Modern.az saytında
“Bizim əsgər” rubrikası davam edir. Budəfəki qonağımız hazırda Şuşada vətənə xidmət göstərən əsgərimizin anası Vəfa Sultanzadədir. O bizə yeganə övladı
Orxan Qurbanov haqqında danışıbh. Gəlin əgəri anasının dilindən tanıyaq.
-
Vəfa xanım, bizə oğlunuz haqqında məlumat verin. Necə oldu ki, döyüşlərə qatıldı?- Oğlum Qurbanov Orxan Elnur oğlu 2001-ci ilin 25 noyabrında Bakı şəhərində anadan olub. Orta məktəbi bitirəndən sonra həqiqi hərbi xidmətə çağırıldı. Vətən muharibəsi başlayanda 9 ayın əsgəri idi. Hazırda 11-ci aydır vətənə xidmət edir, minaatan bölüyündə xidmət edir. Səhhətində yaranan problemlərə baxmayaraq, 44 gün bütün döyüşlərdə iştirak etdi.
- Qanlı döyüşlərin getdiyi vaxtlarda cəbhədə olan əsgərin anası kimi hansı hissləri keçiridiniz? Özünüzü cəbhədən gələ biləcək hər hansı bir acı xəbərə də hazırlamışdınızmı?
- Döyüşlərin ilk günlərində bütün valideynlər kimi, xəbərsizlikdən əziyyət çəkirdim. Bütün hisslərim qarışmışdı bir-birinə. Qələbə xəbərləri gəlir, ürəyim dağa dönürdü.
Özümü hər cür xəbərə alışdırmışdım. Hospitallara tək-tək zəng edib məlumat alırdım. Özümü güclə tox tutub, hər bir xəbərə hazır etdim. Orxan mənim yeganə övladımdır. Çox şükür ki, döyüşlər başlayandan bir neçə gün sonra, zəng edib bir kəlmə danışdı, dedi:" Ana salamatam, narahat olma".
- Vətən müharibəsinin başladığı andan bu günə kimi cəbhədəki əsgərlərimiz üçün yardımlar toplayır, onlara dəstək olursunuz. Bu barədə öyrənmək istərdik.- Kaş imkanım olaydı, bütün əsgərlərimizə kömək edərdim. Yardımlarım Aprel döyüşlərindən başladı. Aprel döyüşlərində komandam və mən bu istiqamətdə fəal idik. Ancaq o döyüşlər tez bitdi ...
Bu il yaşadığımız Vətən müharibəsinin ilk günlərində teleaparıcı Aysel Nazimqızı ilə boş dayanmamağa, əlimizdən gələn qədər əsgərlərimizə yardımlar aparmağa qərar verdik. Dostlarımız kömək etdi, Facebook-da elanımızı görənlər hərəkətə keçdi. Müharibənin bitdiyini də gördük və yenə də yardımları dayandırmadıq, ikimiz də altı dəfə cəbhə bölgəsinə getdik. Dövlət əsgərlər üçün hər cür şərait yaradıb, təşəkkür edirəm. Lakin biz öz vətəndaşlıq borcumuzu yerinə yetirdik. Arxadan gələn dəstəyi görəndə əsgərlərimiz daha da ürəklənirdilər. Əsgər təkcə dövlətin deyil, bu dövləti quran bütöv və bölünməz bir xalqın əsgəridir. Bu günə kimi cəbhəyə apardığım yardımlar əsgərlərimizin halalı olsun.
Bu gün silahlar səssizdir, amma əsgərlər postlarındadırlar. Buna görə bacardığımızı etməyə davam edəcəyik.
- Sizin yardım kampaniyanıza qoşulanlar çox idimi?
- Həddindən artıq çox insan qoşulur. Tək-tək adlarını çəkə bilmərəm, amma dəyərindən və nə göndərməsindən asılı olmayaraq ürəklə, mərhəmətlə bu kampaniyalara qoşulan şəxslərin hamısına təşəkkür edirəm. Hətta bəziləri rica edirlər ki, adlarını çəkməyim.
Cəbhə bölgəsində ehtiyaclar bölgələr üzrə dəyişir. Elə yer var isti geyimə ehtiyac olur, elə yer var ərzaq və s. Məlumat aldıqca, komanda şəklində çalışanlarla kontakta keçirik, hərə öz gücü daxilində özünü əsgərlərə yetirir.
- Oğlunuz hansı döyüş bölgələrində iştirak edib və indi xidmətini harda davam etdirir?- Oğlum Füzuli, Cəbrayıl, Hadrut və Şuşa uğrunda gedən döyüşlərdə iştirak edib. Hazırda Şuşadadır.
- Torpaqlarımızın azadlığı uğrunda öz həyatlarını qurban verən şəhidlərimiz də oldu. Yaxınlarınızdan və ətrafınızda olan insanlardan şəhid xəbərləri alanları görəndə nələr düşünürdünüz?- Şəhidlər mənim hər zaman yaralı yerim olub. Dünyanın salamat vaxtı belə, şəhid ailələrini ziyarət edirdim. Şəhid xəbəri gələndə gözümün yaşı sel olurdu.
Vətən müharibəsinin ilk günlərindən şəhidlərimizin fotosu qarşıma çıxdıqda anaları düşünürdüm. Əsgər anası olduğum üçün ilk olaraq özümü düşünürdüm. Sonra o fikirləri qovurdum başımdan. Deyirdim, yox, mən elə güclü deyiləm. Olmayacam da. Müharibənin sonuna qədər demişdim şəhid evinə getməyəcəm. Çünkü bilirdim ki o çətin hisslərdən ayılıb güc toplaya bilməyəcəm.
Təəssüf ki, Agdərə uğrunda gedən döyüşlərdə ən yaxın rəfiqəmin oğlu Xalid Həsənin şəhid olması xəbəri məni verdiyim sözdən dönməyə məcbur etdi.
Ermənistanın hərbi kapitulyasiya aktını imzalamasına daha şəhid xəbəri gəlməsin deyə, sevindim. Biz güclü dövlətin güclü vətəndaşlarıyıq. Allah bütün şəhidlərimizə rəhmət etsin.
- Oğlunuz cəbhədəki döyüşlərdə iştirak etdiyi günlərdən sonra onda hər hansı bir dəyişiklikləri hiss etmisiniz?- Ümumiyyətlə, hərbi xidmət Orxanı çox dəyişdirdi. Mən onu ana quzusu kimi əzizləyə-əzizləyə böyütmüşəm. İndi danışırıq, səsi, danışıq tərzi çox dəyişilib, sanki 40 yaşlı kişi ilə danışıram. Düşünürəm ki, Vətən mübarizəsi oğlum üçün əsl kişilik məktəbi oldu. Dəyişikliyin tamamını tərxis olunduqdan sonra hiss edəcəm inşallah.
- Hazırda Şuşada xidmət edən bir əsgərimizin anası kimi ən böyük arzunuz nədir?- Bütün əsgər anaları kimi mənim də ən böyük arzum Şuşada Azərbaycan Bayrağının dalğalanması idi. Şükürlər olsun ki, oğlum Vətən müharibəsindən sağ çıxaraq, Xarı bülbülümüzün vətəni olan Şuşada xidmətə davam edir. Ən böyük arzum şəhid analarının hamısını şəxsən tanımaqdır. Qazilərin yaralarına dərman ola bilməyimizdir. Analar balalarına, körpələr atalarına qovuşsunlar. Ali Baş Komandan sağ olsun, onun rəhbərliyi altında Qarabağımız azad oldu. Arzu edirəm ki, bir daha müqəddəs Qarabağ torpağımız qan görməsin. Mən əslən Göyçaydanam. Uzun illər turizm sektorunda fəaliyyət göstərmişəm. Amma bundan sonrakı həyatımı ailəmlə birlikdə məhz Qarabağda yaşamaq istəyirəm. Qoy Qarabağın abadlaşmasında mənim də rolum olsun. Oğlumun əziyyət çəkdiyi torpaqda mənim də əziyyətim olsun. Vətənimiz gözəlləşsin, bayrağımız hər daim qürurla dalğalansın.
- Yeganə oğlunuz ad gününü Vətənə xidmətdə, isti evdən və ailədən ayrı keçirdi. Ona bizim vasitəmizlə yeni yaşında ona nə arzu edərdiniz?-25 noyabrda oğlumun ad günü oldu. Mən düşünürəm ki, evdən ayrı keçirməsinə baxmayaraq, bu ad günü onun həyatında heç vaxt yaşamadığı ən dəyərli bir tarix oldu. Vətən müharibəsində iştirak etdi və Allahın köməkliyi ilə zəfər bayrağımızın sancıldığı Qarabağın incisi Şuşaya ayaq basdı. Vətən müharibəsində bir il deyil, sanki on il böyüdü. Çünki müharibədəki hər gün illərə bərabərdir. Vətən müharibəsi, azadlıq mübarizəsi oğluma mənim verə bilmədiklərimi verdi. Ona dolğun həyat təcrübəsi qazandırdı. O təcrübə ki, bütün həyatı boyunca onun yadında qalacaq. Orxanın qazandıqları ilə yanaşı, itirdikləri də oldu. Döyüş yoldaşlarını itirdi. Təəssüf ki, bunlar onun gözü önündə baş verdi. Bununla da onun məsuliyyəti artdı. O indi torpağımızı həm də itirdiyi döyüş yoldaşlarının əvəzinə də qorumalıdır. Ona hər zəng edəndə deyirəm səninlə fəxr edirəm. 18 illik əziyyətim sənə halal olsun. Ona hər zaman başı uca, qürurlu, alnıaçıq yaşamaq qismət olsun. Yaxşı ki, var.
- Oğlunuz Orxanın timsalında bütün əsgərlərimizə ünvanladığınız “Əsgər salami”nızı eşidək.- Bu haqlı mubarizəmizdə əli silah tutan, son nəfəsinə kimi irəli getməkdən çəkinməyən bütün əsgər və zabitlərin əllərindən öpürəm. Onların borcundan çıxa bilmərik. Allah Ordumuzu qorusun. Allah Qarabağı qorusun. Qarabağ Azərbaycandır!
Tarix: 7-12-2020, 11:32