“Bu, onun boynuna ip keçirib, ayağının altından stulu çəkməyə bərabər ola bilər” Bəzi hallarda xəbər saytlarında, eləcə də sosial mediada qanunu pozan şəxslərin polis bölməsindən və elə polis işçisi tərəfindən çəkilərək mediaya ötürüldüyü deyilən görüntüləri yayılır. Bu cür şəxslər arasında sıravi vətəndaşlar kimi tanınmışlar da var.
Bəs qanunu pozduğu halda müvafiq məsuliyyətə cəlb olunan, cərimələnən şəxslərin polis bölməsindən görüntülərinin yayılmasında məqsəd nədir? Qanun buna icazə verirmi? AYNA suallara cavab axtarıb.
Sosioloq Sahib Altay hesab edir ki, bu, bir növ bizim toplumsal düşüncəmizlə bağlıdır: “Bu görüntüləri yaymaqla guya tənbeh etməyə çalışırlar. Sanki uşağı valideyn tənbeh edən kimi… Amma uşaqla fərd fərqli anlayışlardır. Həm hüquqi baxımdan, həm də ictimai əxlaq baxımından bu, doğru bir şey deyil. Bir insan səhv edib, qanun pozuntusuna yol veribsə, onun çəkilişini edib media üzərindən paylaşılması doğru deyil”.
Müsahibimizin fikrincə, bu yolla bir növ insanları tənbeh etmək istəsələr də, bu, yanlışdır və mümkün deyil: “Xüsusilə də fikir vermişəm, məşhur şəxslərin görüntüləri daha çox yayılır. Guya, bununla insalara gözdağı vermək, tənbeh etmək istəyirlər, amma tamamilə yanlışdır. Həmin videosu yayılan insanların şəxsiyyətinə qarşı hörmətsizlikdir. Bir ölkənin hüquq mühafizə orqanı bunu etməməlidir. İnsanları bu yolla tənbeh etmək mümkün deyil. İnsanları doğru şəkildə məlumatlandırmaq lazımdır. Xüsusilə də karantinlə bağlı bu hallara rast gəlirik. İnsanlar əvvəlcədən maarifləndirilsəydilər, ortada sosial tədqiqat işi olsa idi, bu nəticəyə gəlib çıxmazdı”.
“Ümumiyyətlə, insanları bu yolla tənbeh etmək mümkün deyil. Vətəndaş etdiyi əmələ görə cəzalandırılırsa, bu, niyə görüntülənməlidir? Karantindən bu yana neçə nəfəri qaydaları pozduğuna, toy etdiyinə görə cərimələyiblər, amma yenə də eyni şeylər davam edir. Buradan da görünür ki, həm vətəndaşlar tərəfindən, həm də hüquq mühafizə orqanları tərəfindən hüquqa doğru yanaşılmır. Xüsusi tənbeh üsulları ilə qaydaların pozulmasının qarşısını almaq mümkün deyil”, - deyə Altay bildirib.
Hüquqşünas Ələsgər Əhmədoğlu isə, ümumiyyətlə düşünür ki, hüquq pozuntusuna yol verən hər kəsin polis şöbəsinə aparılmasına ehtiyac yoxdur: “Əgər hadisə yerində həmin şəxsin kimliyi identifikasiya olunursa və yaxud da pozuntunu müəyyən edən texniki vasitədirsə, onun görüntüləri çərçivəsində inzibati protokol tərtib edilir, yəni inzibati qərar çıxarılır və həmin şəxsin cərimələnməsi həyata keçirilir. Daha sonra həmin şəxs qanunda müəyyən olunan müddət ərzində cəriməsini ödəyir. Bu, o aspektdən önəmlidir ki, polis hər inzibati hüquq pozuntusu törətmiş şəxsi polis bölməsinə apara bilməz”.
“İkincisi, deyək ki, şəxsin kimliyini müəyyən etmək mümükün olmayıb və polis şöbəsinə aparılaraq orada cərimələnib. O zaman da şəxsin cərimələnmə ilə bağlı istər görüntülərinin videolentə alınması, istərsə də yayılması İnzibati Prosessual Məcəllə baxımından yolverilməzdir və bununla bağlı şəxsin icazəsi yoxdursa, bu, həmin şəxsin şəxsi həyatına müdaxilə hesab olunmalıdır”, - deyə hüquqşünas fikrini davam etdirib.
Həmsöhbətimiz diqqətə çatdırıb ki, Konstitusiyanın 32-ci maddəsi şəxsi həyatın qorunması ilə bağlıdır və həmin maddədə şəxsi həyata qanunsuz müdaxilənin yolverilməz olduğu deyilir: “Konstitusiyada nəzərdə tutulub ki, şəxsin icazəsi olmadan onun foto, video görüntülərini çəkmək, yaymaq olmaz. Deməli, əgər bu hadisə baş veribsə, polis şöbəsində şəxsin öz razılığı olmadan onun görüntüləri çəkilib və daha sonra mediaya ötürülübsə, burada yayılma faktı baş verib. Bu zaman da şəxsə şəxsi həyatın müdaxiləsi ilə bağlı zərər dəymiş olur”.
Ekspertin sözlərinə görə, bu halda şəxs bunu hüquq müstəvisində mübahisələndirə, şikayət verə bilər və Cinayət Məcəlləsinin 156-cı maddəsi şəxsi həyata müdaxilə ilə bağlı cinayət məsuliyyəti yaradır: “Onu yayan polis də olsa, vəzifəli şəxs də olsa - fərqi yoxdur, cinayət məsuliyyəti daşıyacaqlar. Ayrıca şəxsə bununla bağlı maddi-mənəvi zərər dəyibsə, bu zaman Mülki Məcəllənin müvafiq olaraq 21, 23-cü maddələri çərçivəsində də məhkəmə qaydasında şəxsin şikayəti üzərindən dəyən zərər də maddi-mənəvi kompensasiya edilə bilər”.
Əhmədoğlu onu da qeyd edib ki, əgər görüntülər şəxsin özünün icazəsi olduğu halda yaylıbsa, o zaman hansısa hüquqi məsuliyyət yaranmır: “Fərqi yoxdur bu, inzibati pozuntu ilə bağlı olar, ya cəmiyyətə hörmətsizliklə - əgər şəxsin öz razılığı əsasında yayılırsa, hüquqi məsuliyyət yaratmır. Hər halda əgər şəxs inzibati pozuntuya yol veribsə, bunun cəzası inzibati qaydada cərimələnməkdirsə və ya inzibati digər məsuliyyət növləridirsə, bunlardan biri olmalıdır. Amma şəxsin şəxsiyyətini alçaldacaq şəkildə bütün cəmiyyət önündə və öz icazəsi olmadan hansısa mühitdə görüntülərinin qeydə alınması və yayılması hüquq pozuntusudur və burada konkret olaraq hüquq mühafizə orqanlarının əməkdaşları qanunla müəyyən olunan səlahiyyət çərçivələrini aşıblar deməkdir. Bu, həm də səlahiyyətdən sui-istifadə anlamına gələ bilir ki, burada şəxsi həyatdan əlavə həm də səlahiyyətlə bağlı hüquq pozuntusuna da yol vermiş olur ki, birdən çox maddənin istifadəsi mümkündür”.
“Bizim Yol” qəzetinin baş redaktoru Bahəddin Həzi söyləyib ki, belə paylaşımlara rast gəlməsə də, qaydanı pozanları çəkib göstərməkdənsə, nüfuzlu şəxsləri danışdırıb maarifləndirici çarxlar hazırlamaq, bu cür paylaşımlar etmək daha effektiv olar: “Ancaq belə bir şey varsa, buna ümumiləşdirilmiş münasibət bildirmək doğru olmaz. Əgər polis vətəndaşı üzr istəməyə məcbur edirsə, bu, bir qanun pozuntusudur. Məcbur edilmiş vətəndaşın üzrxahlıq videosunu çəkmək ikinci, özündən icazəsiz yaymaq üçüncü qanun pozuntusudur”.
“Ancaq vətəndaş qanunu pozduğunu özü başa düşüb, səmimi etiraf edib könüllü üzr istəyirsə və bunun da çəkilib yayılmasına heç bir basqı altında qalmadan şəxsən razılıq verirsə, o zaman mediada və sosial şəbəkələrdə yayılmasına irad bildirməyə yer qalmır. Əgər vətəndaşlar üzr istəməyə məcbur edilirsə, bundan qanunla müəyyən edilmiş qaydada şikayət verilə bilər. O başqa məsələ ki, bizdə vətəndaşlar polisdən qorxurlar, bir çox hallarda şikayət etməkdən də çəkinirlər. Düşünürəm ki, şəxsi nümunə kimi qaydanı pozanları kütləvi çəkib göstərmək deyil, tanınmış şəxsləri, nüfuzlu insanları danışdırıb maarifləndirici çarxlar çəkmək, sosial məsuliyyət paylaşımları etmək olar”, - deyə həmsöhbətimiz vurğulayıb.
Həziyevin fikrincə, cəmiyyəti maarifləndirmək üçün mütləq kiminsə qayda pozmasını gözləmək lazım deyil: “Vətəndaşların kütləvi şəkildə videogörüntüyə alınıb, nümunə üçün paylaşılması heç də yaxşı hal deyil - kimsə bunu adi polis proseduru kimi qəbul edib boş verə bilər, kimsə də rüsvay olduğunu düşünüb ictimai boşluğa düşə, psixoloji travma ala, hətta canına qıya bilər. Ona görə də bu məsələlərə həssas və fərdi yanaşma lazımdır”.
“Məsələn, hər gün ölkədə nə qədər dava-dalaş olur, polis işə qarışır, yaxud nə qədər yol hərəkət qaydaları pozulur. Bütün bu pozuntu edənləri üzr istətdirib videogörüntüsünü paylaşırlar?! Yox! Bilirsiniz, hər şeydə "qırmızı xətt" var. Bir gün xanımı və ya bir yeniyetmə oğlanı üzr istədib çəkərsən, bu, onun boynuna ip keçirib ayağının altından stulu çəkməyə də bərabər ola bilər. Belə şeylərdə ehtiyatlı olmaq lazımdır. O cümlədən, belə görüntüləri yayanda”, - deyə baş redaktor fikrini yekunlaşdırıb.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Kütləvi İnformasiya və İctimaiyyətlə Əlaqələr şöbəsinə mövzu ilə bağlı müvafiq suallarımızı ünvanlasaq da, günlərlə cavab ala bilmədik.
Tarix: 9-05-2021, 18:24