Kanadadakı Ottava Universitetinin alimləri hesab edir ki, “SARS-CoV-2” yarasalardan insanlara küçə itləri vasitəsi ilə keçib.
“Report”un məlumatına görə, “Pandemiyanın əsas günahkarlarından biri” adlanan məqalə “Molecular Biology and Evolution” jurnalında dərc edilib.
İnsanlarda və məməlilərdə infeksiyaların hüceyrələrdə yayılmasının qarşısını alan və onun genomunu məhv edən antiviral protein - ZAP mövcuddur. Koronavirus RNT genomunun içərisində isə dinukleotidlər adlanan “CpG” var. Onun ardınca sitozin və guanin olur. “CpG” bədənə daxil olan kimi immunitet sistemi onu dərhal məhv edir.
ZAP isə insan ağciyərlərinin içərisində olmaqla yanaşı sümük iliyi və limfa düyünlərində çox miqdarda istehsal olunur. Ancaq virusda “CpG” az olduqda ZAP təsirsiz olur.
Araşdırma zamanı məlum olub ki, itlərin həzm sisteminin toxumalarını zədələyən koronavirusların “CpG” səviyyəsi hazırda insanlar arasında yayılan “SARS-CoV-2”də olduğu qədərdir.
Bundan əlavə, hüceyrəyə nüfuz etmək üçün koronavirus, kiçik bağırsaq və onikibarmaq bağırsağın toxumalarında bol miqdarda olan “ACE2” hüceyrə reseptorlarından istifadə edir.
Belə ki, “SARS-CoV-2” ilk növbədə, itlərin bağırsaqlarına yoluxub və daha sonra sürətlə təkamülə uğrayaraq insan bədəninə nüfuz edib. COVID-19-a yoluxan insanların çox hissəsi də bağırsaq narahatlığından əziyyət çəkir.
Yekun olaraq alimlər bildirib ki, koronavirus yarasa ətini yeyən küçə itlərinə keçib. Sonra, itin bağırsağındakı viruslar sürətli şəkildə koronavirusun təkamülünə kömək edib və “CpG” səviyyəsinin azalmasına səbəb olub.
Nəticədə, virus immunitetin reaksiyasından qaçaraq ciddi insan patogeninə çevrilib.
Tarix: 16-04-2020, 08:03