Qadınları dama çıxaran səbəblər


“Mən ki, damdan, bacadan baxmaz idim,
Su kimi hər tərəfə axmaz idim..."
(Sabir)
Az qala hər gün qız uşaqlarının, anaların intiharı, şiddətlə üzləşməsi xəbərləri eşidirik. Qadınlar burada sanki qarğış altındadır, külək əsəndə hardansa qopan, göydən düşən dəmir parçası da onları öldürür. Nəyəsə görə Azərbaycanda kişilər belə qərar qəbul ediblər ki, qadınların taleyi ilə bağlı hökm çıxarmaq onların səlahiyyətindədir. “Biz güclü cinsik, onlar zəifdir, deməli biz haqlıyıq”, “Qadın ailə ocağının başında oturmalıdır, bayırda dinozavr və mamont ovlayıb gətirmək kişilərin vəzifəsidir”, “Mentalitetimiz Tailandda, Niderlanddakı kimi əxlaqsız gender temalarına yol vermir” və sairə - mağaramızda gündəmi müəyyənləşdirən erkəklərin (bəzi dişilərin də) baxış bucağı budur.
2011-ci ildə İstanbulda ailə şiddətinə, qadınlara zorakılığa qarşı Avropa Konvensiyası qəbul olunub. Bunu ilk ratifikasiya edən dövlət Türkiyədir. Sonra Avropadan çoxlu ölkələr konvensiyanı imzalayıb. Qafqazdan Gürcüstan və Ermənistan də imza atıb. Yeganə olaraq orada bizim imzamız yoxdur. Əslində hökumətin, deputatxananın yerinə olsam buna da o biri konvensiyalara qoyduğumuz quşdan birini qoyardım, çıxıb gedərdi. Guya indiyəcən imzaladığımız hansı konvensiyaya əməl etmişik? Nəsə çox maraqlıdır ki, hökumət burada dirəniş göstərir. Nəyə görə? Axı orada heç bir pis söz yazılmayıbdır, hətta bəzi yekəbığ, qaraqışqırıq deputat qırıqlarının səs-küy saldığı kimi, biz o konvensiyanı imzalayanda ailə dəyərlərimiz əldən getməyəcək, kişilər dönüb arvad olmayacaqdır. Konvensiyanın linkini burda qoyuram, kim istəsə özü də girib oxusun (https://www.coe.int/ru/web/conventions/full-list/-/conventions/treaty/210 ttps://www.coe.int/ru/web/conventions/full-list/-/conventions/treaty/210). Qısa məzmunu budur ki, qadınlara qadın olduğu üçün şiddət, pis münasibət bəsləmək lazım deyil. Hansı mərifəti olan insan, o cümlədən, kişi xeylağı buna qarşı çıxar? Başqa vaxtı Türkiyəni canımız, mayakımız sayırıq, niyə bu işdə də ordan örnək almırıq? Yenə yazıram: bu sənədə imza atmaqla dərhal bütün problemlərin düzələcəyi iddiasında deyiləm. Ancaq imzalasaq nə olacaq? Niyə hüquq-mühafizə orqanları 8 mart günü bu sənədə imza atmaq tələbiylə küçəyə çıxan 5-10 qadından dəhşətli dərəcədə qorxur, onları tutub şöbəyə aparırlar? Həmin orqanlar balaca qız uşaqları damdan yaralı durna balaları kimi aşağı töküləndə harda olurlar? 
Bunun özü də başqa dərddir ki, bizdə müsbət addımlar həmişə zülmlə qəbul olunub, tarixən avam camaat tərəqqi quşlarını tutub yolmaq, onlardan çığırtma eləmək istəyibdir. Məsələn, yüz il qabaq qız uşaqlarını məktəbə buraxmaq bəzi dindarlar tərəfindən az qala “panelə yollamaq” kimi təbliğ edilirdi. 1901-ci ildə Bakıda bütün müsəlman dünyasının ilk qızlar məktəbini açmaq üçün Hacı Zeynalabdin Tağıyev nə qədər fənd işlətməyə məcbur olmuşdu. Müsəlman ölkələrinə nümayəndə göndərib qızların oxumasının dinə zidd olmadığı haqda şeyxlərdən, üləmalardan kağız almışdı, eyni zamanda Peterburqa, çar Nikolayın arvadına bahalı hədiyyə yollayıb ondan açılan məktəbə adını - Anna Fyodorovna - qoymağa icazə istəmişdi.
Ailə, qadın, uşaq komitəsi adlı karikatur bir idarə var, adətən kimlərəsə keçmiş siyasi xidmətlərinə görə vəzifə hədiyyəsi tipində iş yeri olur. Orada oturub laqqırtı vururlar, ən yaxşı halda nəvələrinə corab toxuyurlar. Problemlər isə azalmır, getdikcə kəskinləşir. Təbii ki, əgər adam parlamentin spiker müavini işləyəndə deputatlara danışmaq imkanı verməsi ilə deyil, onların ağzını yummağı ilə yadda qalıbsa, qadın və uşaqlara nə dərman eləyəcəkdir? Bu isə çox vacibdir: danışmaq imkanı. Bizdə bir çoxlarına, xüsusən kişilərə elə gəlir ki, qadın və uşaqların əvəzindən hər cür qərar qəbul eləmək haqları var. Onların cızığını biz çəkməliyik, necə deyərlər. (Əslində burada elə kişilərin də danışmaq imkanı sıfıra yaxındır, ancaq bu başqa temadır). Qadınların özünüifadə platformaları hardadır? Yoxdur belə məkanlar. Dərdlərini mətbəxdə qazanlara desinlər? Mənə internet haqda danışmayın, orada, xüsusilə “Yutub” videolarında şərh bölümündə rast gəldiyim tragikomik durumları xatırlatmayın. Görürsən hansısa kişi adlı, rəsmli profil sırf qadın probleminə, qadın kimi şərh yazır. Məlum olur ki, adam ərinin, qardaşının, oğlunun... profilindən internetə girməyə məcburdur. Bunlar, əlbəttə, problem dənizində damladır, ancaq dənizin dadını bilməyə bəs edir. Bizdə qadınların durumu böyük riyakarlıq pərdəsinə bürünüb. Az qala uşaqdan böyüyə hamı ikiüzlülük etməkdədir.
Arada ölən qız uşaqlarına timsah göz yaşı axıtmağı da unutmuruq. Prinsipcə, qız uşağını UZİ-də aşkara çıxarıb, bətndə ikən öldürdün, ya damdan özünü atdı - nə fərqi var?

Zamin HACI
Tarix: 11-03-2021, 08:35
Xəbəri paylaş



Xəbər lenti