“Novaya qazeta” Çeçenistanda koronavirus pandemiyası barədə yaydığı məqaləyə girişi bağlayıb.Axar.az xəbər verir ki, bu barədə saytın baş redaktoru Dmitri Muradov açıqlama yayıb.
O bildirib ki, məqalə Rusiya Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyaya Nəzarət Federal Xidmətinin məktubu əsasında yayımdan qaldırılıb.
D.Muradov nəşrin Baş Prokurorluğa aydınlaşdırma üçün müraciət edəcəyini də qeyd edib:
“Məqalənin dərcindən sonra mən Çeçenistan rəhbərliyinin mətbuat katibi ilə danışdım və onların mövqeyinin heç bir senzuraya məruz qalmadan yayımlana biləcəyini dedim. Ancaq cavabında əvvəlcə Çeçenistan lideri Ramzan Kadırovdan kifayət qədər emosional cavab aldıq, bu gün isə Rusiya Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Rabitə Nəzarət Federal Xidmətindən məlum məktub daxil oldu”.
Baş redaktor onu da bildirib ki, məqalənin yayımını dayandırmalarına baxmayaraq, Kadırovun şərhi sosial şəbəkə hesabında qalmaqdadır.
Baş redaktor əmin olduğunu bildirib ki, Baş Prokurorluq məsələni ədalətlə həll edəcək.
Qeyd edək ki, Kadırov sözügedən məqalə ilə bağlı kəskin etirazını bildirmiş, hətta bu medianı xarici xüsusi xidmət orqanlarına işləməkdə ittiham etmişdi.
Tarix: 16-04-2020, 08:00