Natiq Cəfərli
Babamın alma ağacı, və ya Simonun “çirkli” işi.
Rəhmətlik babam əsl təsərrüfatçı olub, uzun illər Borçalıda kolxoz sədri kimi çalışıb, ideyalı kommunist idi, hətta 1986-91-ci illərdə mətbuatda çıxan və Kommunizmi təftiş edən, Stalinin vəhşiliklərini təsvir edən məqalələri oxuyub ağladığnı da görmüşdüm. Amma sözüm onda deyil...
Babam evinin qarşısındakı özünə aid sahədə gözəl alma bağı salmşdı, müxtəlif növlərdən ibarət 110 alma ağacı var idi. Amma ən dadlısı “yaylıq alması” adlı bir sort idi ki, bütün kənd o almalara heyran idi, yetişəndə hamı öz payını almaq üçün babamgilə gəlirdi. Cəmi 12 elə ağac var idi, amma ən dadlı, ən gözəl meyvə verən cəmi 1 ağac idi ki, o da bağda olan “asiya üsulu”, quyudan ibarət tualetin yanında bitmişdi.
Bir ilisi o ağac heç bar vermədi, hamımız dilxor olmuşduq (bütün övladları, nəvə-nəticələri Bakıda yaşayırdıq, ancaq yayda ora gedirdik), çünki o almanın dadını heç nə ilə əvəz etmək olmurdu. Babam dedi ki, çox güman, tualet dolub, ona görə də quyudan sızır, nəcis və sidik az miqdarda olanda kübrə kimi, çox olanda isə ziyanlı təsir göstərir.
Rayonda Simon adlı bir “berzen” (yunan) var idi, kəndlərdə kimim ağır, çirkli işi olanda onu çağırırdı, tualetləri də o təmizləyirdi, Simongilə maşın göndərdik, öz balıqçı geyiminə oxşar geyimi ilə gəldi, bir neçə saat tək işlədi, tualetin quyusunu təmizlədi. O qədər murdar qoxu gəlirdi ki, o işləyən zaman bütün ev əhli qohum-qonşuya getdi ki, o qoxunu hiss etməsin. Bir tək mən (15 yaşım var idi) əvvəl dözdüm, onun işinə baxırdım, arada söhbət də edirdik. Adam sən demə, filosof olub, hətta dərs də deyib, sonra azad fikirlərinə görə Ali Məktəbdən müəllim olaraq qovulub, o da içkiyə qurşanıb, cinayət edib, 10 il Rusiyada “zonlarda” olub, sonra bizim rayona gəlib, boş qalmış daxmasında yerləşib və indi də çətin, heç kimin görmədiyi işlər görüb pul qazanırdı. Bir az söhbət etdikdən sonra mən də dözmədim o qoxuya, qaçdım ordan. Simon işini qurtaranda aşağı çaya getdi, orada yuyunmağa başladı, üst-başını təmizlədi, evdəkilər onu hamama girməyə qoymazdılar ki, sonra o hamama heç kim girməyəcək, murdarlanacaq. Simon bunu bildi, hiss etdi deyə özü aşağı çaya düşdü, tam yuyunandan, təmizlənəndən sonra gəldi, mən israrla ona yemək verilməsini istədim, adam yeməklə dolu qabı aldı, amma süfrəyə oturmadı, geib bağda yedi, sonra da çıxıb getdi.
Növbəti il həmin alma ağacı dəhşət çox bar verdi, özü də almalar daha da iri oldu, daha da şirinləşdi, bütün kənd o almadan dadmaq istəyirdi.
Babam rəhmətə gedəndən sonra bağa baxan olmadı, artıq bağda yox, evin içində müasir tualet, hamam tikildi, həmin “asiya üsulu” tualet də tam dolmuşdu, Simon da dünyasını dəyişmişdi deyə, başqa heç kim o işlə məşğul olmurdu, tualet təmizlənmədi, həmin alma ağacı qurudu, sonra doğrayıb odun kimi istifadə etdilər...
Siyasət də belədir – ölkə çirkab içindədir, heç kim özünü bulayıb nəsə təmizləmək istəmir, hazıra-nazir olmağı düşünür. Kimsə əl-qolunu çırmalayıb əzbərləri pozanda, çirkabı yığışdırmağa çalışanda kənardan baxıb heç bir iş görməyənlərdən təənə, təhqir alır. Məmləkət üşün bəzən “Simon” olmaq lazımdır, çünki onun işindən sonra “bar verən”, böyüyən “ağacı” hamı istəyir, hər kəs o ağacın “meyvələrindən” dadamağı düşünür, amma heç də hamı əlini daşın altına qoyub çirkabı təmizləmək istəmir...
Tarix: 13-09-2020, 17:22