Tuqay meşələri məhv olur: "Kürqırağı fermalar prosesi sürətləndirir"

"Qədim meşələrimizdən olan Tuqay meşələri tamamilə məhv olmaq təhlükəsi ilə üz-üzədir".

AXS.az  bildirir ki, bunu Qaynarinfo-ya açıqlamasında ekoloq Xosrov Musayev deyib.

Onun sözlərinə görə, Tuqay meşələrinin məhv olmasının əsas səbəblərindən biri Kürqırağı ərazilərdə heyvandarlıq fermalarının salınmasıdır:

"Bu barədə dəfələrlə məqalələr yazmışam. Hətta onlardan birinin başlığı belə idi: "Molla Pənah Vaqifin Kür qırağının əcəb seyrəngahı varmı?". Həmin yazı vaxtilə böyük rezonans doğurmuşdu. Təəssüf ki, bu gün o gözəllikdən əsər-əlamət qalmayıb. Kür qırağında mal-qara saxlamaq üçün yaradılan fermalar Tuqay meşələrinin tamamilə məhv olmasına səbəb olur".
 
Ekoloq bildirib ki, meşələrdə ilboyu qanunsuz mal-qara otarılması ekosistemə ciddi ziyan vurur:

"Mal-qaranın nəzarətsiz otarılması nəticəsində ağaclar məhv olur, onların yerini kol-kos basır. Vaxtilə Tuqay meşələrinə xüsusi gözəllik verən  qovaq ağaclarının sayı da xeyli azalıb".

X. Musayev hesab edir ki, Tuqay meşələrinin qorunması üçün dövlət qurumları nəzarəti gücləndirməlidir:

"Bununla yanaşı, Tuqay meşələrindən mal-qara çıxarılmalı, həmin ərazilərdə fəaliyyət göstərən fermalar ləğv edilməli və meşələr qoruq statusu almalıdır".
Tarix: Bu gün, 10:08
Xəbəri paylaş



Xəbər lenti