“Dünya böyük bir teatr səhnəsidir. Hər kəs öz rolunu oynayıb qurtarandan sonra bu səhnəni tərk edir” Uilyam Şekspir Bu dünya ki var, onun dərdləri təkbaşına çəkilməz. Xoş o kəslərin halına ki, dodaqlarından qopan bir kəlmədən, üzündə peyda olan ifadədən yanında onu başa düşən, könlündən keçənləri duyan insanlar var. Bəs olmayanlar nə etsin? Kimə, hansı qapıya üz tutsun? Məgər hər kəsin bu dünyada mütləq heç olmasa, bir həmdərdi olmalıdırmı? Nə bilmək olar, bəlkə hə, bəlkə də yox...
Sən ki burayacan gəlmisən, bəlkə də, elə o həmdərdinin qapısındasan? Danışmağa meydan verilib. Hər kəs özünü ifşa edəcək. Hamı danışmaq, özünü ifadə etmək, danışdıqları ilə sevilmək, qəbul olunmaq istəyir. Özümüzün elə özümüzü sevməyi də, qəbul etməyi də bizə az gəlir. Buna görə heç özümüzü qınamağa da dəyməz. Biz bu dünyada təkbaşına yaşamırıq. Əlbəttə ki, ünsiyyət, başqaları tərəfindən qəbul edilmək, sevilmək kimi ehtiyaclarımızın olduğunu daim hiss edəcək, onu hansısa bir formada təmin etməyə çalışacağıq.
Bu gün əlimizin altında olan smartfonlarımız imkan verir ki, dünyanın ta o biri ucunda olan insanlarla ünsiyyət quraq, həmfikirlərimizi, lap elə bəxtimiz yavər gətirsə, həmdərdimizi də tapaq. Bəs biz nə edirik? Bundan faydalana bilirikmi?
Dünən gecə xəbər yayıldı ki, şəhid Xudayar Yusifzadənin adını anaraq “zarafat” edən gənc bir qrup vətənpərvər tərəfindən döyülüb. “Video yüklənir...”
Videodan məlum oldu ki, üzləri görünməyən bir qrup “qoçaq” qaranlıq küçələrin birində çoxları tərəfindən qınanan tvitin ona məxsus olduğunu etiraf edən gənci təkliyib yaxşıca döyüb. Yadıma dəliqanlıların deyimi düşdü: “Birisini təkləyib döymək kişilikdən deyil”.
Görüntüləri izləyə-izləyə bilmədim, etdiyi zarafata görə bu gəncə hirslənim, yoxsa gücü zəifə çatan bu “qoçaq”ların vəhşiliyinə acıqlanım... Nəysə, mən hisslərimi ayırd etməyə çalışarkən bir də baxdım ki, yenə sosial mediada qırğın düşüb, ağız-deyəni qulaq eşitmir. Ya döyüləni daşlayırlar, ya da döyənləri, arada da sözləri çəp gələndə döyən də, döyülən də qalır kənarda, bir-birini hədəf alırlar.
Səhərisi gün döyülən gənc mətbuata açıqlamasında söylədi ki, həmin tvitdə işlənən fikri dost məclisində deyib. Dostlarından da biri bunu paylaşmaq istəyəndə bildirib ki, etməsin. Amma onu dinləməyən dostu tvit atıb. Nəticədə də qınaq yiyəsi olan dostunu ölümlə hədələyənlər də olub. Döyülən gənc deyib ki, dostunu ölümlə hədələdiklərinə görə sabah bir xəta olsa, vicdan əzabı çəkməməsi üçün status paylaşaraq həmin zarafatın ona aid olduğunu yazıb. Bundan sonra hədəfi özünə tərəf çevirmiş olub.
Və “Xudayar çoxdandır təzə mahnı buraxmır”, – deyə atılan bu tvit dolanıb durub söz sahibinin başında tikişli yaraya döndü.
“Söz sözü açar” Elə bu gəncin – Fuad Rəsulzadənin sözü düşmüşkən vaxtilə şəhid analarına söyüş işlədən, amma sosial mediada qınaqdan o tərəfə keçməyən, qaşın üstə gözün var deyilməyən Fuad Muradov da, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovu qəhrəman hesab etmədiyini dediyinə görə o vaxt şiddətlə qınanan, təzyiqlərə məruz qaldığını iddia edən Nərmin Şahmarzadə də yada salındı. Fuad Rəsulzadə ilə müqayisədə cəzası “yüngül” olmuş iki şəxsin vaxtında yetərincə cəzalandırılmamasının bu gün baş verənlərə yol açdığını düşünənlər də az deyil.
Elə bunun fonunda məhz döyənlərin tərəfində olduğunu, onları müdafiə edəcəyini deyənlər də var. Belə görünür ki, bu xəmir hələ çox su aparacaq. Təəsüf ki, həmişə olduğu kimi bu dəfə də nə bir ağsaqqal, nə bir ağbirçəyin ortaya çıxıb bu səs-küyü yatırmaq fikrində olduğu görünür. Elə hərə bir tərəfdən bir-birini qınayır, sosial mediadan söz atəşinə tutur. Bu əsnada kimlərsə də, “status, şərh tutuzdurmağa” çalışır.
Çoxlu “like” toplayanın mukafatı nədir? Dost məclisində dilə gətirilmiş, bəlkə də bir neçə nəfər tərəfindən gülüşlə qarşılanmış, “yaxşı” hesab olunan bu “zarafat”ın özü yaxşı qarşılanmasa da, səs-küyə səbəb olmağı bacardı. Deməli, əgər məqsəd özündən danışdırtmaqdırsa, bəyənmə toplamadan da mümkün olurmuş. Necə ki bunu dəfələrlə müşahidə etmişik. Yaxşı söz deyəndən çox, yaman deyən populyar olur.
Bu sosial media elə qurulub ki, yaxşı da desən, pis də desən, nədən çox danışırsansa, onu önə çıxarırsan. Ən pisi isə odur ki, alaq otlar sürətlə çoxalan kimi, sosial mediada danışdığını ölçüb-biçməyən, bəlkə də qəsdən, məqsədli şəkildə bu cür əməllərə imza atanların sayı günü-gündən artır. Dərmanı da tapılmır. Bizim isə əlimizdən bircə şey gəlir: Həmdərdimizlə baş-başa verib bu dərdlərin yükünü paylaşmaq. Yoxsa yaşadığımız dünya bizim ölkədirsə, dərdi çəkilən dərd deyil.
Tarix: 30-04-2021, 13:23