Ombudsmana çoxillik şikayətlər cinayət işi üzrə qiyabi qərar çıxarılmasına gətirib
Ortalıq 3,5 il qabaq “hərbi ekspert”in bu sətirlərin yazarını “Qazilər” saytında aşağılamasına cavab olaraq Yasamal məhkəməsinə Cinayət Məcəlləsinin 147 və 148 -ci maddələri əsasında xüsusi ittiham qaydasında şikayətlə müraciət edilməsinə nədən olub. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 19, 103 və 194.1 maddəsinin tələbinə əsasən, dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təminat barədə vəsatətə hakim Günel Əkbərli Vəkillər Kollegiyasına müraciət etməyi acıqlı -əsəbi şəkildə bildirəndə, barəsində şikayət verilən şəxsin və müdafiəçisinin məcburi gətirilməsi haqqında vəsatətə isə özünü vəkil kimi aparmaqla reaksiya veriləndə hakimə etiraz edildi və məhkəmənin dəftərxanasına verildi. Bundan sonra nə etiraza baxıldı, nə şikayətə. İl yarımlıq ali dövlət hakimiyyəti orqanlarına, Ombudsmana şikayətlərdən sonra, axırı, 12.04.2019 tarixli xüsusi ittiham qaydasında şikayətin icraata götürülməsindən imtina haqqında qərar 07.07.2020 -ci ildə elektron poçt ünvanına göndərildi. İcraatdan imtinanı “Qazilər” saytının həmin nömrəsini oxuyanların sayı haqqında arayışın təqdim edilməməsi ilə (?) “əsaslandıran” məhkəmə hakiminin özbaşınalığına baxın, 3 günə verilməli qərar 15 aydan sonra verilib! (?) Təbii ki, məhkəmənin öz suçu olduğundan xüsusi ittihamçının müddətin buraxılmasının üzrlü sayılması haqqında vəsatəti təmin edilərək apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına göndərildi.
Gözləmək olardı ki, yuxarı instansiya – Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası maddi hüquq normaları bir yana, heç olmasa, prosessual qanunvericiliyin pozulmasına hüquqi qiymət verər . Gerçəkdə elə apellyasiya instansiyasının başlıca görəvi aşağı instansiyaların qanunsuzluğunu , yanlışlıqlarını aradan qaldırmaq olsa da, sədri və məruzəçi hakimi İlqar Murquzov olan, Habil Məmmədov və Həsən Əhmədov üçlüyü də qeyri-prosessuallıqda Günel Əkbərlidən cəmi 5 ay geri qaldılar. Yasamal rayon məhkəməsi qərarını 15 aya vermişdisə, Bakı Apellyasiya Məhkəməsi 28.10.2020-ci il tarixli qərarını 23.08.2020-ci ildə , yəni 10 aya elektron ünvana göndərib (?) . Bu beş aylıq “tezləşmə”də Ombudsmana çoxillik müraciətlərin böyük önəmi olub. Bakı Apellyasiya Məhkəməsinin təşkilat şöbəsinin müdiri Asim Zülbalayev Ombudsmana cavab olaraq 8-B-07/2021 saylı 23.08.2021-ci il tarixli məktubla bildirib ki, 28.10.2020 -ci il tarixli qərar ümumi şöbə tərəfindən 17.06.2021-ci göndərilib, buna baxmayaraq, müraciət nəzərə alınaraq yenidən təşkilat şöbəsi tərəfindən göndərilir (?) . Bir daha vurğulamaq faydalı olar ki, CPM qərarın 3 günə verilməsini doğrulayır, 6-8 aydan sonra emailə göndərilməsini yox! Qərarın gah ümumi, gah təşkilat şöbəsi tərəfindən göndərilməsi isə, ümumiyyətlə, heç bir iclasın və qərarın olmamasını, köhnə tarixə saxta akt qəbul edilməsini ortaya qoyur. Bu saxtalıq elə qərardan da görünür : TƏRƏFLƏR İŞTİRAK ETMƏDƏN, ÇƏKİŞMƏ PRİNSİPİNƏ ƏMƏL EDİLMƏDƏN CİNAYƏT İŞLƏRİNİN MƏHKƏMƏ İCRAATI YOLVERİLMƏZDİR! Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin, CPM-in 2 -ci və digər maddələrinin tələblərinə görə, cinayət işlərinin qiyabi məhkəmə icraatına yol verilmir, məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir; cinayət – prosessual fəaliyyət daxilində insan və vətəndaş hüquq və azadlıqlarını ləğv edən və ya məhdudlaşdıran, hakimlərin müstəqilliyini və çəkişmə prinsipini pozan , sübutlara əvvəlcədən müəyyən hüquqi qüvvə verən normativ hüquqi aktlar tətbiq edilə bilməz . Bu ən yüksək və birbaşa qüvvəyə malik olan Konstitusiya , bu Cinayət Prosessual Məcəllə , bu da üç hakimin qərarı! Belə çıxır, hakimlər bir – biri ilə çəkişib ? Axı, qərarda göstərildiyi kimi nə ittiham, nə də müdafiə tərəfi iclasda iştirak etməyib! Bakı Apellyasiya Məhkəməsinin qərardan şikayət vermək müddətini konkret göstərmədən CPM-in 410 -cu maddəsi ilə müəyyən etməyi tərəfin üzərinə qoyması da qeyri-prosessuallıqdan qaynaqlanır. Hüquq təhsili olmayan şəxs CPM-i oxuyub müddəti müəyyən etməlidir? Ondansa, hakimlərin savadartırma kurslarına göndərilməsi daha məntiqli olmazmı?
Fikrimizcə, Məhkəmə Hüquq Şurasının bu barədə fikirləşməyinə dəyər.
Məğrur Bədəlsoy
Tarix: 25-08-2021, 22:56