Koronavirus pandemiyasına görə iqtisadiyyatı ciddi zərər görən ölkələrdən biri də Rusiyadır.Musavat.com “Vedomosti” saytına istinadən xəbər verir ki, ölkənin aparıcı iqtisadçıları hökuməti orta və kiçik sahibkarlığın, o cümlədən əhalinin sosial ehtiyaclarının dəstəklənməsi üçün ÜDM-in 4-10%-nə qədərini ayırmağa çağırıblar.
Həmin hesabat Rusiya Ali iqtisad məktəbinin İnkişaf mərkəzinin rəhbəri Natalya Akindinova, Mərkəzi bankın keçmiş üst menecerləri Sergey Aleksaşenko və Oleq Vyuqin, habelə Çikaqo universitetinin professoru Konstantin Sonin kimi məşhur iqtisadçıların iştirakı ilə hazırlanıb.
Müəlliflər dünya iqtisadiyyatının ÜDM-nin təxminən 3% azalacağını bildiriblər. Rusiyada isə bu rəqəm 9 faizə qədər çıxa bilər. Bundan başqa, rusiyalıların yalnız COVİD-19-la bağlı özünütəcrid rejimindən deyil, neft qiymətlərinin aşağı düşməsi və büdcə paylarının azaldılmasından da ciddi əziyyət çəkəcəyi vurğulanıb.
İqtisadçılar bunu əsas göstərərək dövlətin pandemiya dövründə hər bir vətəndaşa ayda 20 min rubl, (təxminən 268 dollar) pul ödənilməsinin vacibliyini bildiriblər. Bu dövlət büdcəsinə ayda 3 trilyon rubla (40 milyard 290 milyon ABŞ dolları-red.) başa gələcək. İqtisadçı ekspertlər işsizliyə görə qeydiyyat prosedurlarının asanlaşdırılması və müavinətlərin 25 faiz artırılmasını təklif ediblər.
Hesabatı hazırlayanlar Rusiyanın büdcə qaydalarını da dəyişdirərək onu sırf vətəndaşlar, habelə kiçik və orta sahibkarlara ayrılması gərəkdiyini qeyd ediblər. Bunun üçün Milli rifah fondunun əlindəki vəsaitlərin 50%-nin xərclənməsinin zəruriliyi yazılıb.
Konstantin Sonin vətəndaşlara böhran dövründə yardım edilmədiyi təqdirdə ölkədə sosial təlatümlərin baş verəcəyini söyləyib.
“Alfa bank” ekspertlərinin hesablamalarına əsasən, Rusiyada hazırda 6 milyon orta və kiçik sahibkar işsiz qalma təhlükəsi qarşısındadır. Eyni aqibət nəqliyyat sahəsində çalışan 1 milyon insanı da gözləyir. Mütəxəssisləər dövlətin şirkətlərə işçilərinin maaşlarını ödəmək üçün yardım etməli olduğunu bildiriblər.
Tarix: 15-04-2020, 20:31