Xəbər verdiyimiz kimi, bir neçə gün bundan öncə Azərbaycan Tibb Universitetinin müəllimi Nazxanım Nəzirbəy (Qasımova) təhsil ocağının həyətində tələbələrin fotosunu çəkib. Pedaqoq şəklin üzərinə “Bu geyimdə dərsə gələnlər dərsimə buraxılmır. Dekoltelər, yarım qarış yubkalarınızı gecə klublarına geyinin. Həkimlik öncə dientologiyadan başlayır” sözlərini yazıb.Bundan sonra müəllim sosial şəbəkələrdə tənqid olunub. Maraqlıdır, tələbələrin ali təhsil müəssisəsinə necə geyinib gəlməsi ilə bağlı nizamnamə varmı? Bu, məktəblərdə olduğu kimi müəyyən qayda-qanunla tənzimlənirmi?
Mövzu ilə bağlı Musavat.com-a danışan vəkil Sadiq Əfəndiyev deyir ki, geyim Azərbaycan cəmiyyətində həmişə gündəmdə olan məsələ olub. İstər kişilərin, istərsə də qadınların geyimləri ilə bağlı dəfələrlə mətbuat səhifələrində müzakirələr aparılıb:
“Kişilərin saqqal saxlamaları, uzun saçlı olmaları və ya şortik geyinərək ictimai yerlərə getmələri, qadınların isə açı-saçıq geyinmələri hər zaman gündəmdə olub. Söhbət təhsil müəssisəsindən gedirsə, hesab edirəm ki, bu məsələ qaunvericilik səviyyəsində ciddi tənzimlənməlidir.
Məsələn, təhsil qanunvericiliyində dövlət ümumtəhsil müəssisələri üçün məyyən geyim formaları təsdiqlənib. Orada təhsil alanların geyimlərinin formaları təsvir edilir. Doğrudur, qanunvericilikdə bədənə uyğun ölçülər göstərilmir. Ətəyin qız şagirdin dizindən yuxarıda və ya aşağıda olması məsələsinə toxunulmur. Ümumi geyim modelləri və rəngləri göstərilir. Lakin davranış qaydalarında o məsələyə diqqət yetirilir.
Qeyd olunur ki, qız şagirdlərə çox dar geyim, hündür daban ayaqqabı, dizdən yuxrı ətək, zinət əşyası, saat kimi aksesuarlar, uzun və rəngli dırnaqlar, makiyaj qadağan olunur.Oğlanlar isə uzun saçlı və saqqalı olmamalıdır. Burada əsas məsələ bizim milli, mental və dini görüşlərimizə açıq-aşkar zidd olan geyimdə təhsil ocağına gəlməkdir. Çünki geyim əxlaq və tərbiyyə məsələsidir.
Ali təhsil müəssisələrinin tələbələrinin geyim məsələsinə gəlincə isə geyim azadlığına müəyyən ölçüdə icazə verilməlidir. Lakin “azadlıq” sözünün fəlsəfəsi mütləq, qeyri-məhdud hüquq demək deyil. Hər şey müəyyən ölçüdə olmalıdır.
Heç bir universitetin nizamnaməsində geyim qadağaları ilə bağlı hansısa müddəa nəzərdə tutlmayıb. Çünki qanun bunu tələb etmir. Qanunvericilikdə tələb olunmalıdır ki, təhsil müəssisələri də bunu öz nizamnamələrində nəzərdə tutsunlar.
Təhsil haqqında qanunda millilik və dünyəvilik, yəni ümumbəşəri dəyərlərlə yanaşı milli dəyərlərin qorunması, onların inkişaf etdirilməsi təhsil sahəsində dövlət siyasətinin əsas prinsiplərindən biri kimi göstrilir. Əgər biz təhsildə milli dəyərlərimizi qorumaq istəyiriksə, təhsil alanların geyim formasında da həmin dəyərləri qoruyub saxlamalıyıq.
Hansısa qız tələbənin açıq-saçıq geyimdə təhsil ocağına gəlməsi primitiv formada sadəcə mədəni zövqlərin korlanması kimi qəbul edilməməlidir. Etik baxımdan bu vəziyyət daha ağır nəticələrə səbəb ola bilər. İstisna olunmur ki, bu cür görünüş yüngül xarakterli əks cinsin nümayəndələrini özünə cəlb edə və onların arasında təhsil mühitinə uyğun olmayan münasibətlərin yaranmasına gətirib çıxara bilər. Bu kimi bir neçə halın mövcudluğu kifayətdir ki, həmin pedaqoji mühitin mənəvi-psixoloji sağlamlığı pozulsun”.