Avropadakı gənclərin müstəqilliyi ilə bizimkilərin arasında böyük uçurumun səbəbləri
Amerikada yeni kurslar açılmağa başlayıb. Bu, milenium nəsli üçün “böyümə kursları” adlanır. Yenicə müstəqil həyata başlayanlara baza vərdişləri öyrədirlər: yeməyi necə hazırlamalı, ailə büdcəsini necə planlaşdırmalı, sağlamlığın qeydinə necə qalmalı...Azərbaycanda bu vəziyyət necədir? Gənclər ailələrindən kənarda yaşamağı niyə seçirlər? Hələ evlənməmiş gənclərin bu seçimlərinin səbəbləri nədir?
Bəzi ailələrdə valideynlər övladları ilə həddindən artıq çox maraqlandığından, hər addmını nəzarətdə saxladığından gənclər bunu təzyiq kimi qiymətləndirir və evdən qaçıb qurtulmağın yolu kimi ayrı yaşamağı istəyirlər.
Psixoloqlar gənclərin evdən uzaqlaşmasının 4 əsas səbəbi olaraq aşağıdakıları görür.Ana-ata arasında olan söz-söhbət və davalar da daima onlara pis təsir edir, bu səbəbdən də bütün problemlərdən yaxa qurtarmaq üçün evdən getmək istəyirlər.
Bəzi ailələrdə gənclərin çiyinlərinə daha çox yük qoyulur, çox şey tələb edilir və bu da gənc və yeniyetməyə ağır gəlir. Bu səbəbdən də ailəsindən uzaq olmaq ona qurtuluş yolu kimi görünür.
Öz gücünü sübut etmək və gələcəyini özü qurmaq istəyən gənclər bu arzunu reallaşdırmaq üçün evdən ayrılmağa qərar verirlər. Səbəbi isə gələcəyini quranda tək olduğunu və gələcəkdə əldə etdiyi hər şeyi öz gücünə qazandığını sübut etməkdir.
Evdən çıxanda, evə gələndə özündən böyüklərə - valideynlərə, böyük bacı-qardaşa, nənə-babaya “hesabat” vermək istəməyən, “öz əli, öz başı” olmaq istəyən gənclər ayrı evdə yaşamağı sözün həqiqi mənasında azadlıq kimi görürlər.
Böyümüş uşaqlarMilleniallar - yeniyetməliyi 2000-ci illərdə keçənlərdir. Araşdırmaçılar yaş sərhədini müxtəlif cür müəyyənləşdirirlər. Məsələn, Pew Research hesab edir ki, bu nəslə 1981-ci ildən 1996-cı ilə qədər doğulanlar daxildilər. Mediada millenialları demək olar ki, hər şeyə görə söyürlər: onlar ənənəvi industriyanı məhv edirlər, valideynləri ilə uzun illər birgə yaşayırlar, nikaha girməyə tələsmirlər və ən əsası, heç cür böyümək istəmirlər.
Xüsusi olaraq, bu cür “uşaqlar” üçün həyat 30 yaşından etibarən başlayır. Ona görə də bu cür uşaqlar üçün “böyümə kursları” təşkil olunub. Bu kurslarda iştirakçılara məişət vərdişləri (yemək bişirmə, paltar yuma və ütüləmə) öyrədilir. Bundan başqa, vaxtı və pulları düzgün bölmək, kommunal xərcləri, bank borclarını, kreditləri vaxtında ödəmək, eləcə də “qara gün” üçün pul yığmaq öyrədilir. Kursda öyrədilən ən maraqlı dərs isə qarşı cinslə münasibətləri düzgün formalaşdırmaqdan ibarətdir.
“Anamla yaşadığım üçün hər şeyi onun etməyinə öyrəşmişdim”Nyu-Yorkdan olan 29 yaşlı Yelena Tumaras böyük məmnuniyyətlə bu kurslara gedir. Amma deyir ki, burada öyrəndiklərini uşaq vaxtı mənimsəsəydi, daha çox məmnun olardı: “Mən heç özüm də bilmirəm ki, niyə hər şey belə alındı. Mən anamla yaşadığım üçün hər şeyi də anamın etməsinə öyrəşmişdim. İndi isə çətinliklə özümə ən adi yeməkləri bişirirəm”.
Bu kursların ən məşhurları 2017-ci ilin əvvəlində, Men ştatındakı Portlend şəhərində açılıb. “Böyümə məktəbi”ni üç qadın yaradıb: psixoterapevt Reyçel Vaynşteyn, stendap-komediya ustası Reyçel Flexinger və müəllimə Ketti Bryunel. Məktəbin yaradıcıları iddia edirlər ki, müştəriləri həddən artıq çox olduğu üçün onlar aylıq məbləği 20 dollar olan videokurslar da yaradıblar.
Qadınlar gənclərə maddi vəsaitlə davranmağı, sağlamlığın qeydinə qalmağı, karyera qurmağı, insanlarla və kollektivlə münasibət yaratmağı, əşyaları təmir etməyi öyrədirlər. Məsələn, videodərslərdən biri “Böyük oğlan kimi düyməni tikmək” adlanır.
Gənclər çox şeyi bacarmadıqları üçün stres keçirirlərReyçel Vaynşreyn gənc müştərilərinin elementar məişət işlərini görə bilmədiklərini müşahidə edəndə kurs açmağa qərar verib: “Onlar pullarını idarə edə bilmədiklərini, şkaflarını yığışdırmaqda əziyyət çəkdiklərini görüb bundan xəcalət çəkirdilər. Bu isə bir müddət sonra onlara ciddi stres olaraq geri qayıdırdı”, o, belə hesab edirdi. Məktəbin şüarı isə aşağıdakı kimi idi: “Valideynlərinə zəng etməkdənsə, bizə gəl”. Çünki gənc adamlar elementar məsələlərə görə valideynlərinə zəng edəndə özlərini narahat hiss edirdilər.
Vaynşteyn hesab edir ki, milleniallar həyatlarında praktiki olaraq seçim problemi və ənənəvi dəyərlər olmadığı üçün özlərini köməksiz hiss edirlər. Onlar ev almaq barədə narahat olmurlar, çünki kirayə tuturlar. Təkbaşına işləyə bilirlər və ürəkləri istəməyənə qədər evlənmək barədə düşünmürlər. Onların yeniyetməliyi və gəncliyi iqtisadi kriz və texnoloji zənginliklər dönəminə təsadüf edib. Yəni onlar gözləməyə adət etməyiblər: sevimli seriallarını istədikləri saatda Netflix-də izləyə bilirlər, malları eyni gündə Amazon saytı vasitəsilə sifariş edirlər. Hətta bir gecəlik münasibət üçün partnyoru da sayt vasitəsilə bir saata tapa bilirlər. Amma işdən zövq almaq, möhkəm dostluq münasibətlərini internetdən əldə etmək mümkün deyil. Bunun üçün aram-aram, amma əzmlə çalışmaq lazımdır.
Gənclər niyə valideynləri ilə yaşamağı seçir?2017-ci ildə 18-34 yaşlı amerikan gənclərin 35 faizi valideynləri ilə yaşamağı tərcih ediblər. Müqayisə üçün deyək ki, 2005-ci ildə bu göstərici 26 faiz idi. “İndi gənc insanlar dostlarından, hətta həyat yoldaşlarından daha çox valideynləri ilə yaşayırlar” - bunu demoqraf Conatan Vespa deyib. O, bu durumu belə izah edir ki, məhz bu səbəbdən milleniallar valideynləri üçün adi görünən işləri yerinə yetirə bilmirlər.
Hansı ölkədə gənclər ailəsi ilə yaşayır?İtaliyada 25-35 yaşlı övladların yarısından çoxu anaları ilə yaşayır. İtaliyada onlara “mammoni”, yəni “ana uşağı” deyirlər.
İngiltərədə bir qida şirkətinin apardığı araşdırma nəticəsində məlum oldu ki, 20-40 yaş arasında olan hər üç övladdan biri ailəsi ilə yaşayır. Eyni yaş qrupunda olan qadınların 5-də biri ailəsi ilə yaşayır. İngiltərə Milli Statistika İdarəsi bildirir ki, 2008-ci ildən bu yana İngiltərədə 1,8 milyon gənc oğlan və 1, 1 milyon gənc qız ailəsi ilə yaşayır.
Serbiyada aparılan araşdırma göstərib ki, 20-40 yaşlı serblərin böyük hissəsi iqtisadi problemlər və işsizlik səbəbi ilə valideynləri ilə yaşayır.
Portuqaliyada 18-30 yaş arası gənclərin 78%-i ailələri ilə yaşayır. İspaniyada bu nisbət 65, Fransa və Almaniyada 53, ABŞ-da isə 43%-dir.
Sosioloq Aydın Əliyev isə hesab edir ki, gənclərdə bəzi vərdişlərin olmamasına səbəb texnologiyanın kəskin inkişafıdır: “Onlar əllərində telefonla böyüyüblər. Ona görə də üzbəüz söhbət onlar üçün xeyli çətindir. Bədən dili, izləyici kontaktı da həmçinin”.
Onun fikrincə, tələbələrin böyük əksəriyyətindən zamanında yaxşı oxuyub, yaxşı kolleclərə qəbul olunmaq tələb edilib: “Əgər uşaqları daim imtahanlara yaxşı hazırlaşmaq, imtahanlarla yükləyiriksə, məlum məsələdir ki, ailələri ilə daha az vaxt keçirəcəklər. Heç valideynləri də onları dərslərindən yayındırmağa cəhd etməyəcəklər”.
Müsahibimiz deyir ki, ailə cəmiyyətin sosial mərkəzidir və o mərkəzin idarəsində ahəng önəmlidir: “Bu ahəngi ailədə yarada biliriksə, cəmiyyətimizdə də ahəng, uyğunluq və möhkəm təməl olur. Azərbaycanın ailə modeli, ailə institutu ölkənin ən böyük mənəvi dəyərlərindən biridir. Gərək bilək ki, ən böyük mənəvi dəyərimiz ailə institutudur və onu qorumalıyıq. İndi dünyada elə proseslər gedir ki, mənəvi problemlər arxa plana keçməkdə və maddi dəyərlər önə çıxmaqdadır. Bu bizim cəmiyyətdə də baş verir. Ən xoşagəlməz hal budur ki, maddi dəyərlərə üstünlük verdiyimiz halda, mənəvi dəyərlərimiz çox güclü təzyiqə məruz qalır, bundan da ailə və cəmiyyət zərər görür. Çalışmaq lazımdır ki, ailədə mənəvi dəyərləri ön sırada saxlayaq. Bu ailənin cəmiyyətdə sağlam yer qazanmasına kömək edəcək”.
Bir çox ölkələrdə əmək dərsləri yığışdırılıb, nəticədə...Əmək dərslərini bir çox ölkələrin məktəblərində yığışdırıblar. Milleniallar ev almırlar, evlənməyə, uşaq sahibi olmağa tələsmirlər. Hər nə qədər onları infantillikdə ittiham etsələr də, davranışları daha çox maddi səbəblərlə bağlıdır. Ev qiymətlərinin bahalılığı, eyni zamanda gəlirlə xərclər arasında fərqin azalması onları məntiqi şəkildə bu cür qərar verməyə vadar edir.
Alimlər həmçinin hesab edir ki, uşaqlarda baza təsərrüfat bilgilərinin yoxluğuna səbəb həm də uzun iş həftələri və ailənin bir arada keçirdiyi az vaxtdır. Belə ki, qadınlar, analar daha çox işdə olduqları üçün evdə keçirdikləri zamanda uşaqlarına sıxıcı ev işlərini öyrətmək istəmirlər. Bundan başqa, indi hər şeyi öyrənmək üçün YouTube kanalı var. Orada düymə tikməkdən, yemək bişirməyə qədər hər şeyin kursu keçilir. Gənclər baxaraq da bunları öyrənə bilərlər. Amma gerçək həyatla qarşılaşanda insanın əlinin altında hər zaman internet olmur.
Azərbaycanlı gənclər ailədən kənar yaşaya bilmir - çünki bağlar güclüdürHüquqşünaslar isə hesab edir ki, gənclərin ailədən kənarda yaşaması üçün ölkədə uyğun şərait yoxdur. Belə ki, əksər ailələrdə gənclərin evdən ayrılma prosesi baş verir. 18 yaşına çatan gənclər ailədən ayrılıb, öz ayaqları üstündə durur. Bu hal o zaman baş verir ki, valideynlər həmin gənci uşaqlıqdan bu prosesə hazırlayır. Bəzən ailə vəziyyəti yaxşı olmayan və ya valideynləri ayrılan, yarımçıq bir ailədə böyüyən gəncin tək yaşaması mümkün olmur.
Daha bir fakt isə ondan ibarətdir ki, ümumiyyətlə, Azərbaycan ailə strukturunda, faktiki olaraq, gənclərin ailədən ayrılıb tək yaşaması çox az hallarda baş verir. Çünki bizdə ailə bağları güclüdür. Valideynlər ailə ənənələrini davam etdirməyə daha çox üstünlük verir. Və gənclər ailəsi ilə paralel inkişaf edir. Təhsil alanda, işləyəndə ailəsi ona dəstək olur. Bundan başqa da gənclərin ailəsindən ayrı yaşaması üçün bizdə ümumi şərait də uyğun deyil. Avropa ölkələrində bu hallar üçün gənclərə uzunmüddətli kreditlər ayrılır və onlar işlə təmin olunur. Bizdə isə bu cür şəraitin olmaması gənclərin çoxunun valideynləri ilə birgə yaşamasına gətirib çıxarır.
Sevinc TELMANQIZI"Yeni Müsavat"
Tarix: 10-06-2021, 08:49