Sarayda təhlükəli vəziyyət: Uşaqlar həyətə buraxılmırlar - VİDEO



Bir neçə gün əvvəl əsən güclü külək nəticəsində Saray qəsəbəsinin Üzümlü yaşayış massivində, Həsən Məmmədov küçəsində yerləşən irigövdəli iydə ağacının böyük budağı qırılıb. Nəticədə avtomobillərin hərəkətində ciddi çətinlik yaranıb.

 

Sakinlərin sözlərinə görə, yaranmış təhlükə səbəbindən uşaqlar artıq həyətdə rahat oynaya bilmirlər.

 

Sakinlərdən biri mövcud vəziyyəti belə şərh edib:

 

"Dörd-beş gün əvvəl güclü külək nəticəsində iydə ağacının iri budağı qırılaraq yolun ortasına düşüb və təhlükə yaradıb. Buradan elektrik naqilləri və internet xətləri keçir. Avtomobillər rahat hərəkət edə bilmir. Bu, uşaqlar üçün də ciddi təhlükədir. Qorxumuzdan onları həyətdə oynamağa buraxmırıq. Saray bələdiyyəsinə müraciət etdik. Bizə bildirdilər ki, bu məsələ bələdiyyənin səlahiyyətinə aid deyil və yazılı şəkildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qaynar xəttinə müraciət etməliyik. Dəfələrlə zəng etsəm də, telefonlara cavab verən olmadı".

 

Məsələ ilə bağlı Saray bələdiyyəsindən bildirilib ki, qəsəbə ərazisində ümumilikdə 18 ünvanda ağac budaqlarının qırılması faktı qeydə alınıb.

 

Qeyd olunub ki, ərazilərin qırılmış budaqlardan təmizlənməsi mərhələli şəkildə davam etdirilir.

 


Tarix: Bu gün, 10:54
Xəbəri paylaş



Xəbər lenti