"Hərdən Seyran babaya da qulaq assınlar"






"Allaha çox şükür ki, sözüm düz çıxdı"

Seyran Səxavət: "15 dığanı verdik, əvəzində minlərlə insanımızın həyatını sığortaladıq. Həyatlarını xilas etdik. Nə qədər insan düşə bilərdi o minalara"


Telefon zənginə həmişəki səmimi, özünəməxsus zarafatı ilə cavab verdi: “za rulyom...” Yarım saata zəng elə”.  
Qarşısındakı incitməyəcək, küsdürməycək tərzdə danışan yazıçı-dramaturq Seyran Səxavətdən başqası ola bilər?!.
Mənim kimi “başıqarışıq” jurnalist səhlənkarlığı ucbatından yarım saatı hesablaya bilmədi, o boyda kişi özü təkrar zəng elədi; yəni “nə oldu, demədim yarım saata zəng elə?!” 

Söhbətə körpü saldıq. Yox. Yol desəm, doğru olar. Füzulidən Şuşaya çəkilən yol kimi... Çəkinmədən soruşdum: 

- Seyran müəllim, hara gedirdiniz? 

- İşdən çıxmışdım. Evə gəlirdim, Mərdəkana... Yazıçılar Birliyinə getmişdim. Baxdım ki, otağımın açarını evdə unutmuşam. Başqa otaqlarda bir az var-gəl eləyib qayıtdım...

- Necəsiniz, kefiniz, əhvalınız?

- Yaxşıyam. Hamımız yaxşıyıq. Salamatıq. Dost-aşna hamısı salamatdı. 

- Mərdəkanda havalar necədi? 

- Əladı. Ümumiyyətlə, Mərdəkan əla yerdi. Maşını harda istəyirsən saxlayırsan, bir nəfər demir ki, burda saxlama, orda saxla. Adamları da adamla adam kimi danışırlar. Buralara min şükür. 10 ildi burdayam. Mərdəkanlı olmuşam daha.

- Seyran müəllim, siz Füzulidən əl çəkən deyilsiniz...

- Sözsüz. Əlbəttə. Tezliklə minalar təmizlənsin, gedəcəyik. O vaxt 6 sot torpaq götürmüşdüm, daş da tökdürmüşdüm, namərd düşmən aman vermədi. Daşları da yığıb aparıblar, yüz faiz. 

- Kəndinizdə 6 sot torpaq almışdınız? 

- Yox, şəhərdə - Füzulidə. 

- Niyə ki? Sizin kəndiniz vardı, həmişə danışırsınız – Yağlıvənd...

- Hə, elədi. Kənddə evimiz var. Anam şəhərli qızı idi, atamın başını “tovladı”, şəhərə köçməyə razı saldı. Füzuli çox gözəldi. O vaxt da gözəl idi, bundan sonra lap gözəl olacaq. Mənim 6 sot torpağım gölün düz qırağındadır. Kağızı əlimdədir, sənədli-sübutlu torpaqdı. Göl də, nə göl!.. Köndələn göl deyirlər adına. Dağlardan gələn Köndələn çay gölə tökülür. İstəyirsən balıq tut, istəyirsən “lodka”ya min gəz. Səfalı bir yerdi. 

- Qayıdanda o torpaqda ev tikəcəksiniz...

- Belə fikrim var. Görək də. 

- Bəs kənd? 

- Kəndə də gedəcəm. Kəndimiz də çox gözəldi. Bizim kənddən Şuşaya cəmi 40 kilometrdi.

- Seyran müəllim, təxmin edirəm ki, işğaldan azad olunmuş ərazilərdə başlanan tikintiləri, abadlıq işlərindən xəbəriniz var, izləyirsiniz efirdə...

- Bəli. Bunların hamısı ürəyimi açır. Əsas budu ki, Ermənistanın “qalib ordu” əfsanəsini xalqın birliyi, Ali Baş Komandanın qətiyyəti, əsgərlərimizin qəhrəmanlığı ilə darmadağın etdik. İllər əvvəl efirdə dediyim söz yerini aldı. 10-12 il əvvəl televiziyada bir verilişdə aparıcı çox “o yan bu yan elədi”, Qarabağ haqqında niyə yazılmır, filan... Dedim ki, bura bax, sən müəllim deyilsən, biz də uşaq döyülük, qarşına alıb danlayırsan. Qarabağ münaqişəsiylə bağlı “fuflo” bir qurum yaradıblar, ATƏT-in Minsk qrupu, BMT-nin ağzı qatıq kəsmir. Qarabağı əvvəlcə geri almalıyıq, sonra yazı haqqında fikirləşərik. İkincisi də, mən bütün dostlarıma Qarabağ haqqında yazmağı qadağan eləmişəm. Niyə? Çünki mənə kağız üzərində alınan Qarabağ lazım deyil. Yazıya qalsa, az da olsa fərasətim var, “qıra-qıra” gedərəm Qarabağa, ordan da keçərəm İrəvana. Mənə üzümü sürtə biləcəyim, diz çöküb torpağını öpə biləcəyim, gözümün yaşını torpağına tökə biləcəyim Qarabağ lazımdı. Sonra da dedim ki, Qarabağ haqqında ən gözəl yazını Ali Baş Komandan yazmalıdı. Allaha çox şükür ki, sözüm düz çıxdı. Ali Baş Komandan, Prezident İlham Əliyev son 200 ilin ən vacib əsərini “yazdı”. Elə bilirəm, Prezident Qarabağı mənim 75 illiyimə hədiyyə elədi. Bundan böyük hədiyyə ola bilməz. Mənə daha heç nə lazım deyil...   44 günlük müharibə günlərində insanların cəbhəyə gedən maşınlara çörək, ət, hər cür ərzaq yükləmək istədiklərini görürdüm. Əsgərimizin bunlara ehtiyacı yox idi e, amma camaat nəyi vardı, əlindən nə gəlirdi eləmək istəyirdi. Ona görə deyirəm ki, bizə Qarabağı həm də xalqın birliyi qaytardı. Bu Paşinyanın da rolu az olmadı haa!.. O ki sərxoş vəziyyətdə Şuşada yallı getdi e, elə bilirəm, bax, bizim Prezidentin səbrini daşıran o oldu. Heç nə səbəbsiz olmur. Ordumuz güclənmişdi, iqtisadi inkişaf vardı, güclənmişdik. Bunlar hamısı öz yerində, amma nəsə bir təkan olmalıdı həmişə. Bax, o Paşinyanın sərxoş vəziyyətdə rəqsi, səbr kasasını daşdırdı. Prezident deyirdi, çıxışlarında “nə oldu, Paşinyan? Rəqs eləyirdin, Şuşada parlament binası tikirdin?!”.  Müharibə davam edən günlərdə məni AzTV-yə çağırmışdılar. Sağımda bir deputat əyləşmişdi, solumda bir deputat, mən orda dedim ki, mənim Prezidentim “blatnoy oğlandı”. Bunu deputatlar deyə bilməz, amma Seyran Səxavət deyə bilər. Bilirəm, mənə çatdırıblar ki, Prezidentin xoşu gəlib bu sözdən. 

- Seyran müəllim, 15 erməni terrorçusunun qarşılığında minalanmış ərazilərin xəritəsinin alınmasına nə deyirsiniz? 

- Çox düzgün qərardı. 15 terrorçu bizim üçün təhlükə ola bilməz. Heç Ermənistan ordusu bizim qarşımızda dayana bilmədi. 15 terrorçu ruslar demiş, “poqodı ne delayet”. 15 dığanı verdik, əvəzində minlərlə insanımızın həyatını sığortaladıq. Həyatlarını xilas etdik. Nə qədər insan düşə bilərdi o minalara. Görün nə qədər insanımız həlak olub minalanmış ərazilərdə. Bir yerdə deyil, iki yerdə deyil. Hər addımda mina basdırıblar. Mən dövlətin bu addımını alqışlayıram. Bu bizim növbəti diplomatik uğurumuzdu. Siyasi qələbəmizdi. Onları kim məcbur elədi, yenə də prezident. İnşəllah, minalar təmizlənəcək, rahat gedəcəyik kəndimizə, obamıza.  Sizi də qonaq çağıracam, Ağdam yolunda özüm qarşılayacam...

- İnşallah, Seyran müəllim. Arzunuz yerinə yetəcək. Füzuliyə qayıdırsız, deməli, Bakı Seyran Səxavəti itirəcək? 

-  (Bir az duruxdu) ...Niyə itirir?! Bakı məni itirməyəndən sonra mən onu itirmərəm. Gələcəm, gedəcəm, Yazıçılar Birliyi var, dostlar var, işlərim var... Hərdən Mərdəkandakı dostlarımla danışırıq, deyirəm Füzuli belə gözəldi, havası belə təmizdi, tərifləyirəm. Deyirlər ki, (keçir Bakı ləhcəsinə - M.R.) “alə, nöş gəlmisən bes bura? Nə var begəm burda?”. Deyirəm, a kişi, burda televiziya var, Prezident Aparatı var, hökumət binaları var... 

- Seyran müəllim daha Qarabağda da “ağııllı şəhər”, “ağıllı kənd” olacaq. Hər yerdə internet şəbəkəsi, “Asan”ın ofisləri... Bakıya gəlməyə bəlkə heç ehtiyac da olmadı... 

- “Ağıllı şəhər”, “ağıllı kənd” deyiləndə yadıma İspaniyanın Malaqa əyaləti düşür. Mən orda olmuşam. Əyalət şəhərdi, amma elə bilirsən Parisin küçələrindəsən. Dünyada gedən proseslər var, biz inkişafdan geri qala bilmərik. Ermənistandan deportasiya edilən soydaşlarımızla Qarabağdan köçkün düşənlərimiz hamısı bir yerdə 1 milyon 200 min qaçqın-köçkünümüz vardı. Harda yaşayırdılar? Eləsi vardı, yataqxanada, eləsi vardı, hansısa başqa rayonda məskunlaşdı. Öyrəşmədilər o şəraitə? Öyrəşdilər. Alışdılar. Yeni, müasir qəsəbələrdə, kəndlərdə, şəhərlərdə də alışacaqlar. Bilirəm, bəziləri deyir kəndimizi necə qoyub gəlmişdim, elə istəyirəm. Amma biz istəsək də, balalarımız var. Onlar müasir kənd istəyirlər. O kəndlər 28 il əvvəl dağıdılıb, daşı-daş üstdə qalmayıb. Kəndlə şəhərin birləşməsi layihəsinə 50 il əvvəl sovetlər başladı. Sona çatdıra bilmədilər. İndi bizim dövlətimiz bunu edəcək. 

- Amma Seyran müəllim, qoyub gəldiyi kəndi necə vardı, elə görmək istəyənləri də yəqin başa düşmək olar...

- Mən onları çox gözəl başa düşürəm, çünki özüm də o hissləri keçirirəm. Elə bilirsiz, qələbə çaldıq, ərazilərimiz işğaldan azad olundu, rahatlandım? Mənim qırışığım hələ indi, yavaş-yavaş açılır. 28 il çox uzun zamandı. İnsanların hisslərini anlayıram. Bunda heç bir qəbahət də yoxdu. Əksinə, insana lazımlı hisslərdir. Bu, sədaqət, vəfa, torpağa, Vətənə bağlılıq deməkdi və biz bu ölməmiş bu hisslərin sayəsində düşmənə qələbə çaldıq.  Amma dünya dəyişir. Rəhmətlik Bəxtiyar Vahabzadə deyirdi, “axı dünya fırlanır”. Biz dəyişən dünyadan geri qalmamaq üçün sürətlə gedən qatara minməliyik. Dünya qatarında, lap ümumi vaqonda olsa da, özümüzə yer eləməliyik. Sonra çalışıb “SV”-yə keçərik. Hələ ümumi vaqona minək, sonrası lap yaxşı olacaq. Mənim dostlarım arasında da nostalji hisslərlə yaşayanlar var. Bir dostumun oğlu Amerikada təhsil alır. Deyirəm, oğlunu görmək istəyəndə skaypla bağlanırsan, görüntülü danışırsan, elə bil, yanında oturub, “ağıllı kənd” istəmirsən, onda get okeanın kənarında dayan, oğlun gəlsin ora, görüşün əyani... Torpağa bağlılıqdan üstün hiss yoxdur. Amma hərdən Seyran babaya da qulaq assınlar. 
Tarix: 16-06-2021, 09:18
Xəbəri paylaş



Xəbər lenti