ciddi pandemiyası ilə üz-üzə qalıb. Bu zamanadək bəşəriyyətin qarşılaşdığı ən təhlükəli pandemiya
“ispan qripi” olub. O da yüz il bundan əvvəl - 1918-ci ildə yayılmağa başlamışdı:
“Belə bir şəraitdə Ermənistan hökuməti koronavirusun yayılmasının qarşısının alınması ilə bağlı daxili və xarici çağırışlara məhəl qoymur. Hər halda, Yerevanın
Azərbaycana məxsus Dağlıq Qarabağ regionunda “prezident və parlament seçkilər”i keçirməsini başqa cür izah etmək mümkün deyil. Bu region təxminən 30 ildir Ermənistanın işğalı altındadır.
Fakt budur ki,
Dağlıq Qarabağda qondarma “seçkilər”ə qədər koronavirusa yoluxma halı baş verməmişdi.
Ermənistan isə bir çox digər ölkə kimi,
bu ilin martından virusdan əziyyət çəkir. Orada
937 nəfər virusa yoluxub,
12 nəfər xəstəlikdən dünyasını dəyişib.
Ermənistan koronavirusu qəsdən yayır
Yerevan virusa yoluxmuş ermənilərin
Dağlıq Qarabağa girişinin məhdudlaşdırılacağını vəd etsə də, işğal olunmuş ərazilərdə təşkil olunmuş “seçkilər”i
müşahidə etmək üçün
1000 nəfərdən çox insanın oraya yollanmasına icazə verib. Bundan başqa, seçki məntəqələrində
sosial məsafə qaydaları düşüncəsizcəsinə, yolverilməz şəkildə pozulub. Belə olan təqdirdə, indiki nəticə əlbəttə ki, gözlənilən idi – Dağlıq Qarabağ regionunda koronavirusa
ilk yoluxma halı məhz həmin
“seçki”dən bir neçə gün sonra təsdiqlənib. Bu, “seçki”də iştirak etmiş qadındır. Cəmi 3 gün sonra bölgədə daha 4 nəfərin xəstəliyə tutulduğu məlum olub.
Bütün bunlara baxmayaraq, Ermənistanın məsuliyyətsiz rəhbərliyi və Dağlıq Qarabağdakı qondarma rejim “
seçki”nin ikinci turunun keçirilməsinə belə, “yox” deməyib. Bu, həqiqətən
biabırçılıqdır! Bu, Ermənistan rəhbərliyi üçün
siyasətin insan həyatından üstün olduğunun göstəricisidir!
Ermənistanla Azərbaycan arasında 1980-ci illərin sonlarından başlamış Dağlıq Qarabağ münaqişəsinin həllilə bağlı
danışıqlar “dalana dirənib”. Xatırladaq ki, tərəflər arasında 1994-cü ilə qədər davam etmiş qanlı müharibə nəticəsində
30 min insan həyatını itirib, nəticədə Ermənistan Dağlıq Qarabağ regionu daxil olmaqla,
Azərbaycanın ərazisinin 20%-ni işğal edib. İndi, onlar bu bölgəni “
Artsax” adlandırır. Halbuki, bu bölgədə əsrlər boyu məhz azərbaycanlılar yaşayıb. İşğal nəticəsində
800 mindən çox dinc azərbaycanlı bölgədən qovulub. Yerevanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində bu gün Qarabağda yalnız ermənilər yaşayır. Azərbaycanlıların bu
doğma torpaqlarına qayıtmasına icazə verilmir.
Ermənistanın Azərbaycan ərazilərini işğalı azərbaycanlı vətəndaşların
kütləvi qətliamı ilə də müşayiət olunub. Belə qətliamlardan ən dəhşətlisi və miqyaslısı
1992-ci il fevralın 26-da Xocalı şəhərində baş verib. Erməni ordusu bu şəhəri ələ keçirən zaman
613 dinc sakin, o cümlədən
300-dək uşaq, qadın və qoca qətlə yetirilib.
BMT Təhlükəsizlik Şurasının bu münaqişə ilə bağlı 1993-cü ildə qəbul etdiyi
4 qətnamədə Azərbaycanın ərazi bütövlüyü bir daha təsdiq olunur, erməni hərbi birləşmələrinin Azərbaycanın işğal altındakı ərazilərindən
tamamilə, dərhal və qeyd-şərtsiz çıxarılması tələb edilir. Amma Yerevan
yerinə yetirməsi mütləq olan bu beynəlxalq qətnamələrə məhəl qoymur. Üstəlik, o, beynəlxalq səviyyədə qınanılmış qeyri-qanuni işğalçılıq siyasətini ört-basdır etmək üçün Azərbaycanın işğal altındakı ərazilərində qondarma
“Dağlıq Qarabağ Respublikası” yaradıb. Bu oyuncaq qurumun adı sonradan
“Arsax respublikası” ilə əvəz edilib.
Bu gün Azərbaycanın
suverenliyini,
ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını Ermənistan istisna olmaqla, bütün beynəlxalq birlik tanıyır. Heç bir dövlət qondarma qurumun müstəqilliyini qəbul etmir. Odur ki, Yerevanın Dağlıq Qarabağdakı qondarma rejimi
legitimləşdirmək istiqamətində atdığı addımlar mənasızdır. Ermənistan sözügedən “seçkilər”i də bu qondarma qurumu “
müstəqil, demokratik respublika” kimi təqdim etmək məqsədilə keçirir.
“Seçki” pislənir
Bakı saxta “seçki”nin keçirilməsilə bağlı sərt bəyanatla çıxış edib. Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunur ki,
“Ermənistan tərəfindən Azərbaycan ərazilərinin hərbi işğalının və bu ərazilərdə etnik təmizləmənin davam etdiyi bir vaxtda Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində “seçkilərin” keçirilməsi Azərbaycan Respublikası Konstitusiyasının və beynəlxalq hüququn norma və prinsiplərinin, o cümlədən BMT Nizamnaməsinin, ATƏT-in 1975-ci il Helsinki Yekun Aktının və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin açıq şəkildə pozulmasıdır və bu baxımdan heç bir hüquqi qüvvəyə malik deyil.Ermənistan respublikası tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində qurulmuş qanunsuz rejim təcavüz, etnik təmizləmə və irqi ayrı-seçkiliyin nəticəsidir; o, Ermənistanın rəhbərliyi və nəzarəti altındadır”.
Azərbaycanın
Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev isə saxta “seçki” ilə bağlı “
Twitter”də yazıb: “
Bütün dünyanın koronavirusla mübarizə apardığı bir vaxtda, Qafqazda bu virusa ən çox yoluxma halı qeydə alınmış Ermənistan Azərbaycanın işğal altındakı ərazilərində qondarma “seçki” keçirir. Qarabağın erməni icmasının həyatını riskə atmaq məsuliyyətsizlikdir... İşğal altındakı ərazilər azad olunduqdan və Azərbaycanın ərazi bütövlüyü bərpa edildikdən sonra Ermənistanın Dağlıq Qarabağın erməni icmasının sağlamlığına və əmin-amanlığına qarşı düşüncəsiz münasibəti sona çatacaq”. Beynəlxalq qınaq
Bu saxta “seçki”yə
beynəlxalq ictimaiyyət də sərt münasibət bildirib.
Avstraliya, Belçika, Bolqarıstan, Kanada, Xorvatiya, Çexiya, Estoniya, Finlandiya, Almaniya, Gürcüstan, İtaliya, Litva, Latviya, Malayziya, Moldova, Monteneqro, Norveç, Pakistan, Rumıniya, Rusiya, İsveç, Türkiyə, Ukrayna, ABŞ və dünyanın bir çox başqa ölkəsi, həmçinin beynəlxalq təşkilatlar, o cümlədən
ATƏT, NATO, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Türk Şurası və GUAM bu “seçkilər”i pisləyərək, Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə edib.
ABŞ Dövlət Departamentinin bəyanatında deyilir ki,
“Birləşmiş Ştatlar Dağlıq Qarabağı müstəqil və suveren dövlət kimi tanımır. Müvafiq olaraq, biz bu “seçkilər”in nəticələrini Dağlıq Qarabağın hüquqi statusuna təsir edəcək amil saymırıq”. Qəribədir ki, Qərbin aparıcı media qurumları Ermənistanın beynəlxalq hüquq normalarını pozması, həmçinin insanların həyatını təhlükəyə atmasını susqunluqla qarşılayır. Bu, təbii ki, insanları hiddətləndirir. Yerevanın bu addımları siyasi məqsədlər üçün atdığı bəllidir. Bu siyasətinin beynəlxalq media orqanları tərəfindən tənqid edilməməsi isə Ermənistan dövlətini bu siyasəti davam etdirməyə təşviq edir. Qondarma seçki ilə bağlı yalnız “
Reuters” agentliyi qısa xəbərlər verib. Yeri gəlmişkən,
qondarma “seçkilər”in ciddi pozuntularla keçirildiyinə dair də xəbərlər var.