“Bu cür reklamlarla qadınları aşağılamaq olmaz…” - Qulu Ağsəsdən etiraz…

“Bu cür reklamlarla qadınları aşağılamaq olmaz…” - Qulu Ağsəsdən etiraz…
“Çox təəssüf olsun ki, kütləvi informasiya vasitələri reklam bazarından çox böyük kasadlıq çəkirlər. Azərbaycan mətbuatı reklam sarıdan iflic vəziyyətdədir. Ona görə də kasıb, biçarə Azərbaycan mətbuatı reklamçı gələndə qorxusundan onunla Azərbaycan dili söhbəti eləmir”.
 
Bunu Moderator.az-a açıqlamasında “Ulduz” jurnalının baş redaktoru, şair Qulu Ağsəs reklamlar haqda danışarkən deyib. Onun sözlərinə görə reklamlar bəzən şirkətlərin özləri tərfindən anti-reklama çevrilir:
 
“Təxminən iyirmi il bundan qabaq Nizami metrosunun yanında bir reklama rast gəldim. Orda yazılmışdı ki, “Dove sabun deyil”. Mən də sanitariya qaydalarına riayət edən adamam. Bu reklamdan sonra düşündüm ki, bu sabun yox, şampondu. Dükana girib “Dove” şamponu soruşdum. Dedilər ki, bu şampon yox, sabundu. Dedim axı burda yazmısınız ““Dove” sabun deyil”. Sonra başladılar mənə bunu izah etməyə. İradımı bildirdim və dedim ki, reklamınızı elə qurun ki, anti-reklama çevrilməsin. Çox təəssüf olsun ki, kütləvi informasiya vasitələri reklam bazarından çox böyük kasadlıq çəkirlər. Azərbaycan mətbuatı reklam sarıdan iflic vəziyyətdədir. Ona görə də kasıb, biçarə Azərbaycan mətbuatı reklamçı gələndə qorxusundan onunla Azərbaycan dili söhbəti eləmir. Elə bir kəlməylə özünü sığortalayır ki, “Reklam mətninə görə redaksiya məsuliyyət daşımır” və dərhal da bunu yerləşdirir. Amma normalda Azərbaycan mətbuatında kifayət qədər reklam bazarı olmalıdır və Azərbaycan mətbuatının əli həm də mətnin yaxasına çatmalıdır. 
 
Başqa bir reklamdan danışaq. Televiziyaların birində qadın danışır ki, illərlə mənim uşağım olmurdu, sonra doktor filankəsin yanına getdim, qısa zamanda uşağım oldu və sizə də məsləhət görürəm. Bu nə deməkdir?! Mən bunu tənqid etmişəm və bildirmişəm ki, belə reklam olmaz. Burda müalicənin, tibbin gücü anlaşılır, yoxsa kişinin?! Bir sözlə, burdan arzuolunmaz bir qoxu gəlir. Təbii ki, o qadının, həkimin şəxsiyyəti müzakirə mövzusu deyil, burda pis təqdim olunan reklamın iyrənc təqdimatıdır. “Kişidən kişi qoxusu gələr” reklamına da baxmışam. Onun Azərbaycan variant olduqca uyğunsuzdu. O şəkildə ona baxmaq insan üçün utanc duyğusu doğurur və bir az da ikrah yaradır. Bizim anlaşılmaz, mətnləri məlum olmayan reklamlarımız çoxdu. Reklam mətninin redaktorları az qala reklamı yayan elektron və yazılı KİV-lər qədər qonarar alırlar. Yəni çox böyük məbləğdə reklam redaktorları pul alır. Amma bizdə reklam redaktoru deyilən adamlar buna bir əl gəzdirsin, Azərbaycan dilinə çevirsin, yayıldığı ölkənin arealına uyğun şəkildə uyğunlaşdırsın, belə bir şey yoxdur. Bunların çoxu maşın tərcüməsidir. Elə o şəkildə də bu mətbuata ötürülür. Reklamların əksəriyyəri birmənalı şəkildə zədəlidir, onların zədəsi özlərinə aid yox, həm də Azərbaycan ictimaiyyətinə və dilinə də təsir edir. Amma heç kim də bununla maraqlanmır. 
 
Azərbaycanın Respublika Günü münasibətilə bəzi şirkət reklamlarına rast gəlirəm. Bu günlə bağlı hansısa xarici şirkət təbrik edir və o təbrikdən heç nə başa düşmək olmur. Təbrik mətni və reklam son dərəcə kreativ olmalıdır və dilin ən şirin qatında hazırlanmalıdır ki, dərhal ictimailəşsin, populyarlaşsın. Əgər yadınızdadırsa, bir vaxt “Teksun keyfiyyətdə təkdir” sözü dillərə düşmüşdü. Yəni bəzən uğurlu nümunələr də var”.
 
Q.Ağsəs aidiyyatı qurumların bu məsələyə biganəliyindən gileylənib:
 
“Buna nəzarət olunmalıdır ki, reklam mətnləri Azərbaycan dilinə uyğun olsun. Kimsə buna narazılığını bildirəndə də epizodik olur. Əgər mən bunu sosial şəbəkədə tənqid edirəmsə və səhər bunu daha bir neçə yerdə görürəmsə, başa düşürəm ki, mənim bunu yazmağımın mənası yoxdur. Çünki iki il bundan qabaq Nəsiminin yubileyində təklif etdim ki, Nəsimi bazarının adından Nəsiminin adı götürülsün. Bu ictimailəşmədi və bəzi yazarlar dedilər ki, ölkənin bu qədər problemləri qalıb, bazarın vaxtıdı?! Təsəvvür edin ki, bunu yazıçı deyir. Bəziləri məni qınadılar ki, bazardakılar orda 5-10 manat çörək qazanır. Mənim fikrim bazarı yox, bazarın adını dəyişmək idi. Necə ki, Nadejda Krupskayanın adı vaxtilə doğum evinə verilmişdi ki, nə var, nə var Leninin arvadıdır. Amma heç kimin ağlına gəlməmişdi ki, bu adam ömründə uşaq doğmayıb.  Qısır qadının adına doğum evi ola bilər?! 1890-90-cı illərə qədər bunu yazmaq təhlükəli idi, insanı həbs edə bilərdilər. Amma sonra bunu yazdılar və o adı da dəyişdilər. Çünki o vaxt mətbuat öz sözünü deyəndə ona bir reaksiya da olurdu. İndi Nəsimi bazarının adının dəyişdirilməsini təklif edəndə aidiyyatı qurumların heç biri buna cavab verib demədi ki, bazarın adı niyə Nəsimidir. Heç jurnalistlər də bunun arxasına düşmədi”. 
 
Q.Ağsəs reklam bazarında da hərc-mərclik olduğunu bildirib:
 
“İndi də reklamla bağlı kimsə buna münasibət bildirir və elə məsələ burda da unudulur. Yəni o reklam verənlər heç bir təpki hiss etmirlər ki, özlərində bir məsuliyyət duysunlar.  Nə olar ki, 200-300 manat da Azərbaycan dilini bilən bir mütəxəssisə versinlər ki, o reklam mətnlərini redaktə etsin və bunu tirajlasınlar. Onlar buna ehtiyac görmürlər və fikirləşirlər ki, nə xəta etsək də Azərbaycan mətbuatı reklama acdı, heç onu bizdən soruşan olmayacaq. Kimə desək, bunu sevə-sevə verəcək. Amma əslində belə olmalı deyil. Reklam olmalıdır və onun dilinə də baxılmalıdır ki, bu dildə onu yaymaq olar, yoxsa yox. Bir neçə il bundan qabaq qabuyuyan reklam edirdilər və şüar da beləydi ki, “sən qadınsan, qabuyuyan deyilsən”. Bu özü əslində çox böyük xəta idi. Biz nənələrimizi, analarımızı gözümüzü açandan qabuyuyan görmüşük, onlar qadın deyil?! Yaxud indi Azərbaycanda otuz faiz kişi qabuyayan alıb və qadınları onunla qabları yuyur. Yetmiş faizinin evində isə qabyuyan yoxdu və belə çıxır ki, onlar qadın deyil?! Yəni bu nə münasibətdi, qabyuyan qadını aşağılamaq olarmı?! İndi toylara icazə verildi və bizim şadlıq saraylarında işləyən  ana-bacılarımız yüzdən çox adamın qabını yuyurlar və fasilədə televiziyada bu reklamı görəndə nə hiss keçirərlər?! O fikirləşər ki, mən qadın deyiləm də, qabyuyanam”.

Tarix: 2-07-2021, 17:08
Xəbəri paylaş



Xəbər lenti