Təhsil naziri niyə direktoru yox, müavini işdən çıxartdı? - ŞOK SƏBƏBLƏR


Təhsil naziri niyə direktoru yox, müavini işdən çıxartdı? - ŞOK SƏBƏBLƏR
Varislik ənənəsi davam edir. Kadrlar dəyişir. Amma yanaşma və keyfiyyət dəyişmir. Ona görə də kadr dəyişikliyi hələ islahat deyil. İslahat şüurlarda aparılmalıdır, islahat təfəkkürləri dəyişdirməlidir. Yoxsa sonumuz yaxşı olmayacaq…

Bir neçə gün əvvəl sosial şəbəkələrdə məlumat yayıldı ki, Bakıda sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbində bir müəllim şagirdi əməlli-başlı döyüb. Özü də o uşağı ki, həyatda hər şeyini o cümlədən, sağlamlığını itirmiş və başqalrının hesabına ömür deyilən bir şeyi sürdürən çarəsiz bir məsumu. Hansı ki, bu cür insanlar cəhənnəm əzabını bu dünyada çəkirlər. Və onlar Ulu Tanrının hüzuruna mələk sifətində gedirlər. Belə məsumlara əl qaldırmaq üçünsə sadəcə insan olmamaq gərəkdir. Q.Qasımova kimi.

Üstəlik, belə insanları təkcə işdən çıxarmaq yox, ciddi ictimai qınağa, ifşaya tuş gətirmək gərəkdir. Həm də onu yox, belələrini işə götürən və himayə edən hər kəsi. Yalnız bu variant həm Allaha, həm də insanlara xoş gələr. Amma bizim cavan təhsil nazirimiz Emin Əmirullayev məsələyə ənənəvi üsullarla yanaşdı. Belə ki, təhsil nazirinin müvafiq əmri ilə internat məktəbinin direktor müavini işdən azad olundu.

Bax, məni ağrıdan bu cür qüsurlu yanaşmadır. Məktəbin direktoru bir kənarda qalır, müavin cəza alır. Niyə? Axı, hamı bilir ki, bütün strukturlarda müavinlərin “vəzifəsi” rəhbərin kölgəsi olmaq, onun arxasınca gəzməkdir. Heç bir müavinin zərrə qədər səlahiyyəti yoxdur. O qərar verən yox, sadəcə icraçıdır. Ona görə də hansısa sağlamlıq imkanı məhdud olan bir körpənin döyülməsinin cəzasını direktor müavininin boyuna biçmək ən böyük ədalətsizlikdir. Niyə direktor yox, müavin işdən çıxarılır?

Deməli, direktor kiminsə nəyidir. Çünki bizim cəmiyyətdə təsadüfi adamlara vəzifə verilmir. Vəzifəni isə ona görə vermirik ki, xalqa xidmət eləsin. Ona görə veririk ki, həmin adam özünə “gün ağlasın”. Və nə qədər ki, kadr məsələlərində yanaşmamız bu cür olacaq, onda vay bizim halımıza.

Emin Əmirullayevə cavan dedik, Avropa təfəkkürlü dedik. Amma ən adi bir məsələdə yanıldığımız ortaya çıxdı. Bəlli oldu ki, təzə nazirimiz məsələyə tipik Azərbaycan reallığından yanaşıb. Yəni əsas günahkarı deyil, günahkarın nişan verdiyi qurbanlığı cəzalandırıb. Direktora da “xala xətrin qalmasın”- deyə bir töhmət verilib. Şiddətlisindən yox haaa, adisindən. Yəni yüngül xəbərdarlıq.

Tanınmış yazıçımız Cəlal Bərgüşadın bir şakərliyi var idi. Hansısa fikrini gücləndirmək üçün belə bir üsuldan istifadə edirdi: “fransız alimi… ingilis filosofu deyib ki…” Bir dəfə rəhmətlikdən soruşdum ki, “Ay qağa (rəhmətlik hamıya “qağa” deyə müraciət edirdi) bu ingilis filosofunun adı yoxdu ki?..” Güldü. Qayıtdı ki, “Qağa, ingilis filosofu nə qələt eliyir. O sözlər mənim öz fikrimdir. Amma bilirsən də, bizdə əcnəbidə sitat gətirəndə hamıda diqqət kəsilir. Desəm ki, mən deyirəm, onda heç kim qulaq asmayacaq”.

Gözəl insanın ruhu şad olsun. Mən də onun kimi fikrimi gücləndirmək üçün Milli Məclisin sədr müavini Fəzail İbrahimlidən sitat gətirəcəm. Hörmətli professor Milli Məclisin son iclasında- Nazirlər Kabinetinin illik hesabatının müzakirəsi zamanı dedi ki, “Təhsil, mədəniyyət sahəsinə diqqət yetirək: Azərbaycan təhsili elə səviyyədə korrupsiyalaşdı ki, getdi düşdü reanimasiyaya. Bu gün də onun müalicəsi davam edir. Bugünkü nazirə çox böyük miras qalıb. Mədəniyyətin dilində və qulağında-eşitməsində problemlər yarandı”.

Bəli, bu gün Azərbaycan təhsili reanimasiyadadır. Müalicəsi isə mümkün deyil. Çünki immunitet yoxdur. Son 25 ildə Azərbaycanın təhsil sistemi eksperimentlər poliqonuna çevrilib. Dünyada ilk ağla gələn hər ideya Azərbaycan təhsilində sınaqdan keçirilib. Tək bir faktı deyim ki, son 25 ildə ölkəmizdə ən çox beynəlxalq qrant alan sahə təhsil sistemidir. Bu qrantlar isə elə-belə verilmir. Beynəlxalq donorların məqsədi-qayəsi o idi ki, Azərbycanın Sovetlər dönəmindən qalan güclü təhsil sistemini məhv etsin.

Çünki Sovetlər birliyinin son illərində Azərbaycan fizikləri, riyaziyatçıları, astronomları dünyanı heyran buraxmışdı. Hələ neft sənayesini demirəm. Azərbaycan dünyanın neft-qaz sahəsinin elmi beşiyi sayılırdı. Bütün dünyadakı neft emalçıları Azərbaycanın elmi nailiyyətlərindən əsaslı şəkildə bəhrələnirdi. Neft-Kimya İnstirurunun tələbələrinin 20-30 faizi hər zaman əcnəbilər olub. Bəs bu gün vəziyyət necədir?

Tək bir faktı deyəcəm. Azərbaycan ali məktəblərinin diplomları Biləcəridən o tərəfdə, hətta qardaş Türkiyədə belə tanınmır. Digər itkilərimizi isə saxlıyıram növbəti yazımıza.

Deməyim odur ki, bu gün Azərbaycan təhsili son nəfəsini verir. Korrupsiya təhsil sisteminin iliyinə qədər işləyib. Uşaq bağçası-körpələr evindən başlayıb Elmlər Akademiyasına qədər bütün sistem rüşvətin məngənəsində boğulur. Doğrudur, indi rüşvətın adı dəyişdirilib. Uşaq bağçasında ona “şirinlik”, orta məktəbdə “fonda dəstək” deyirlər. Ali məktəblərdə isə rüşvət leqallaşıb. Adı “təhsil haqqı” olub. İmtahandan kəsildin, əlavə ödəniş etməlisən, dərslərdən yayındın, əlavə pul yatırmalısan. Və ən başlıcası bu gün ali təhsil müəsissisələrinə qəbulun 80 faizi pullu sektor üzrə aparılır.

Eh, nə isə… Hansını deyim, hansını sadalayım. Problem bir olar, beş olar. Azərbaycan təhsili başdan-başa problemdir. Yeni təhsil nazirimiz Emin Əmrullayev isə bu problemlərin həllində çox çarəsiz və güzsüdür. Hətta o qədər gücsüzdür ki, sıradan bir məktəb direktorunu cəzalandırmağa belə gücü çatmır.
Surxay Atakişiyev
KONKRET.az
Tarix: 22-03-2021, 08:09
Xəbəri paylaş



Xəbər lenti