Yeni Azərbaycan Partiyasının (YAP) üzvü, sabiq deputat Alqış Musayev (Həsənoğlu) qəzetinə geniş müsahibə verib. Müsahibədə hakim partiyanın ətrafında dolaşan söz-söhbətlər, sabiq və indiki məmurlarla bağlı gedən müzakirələr, həmçinin digər mövzularla bağlı suallarımızı cavablandırıb. - Alqış bəy, bu günlərdə YAP-ın “təmizlənmə qurultayı”na hazırlaşdığı barədə məlumat yayıldı. Partiya rəhbərliyi hələlik məsələ ilə bağlı rəsmi açıqlama verməyib. Siz də partiya üzvüsünüz, hər halda məlumatsız olmazsınız. Bu haqda nə deyə bilərsiniz?
- Yeni Azərbaycan Partiyası haqqında danışmaq üçün bəzi incəlikləri nəzərə almaq vacibdir.Birinci, bilmək lazımdır ki, YAP-ın yaradılması fikri Heydər Əliyevdən gəlməyib. Bu ideya Heydər Əliyevin ətrafında təşkilatlanmaq istəyən ictimai-siyasi fəalların istəyi kimi ortaya çıxıb və Heydər Əliyev də bu təşəbbüsü dəyərləndirib, Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verib. İkinci, xüsuilə qeyd etmək gərəkdir ki, Heydər Əliyevi hakimiyyətə YAP gətirməyib. 1993-cü ildə Heydər Əliyev xalqın istəyi, dəstəyi və tələbi ilə hakimiyyətə qayıdıb. Razılaşaq ki, tarixdə belə dönüşlər nadir hallarda baş tutur. Təbii ki, bu möhtəşəm qayıdış səbəbsiz deyildi. Xalq o siyasi lliderə ikinci dəfə etimad göstərir ki, həmin lider xalqın ümidlərini bir dəfə doğrulda bilib. Heydər Əliyev belə bir inamı Azərbaycan Kommunist Partiyasının 1-ci katibi olarkən qazanmışdı. Azərbaycan xalqı 1993-cü ildə YAP-ın və Naxçıvan Ali Məclisinin sədrini yox, məhz 70-ci illərdən tanıdığı, güvəndiyi Heydər Əliyevi hakimiyyətə gətirdi. Bu yerdə mən bir məsələyə də toxunmaq istəyirəm. Mən belə deyəndə bəzi partiya fəalları sanki inciyirlər, deyirlər bəs, bizim fəaliyyətimiz? Mənim dediklərim əsla heç kimin fəaliyyətinə kölgə salmır. Gerçəkdən, Heydər Əliyev Siyasi Bürodan kənarlaşdırılandan sonra ona təqiblərin başlandığı illərdə elə adamlar vardı, kimi qələmiylə, kimi iradəsiylə, təşkilatçlıq bacarığıyla bir partiyanın görə biləcəyi işin həcmindən artıq fəaliyyət göstərirdi. Mən onlarla belə ad çəkə bilərəm. Amma həqiqət budur ki, Heydər Əliyev hakimiyyətə partiya lideri kimi yox , Azərbaycan xalqının son ümid yeri və lideri kimi qayıtdı. Üçüncü bir məqamın altından xətt çəkmək zəruridir: Heydər Əliyev siyasi dühasının təcəssümü müstəqil, müasir Azərbaycan dövlətidir, Yeni Azərbaycan Partiyası deyil. Dördüncü, onu unutmayaq ki, Heydər Əliyev bır partiyanın, bir siyasi təşkilatın çərçivəsinə sığmayan fenomendir. YAP-ın yaranması, təşkilatlanması Heydər Əliyevin zəngin bioqrafiyasının yalnız cüzi bir hissəsidir. Məncə, YAP-ın tarixdəki yeri, bugünkü mövqeyı, gələcək fəaliyyətilə bağlı müzakirələrdə qeyd etdiyim məqamlar mütləq nəzərə alınmaldır. Qurultaya gəldikdə, bu, partiyanın nizamnamə tələblərindən və partiya rəhbərliyinin verəcəyi qərardan asılıdr.
- YAP-ın köhnə komanda ilə yollarını ayıracağı, “qocalar”ı yola salacağı, həmçinin korrupsiyada adı hallanan keçmiş məmurları uzaqlaşdıracağı barədə davamlı fikirlər var. Sizdəki siyahıda kimlərin adı var, sirr deyilsə?
- Kimlərinsə yola salınması, yolların ayrılması, qocaların gənclərlə əvəzlənməsi o qədər də sadə bir iş deyil. Ümumiyyətlə, islahat həm də risk, özü də kifayət qədər risk daşıyan bir prosesdir. Mənim qənaətim mübahisəli görünsə də, deyim ki, biz xaraktersiz cəmiyyətik, daha doğrusu, cəmiyyətimizin xarakteri hələ tam formalaşmayıb. Düzdür, bəzi əlamətlər var, amma bu əlamətlər kövrək cizgilərdən ibarətdir. Ona görə də bütün münasibətlərdə ehtiyatlı davranmaq tələb olunur. Nəzərə alaq ki, dövlətin, hakimiyyətin uzun illərdir formalşmış ənənəvi dayaqları var. Onların yenilərlə əvəzlənməsi fəsadlarsız ötüşmür. Bu yerdə bir əsas nöqtəyə diqqət yönəltmək istərdim. Təbii olaraq, bu gün idarəçiliyə yeni simalar, yeni adlar gətirilir və qeyd-şərtsiz gətirilməlidir. Və bəzən həmin yeni adları, yeni simalrı əksəriyyət tanımır. Bu, həm də o deməkdir ki, onlar da əksəriyyəti tanımırlar. Nəticədə idarə edənlərlə idarə olunanlar arasında bir uyumsuzluq, psixoloji diskomfort yaranır. Bu, islahtların qanunauyğun və obyektiv bir təzahürüdür. Amma bu, dövlətçiliklə bağlı bir məsələ olduğu üçün elə tənzimlənməlidir ki, diskomfort özgələşməyə, yadlaşmaya və nəhayət, təhlükə doğuracaq həddə çatmasın. Yəni belə risklər var. Zənnimcə, yenilənmə ərəfəsində nümunələr yaratmaq daha effektli olardı. Söhbət nədən gedir? YAP idarə heyətində, Siyasi Şurada təmsil olnunan, xidmətləri və xeyli yaşı olan partiya üzvləri var. Onlar özləri rəhbərliyə müraciət edə bilərlər ki, biz bacardığmızı etdik, indi yol gənclərindir. Bizim yerimizə yeni adamlar gəlməlidir. Mən düşünürəm ki, belə bir addım, təkcə YAP-ın daxilinə yox, ümumilikdə ölkənin ictimai-siyasi həyatına bir yenilik gətirə, fayda vermiş olardı. Yoxsa qəribə bir tendensiya müşahidə olunur. Hamı deyir ki, yenilik lazımdır. Eyni zamnda hamı düşünür ki, bu ona şamil edilməməlidir, ona toxunmaq olmaz. Belə olan təqdirdə bəs yenilənmə necə həyata keçirilsin?
- Partiyanın qurultayı keçirilərsə, nümayəndə kimi iştirak etmək, yaxud rəhbərlikdə təmsil olunmaq barədə fikriniz, planınız varmı? Yoxsa sizi də “köhnələr”in siyahısına aid edəcəklər düşüncəsi var?
- Sualınızdakı “köhnələr” sözü mənə bir əhvalatı xatırlatdı. 1989-cu il idi. Onda BDU-nun filologiya fakültəsinin 1-ci kursunda təhsil alırdım. Yəqin bilirsiniz, o vaxt hər yer olduğu kimi, bizim təhsil ocağı da siyasiləşmişdi. Auditoriyalarda, dəhlizlərdə ancaq ictimai-siyasi proseslər müzakirə edilirdi. Diskussiyaların birində rəhmətlik, böyük türkoloq alimimiz Tofiq Hacıyev “Sən nə fikirləşirsən, dostumun oğlu - o, mənə belə deyirdi, cünki atamla tələbə yoldaşıydı - bu işlərin axırı necə olacaq? Mən də dedim ki, axırda Heydər Əliyev gəlməlidir və gələcək. Onda o, təəccüblə üzümə baxıb qayıtdı ki, ”bu, necə ola bilər, sən lap köhnə kişilər kimi düşünürsən". Sonralar hər dəfə rastlaşanda Tofiq müəllim o vaxt dediklərimi yadından çıxarmadığını söyləyirdi. Dediyim budur ki, köhnəlik yaşdan asılı deyil və hərdən köhnə kişilər kimi düşünmək heç də pis göstərici deyil. Mən 1993-cü ildən YAP-ın üzvüyım. Baxmayaraq ki, üzvlük vəsiqəmə partiyaya daxil olma tarixi kimi 1999-cu il yazlıb. Təəssüf ki, mənə qarşı belə “həssas” münasibət yeganə fakt deyil. 1999-cu ildə partiyanın qurultayında məni Siyasi Şuraya salmamışdılar. Onda ulu öndərimiz demişdi ki, “Yeni Azərbaycan” qəzetinin redaktoru mütləq partiyanın Siyasi Şurasında təmsil olunmalıdır. 2012-ci ildə isə hətta mənim qurultayda iştirakıma şərait yaratmadan Siyasi Şuradan çıxardılar. Amma bütün bunlar arxada qalıb. Gələcəklə bağlı isə indidən heç nə demək istəmirəm.
- Alqış bəy, sizcə, niyə hakim komandanın üzvü olan şəxslərin adı hətta milyardları talayanların sırasında çəkilir, konkret ittihamlar var. Məsələn, “Qaçqınkom” Əli Həsənovun simasında. Komandada təmsil olun, prezident tərəfindən böyük etimad göstərilsin və sonda məlum olsun ki, dövlətin sərvətlərini talayanların cərgəsindəsən. Bu cəsarəti hardan tapır məmurlar?
- Rüşvətxorluq, korrupsiya faktları ola bilər, amma bütün bunları YAP-ın adıyla, indiki hakimiyyətlə bağlamaq ədalətsizlikdir. Məmur-vətəndaş münasibətləri, məmur davranışları onları həbs etməklə, oğurladıqlarını büdcəyə qaytarmaqla birdəfəlik həll ediləcək qədər bəsit bir mövzu deyil. “Məmur” sözü ərəb mənşəlidir. Məmur sözünün özü də, məmur tipləri də bizə kənardan gəlmədir. Atalar sözümüz var, “evdə bişməyib, qonşudan gəlməyib”. Uzun müddət bir çox məsələlər bizə qonşudan “bişmiş” vəziyyətdə idxal olunub. Son iki yüz ildə idarəçilik şimal qonşumuz tərəfindən ya birbaşa yönləndirilib, ya da bir qədər fərqli formada tətbiq olunub. Bu yaxınlarda belə bir fakt oxudum. Deməli, ötən əsrin 50-ci illərində Azərbaycanın birinci katibi olmuş İmam Mustafayev Mərkəzi Komitənin aparatına iki vahid Azərbaycan dilli makinaçı ştatı almaq üçün Moskvaya bir neçə dəfə müraciət edib, bir neçə dəfə rəsmi məktub yazıb. Və xeyli müddətdən sonra istədiyini əldə edə bilib. Belə mərhələlər olub. Bizim milli məmur yetişdirən institutlarımız, müəssisələrimiz olmayıb. İlk belə milli müəssisə Azərbaycan prezidentinin layihəsi olan ASAN Xidmət modelidir. Mən əminəm ki, gələcəkdə “ASAN” dəzgahından çıxan məmurlar rüşvətxorluğun, korrupsiyanın qarşısını almaqda həlledici rol oynayacaqlar.
- Alqış bəy, AMEA-da və akademik Ramiz Mehdiyevin ətrafında nə baş verir? Az qala hər həftə akademiya prezidentinin haqqında, yaxud onun qərarları ilə bağlı yeni xəbər yayılır. Sizcə, bunun “sirri” nədir? Nə isə baş verir, yoxsa məqsədli şəkildə şişitmələr var?
- Ramiz Mehdiyevin hər hərəkətinə, hər addımına cəmiyyətin belə, özü də aqressiv, ikrah hissi ilə reaksiya verməsi təsadüfi deyil. O adamdan cəmiyyətimiz, dövlətimiz həmişə pislik, xəyanət görüb. 37-ci il repressiyaları necə həyata keçirilib? O zaman insanlar “kim günahkardır” prinsipi ilə cəzalandırılmırdı. Əsas prinsip o idi ki, kimlərdən komminist rejiminə, sistemə, yerli bolşevik liderlərinə təhlükə gələ bilər? Bu prinsipə tuş gələn bütün və hər cür potensial sahibləri məhv edilirdi, aradan götürülürdü. Ramiz Mehdiyev isə 37-ci il repressiyasını başqa formada tətbiq edib, o, dövlət, sistem təəssübkeşliyini kənara qoyub, onun özünə qarşı kimlərdən təhlükə yarana bilər onları özünün düşməni hesab edib. Onun qara niyyətlərinə hansı mənbələrdən işıq düşüb, o yerləri qapadıb. Nəticədə Azərbaycanın mənəvi, əxlaqı, ideoloji mühiti erməni işğalından azad edilmiş ərazilərimizdəki xarabalıqların gününə düşüb. Buna görə də o, müsbət iş görmək istəsə belə, alınmayacaq. Çünki hakim ictimai rəy bu qənaətdədir ki, Mehdiyev ancaq pisliklər etməyin mahir bilicisidir.
- Parlament iclasında komitə sədri Zahid Oruc “Mən Göyçəyə getmək istəyirəm”, deyərək müraciət etdi. Bildirdi ki, tarixi torpaqlardan olanların bir çoxu eyni istəkdədir. Siz necə, Ermənistana, yaxud Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin rəhbəri Rüstəm Muradova müraciətlə “Mən Mehriyə, Nüvədiyə getmək istəyirəm” demək istəyirdinizmi? Yoxsa Mehriyə köç gününə az qaldığını düşünürsünüz?
- Erməni işğalı bəlli bir ardıçıllıqla reallaşdırılıb. Əvvəl müəyyən bir ərazimizə göz dikiblər. Növbəti mərhələdə o ərazinin ətrafında tarixi saxtalaşdrma tədbirləri həyata keçiriblər. Sonra işğal ediblər. Növbəti mərhələdə, işğal faktını legitimləşdirmək və əbədiləşdirmək üçün xalqımız tarxi yaddaşını bloklamağa calışıblar ki, biz hər şeyi unudaq. Çünki tarixi yaddaş diri deyilsə, kimsə tarixi ərazilərə qayıdış haqqında düşünməz. Ermənilər eyni təxribatı başqa bir formada indi də davam etdirirlər. Bütün ideoloji informasiya vasitələrində istifadə edərək qələbənin bizdə yartdlğı fövqəladə müsbət enerjini başqa səmtlərə xərclətmək istəyirlər. Biz təxribata uymadan tarixi yaddaçımızın reablitasiyası istiqamətindəki işlərimizi genişləndirməliyik. Bu baxımdan Aşıq Ələsgərin 200 illik yubileyi ilə bağlı verlən sərəncam müstəsna məna kəsb edir. Bizim xalqın başına gəlməyən müsibət qalmayıb desəm, yəqin ki, səhv etmərəm. Arazla ikiyə bölünmüşük, zaman-zaman işğala, soyqırımına, deportasiyaya məruz qalmışıq. Biz demək olar ki, bu gün vətənin özündə yox, vətənin yanında yaşayırıq. Dörd yanımız ilhaq edilmiş tarixi torpaqlarımızdır. Vətənimizin bir hissəsindən digər hissəsinə - Naxçıvana başqa bir ölkənin ərazisindən gedib-gəlməyə məhkum edilmişik. Hidayət Orucovun bir şeirində belə misra var: “Zəngəzurda doğuldum, İrəvanda yaşadım, Bakıda öləcəyəm”. Sadəcə, dəhşətdir. Bir etnosun yurd həsrəti, vətən nisgili çox dəqiqliklə ifadə olunub. Niyə göyçəlinin, Dədə Ələsgərin məzarını, meğrilinin Buğukar pirini, nüvədilinin Baba Hacıl türbəsini ziyarət etmək haqqı tanınmasın? Yeri gəldikcə, bu istəklərlə bağlı suallar Rüstəm Muradovdan daha böyük səlahiyyət sahiblərinə verilməli, daha uca tribunalardan səslənməlidir.
“Yeni Müsavat”
Tarix: 27-02-2021, 09:09