Qızlar ağlamaz” kitabından parça İnsanları danışarkən hər dəfə, "istisnalar var” deməyə məcbur etməyin. Problem danışılırsa, istisnalara aid deyil. Relaks olun. Bəyənmədiyimiz fikrə "razı deyiləm” deməyi öyrənək. Hücuma keçməyək. Biz insanların fikrinə hücum çəkdikcə, cəmiyyətdə fikir bildirən adamların sayı azalır. Adamlar qorxub geri çəkilirlər. Susqunlaşırlar. Böyük ingilis aydın Con Stüart Mill fikir – ifadə azadlığı haqda gözəl bir cümlə işlədib: İfadə azadlığı şiddətli kritikaya uğrayanda həqiqət ortaya çıxmır.
Nə olur olsun adamların fikir bildirməsinin tərəfindəyəm. Qoy danışsınlar. Azərbaycanlılara mikrofon uzadanda özlərini itirirlər. Küçə sorğularına baxın, adicə bir suala insanların reaksiyasını görürsüzmü? Dartınır, gülür, gücənirlər. Ora-bura baxınırlar. Qaçırlar, əllərini ağızlarına tutub dodaqaltı pıqqıldayırlar. Nəyin əlamətidi? Yetərsizliyin, kallığın, natamamlığın. Yekə-yekə nazirləri görürsüzmü, necə miskin çıxışlar edirlər? Adamlar danışa bilmir. Biz dili parçalamışıq. Loru dil, rəsmi dil, bədii dil. Belə bir şey yoxdu. Boş verin. Sadə danışın. Adi danışın. Gərilməyin. Fikirlərinizi aydın çatdırın. Söz axtarmayın. Özünüzlə necə danışırsızsa, başqalarıyla da elə danışın. Azərbaycanda rəsmi dili sadələşdirməyə gərək var. Çətin, anlaşılmazdı. Azərbaycan Konstitusiyasını oxuyub başa düşmək olmur, cinayət məcəlləsində bilmirsən nə yazılıb. Dilin imkanlarına görə sadə yazılmalıdı hər şey. İnsanlar anlamalıdı oxuduqlarını. Loru dili nədi? İranda yaşamış etnik qrup olan lorların danışıq dilini ələ salmaq üçün işlənib. Bizsə öz sadə türkcəmizdəki danışığa loru dili deyirik.
Qadını qadın edən həm də onun danışığıdı. Gözəl, aydın nitq özgüvənin ilkin əlamətidi. Mmmldamayın, eeell- dəməyin. Gücənməyin. Sadə danışın. Sözləri aydın və əmin deyin.
Məktəblə bağlı məsələlərini qızımın özünün həll etməsinə çalışıram. Əlbəttə, nəzarətdə. Müəlliməsi ilə özünün danışmasını istəyirəm. Ondan xəbərsiz özüm də danışıram. Kontrolda saxlayıram. Sərbəst, müstəqil qız olması üçün şərait yaradıram. Həm də gözüm üstündədi. Müəlliməsindən çəkinir. Bunu aşması üçün üsullar düşünürəm. Sözsüz ki, məcburi olmaz. Zorla uşağı sərbəst etmək alınmır. Aram-aram, güvən yaradaraq bacara bilərik bunu. Hər halda cəhd edirəm. Bu gün müəlliməsi ilə danışa bilmirsə, sabah daha ciddi məsələləri danışa bilməyəcək insanlarla. Qarşıda təhsil illəri, karyera yolu, özəl həyat, dost-tanış mühiti var. Önəmlisi, uşaqlarımıza danışa bilməyi öyrətməyimizdi. Özünü ifadə etməyi bacarsın.
Yaponlar utancaqlığı pis tərbiyənin nəticəsi sayırlar. Bizə isə əksinə, utancaqlığın yaxşı şey olduğunu aşılayıblar. "Elə abırlı, utancaq qızdı, elə başıaşağı qızdı”. Utancaqlıq niyə pis tərbiyənin göstəricisidi? Çünki yaxşı tərbiyə başıaşağılığı yox, dik durmağı öyrətməkdi. Danışarkən insanların gözünün içinə aydın baxmağı, hüquqları üçün çalışmağı, özünü tanımağı tanıtmağı, özgür olmağı öyrətməkdi. Yaxşı tərbiyə başıaşağılıq deyil. Başıaşağılıq mütilikdi, özünü tapmamaqdı, özün ola bilməməkdi, çəkingənlik, gözüqıpıqlıqdı, seçimsizlikdi, azadlığın olmamasıdı. Köləlikdi. Azad insan başını aşağı salmır.
Aysel Əlizadə Yazıç
Tarix: 20-01-2021, 08:24