Vüsal Xanlarovun rəhbəri olduğu qurumda pozuntular: 400 ədəd arabaya 135 mindən artıq vəsait xərcləndi

Vüsal Xanlarovun rəhbəri olduğu qurumda pozuntular: 400 ədəd arabaya 135 mindən artıq vəsait xərcləndi
Elm və Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin (TSİİ) rəisi Vüsal Xanlarovun rəhbəri olduğu qurumda pozuntular aşkarlanıb. 
 
Qaynarinfo-nun məlumatına görə, bu barədə Hesablama Palatasının 2026-cı il üzrə audit hesabatında yer alıb. 
 
Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsində aparılan audit yoxlaması 2025-ci il üçün İş planına əsasən 01.01.2021-ci il tarixindən 01.01.2025-ci il tarixinədək olan dövrü əhatə edib. 

Elm və Təhsil Nazirliyi tərəfindən Azərbaycan Təhsil Şəbəkəsinin (AzTəHS) qurulması zamanı audit ilə əhatə olunmuş dövr üzrə fəaliyyətlərdə müəyyən çatışmazlıqlar və təkmilləşdirmə potensialı olan sahələr də müəyyən edilib. 

Belə ki, təhsil müəssisələrinin istifadəsində olan şəbəkə infrastrukturuna və avadanlıqlara texniki dəstəyin göstərilməsi məqsədilə bağlanılmış müqavilələrdə əhatə olunan avadanlıqların sayları və dislokasiyası üzrə xidmət xərclərinin dəqiq kalkulyasiyası təmin edilməyib. Müqavilələr əsasında təhsil müəssisələrinin korporativ internet və intranet şəbəkəsinə çıxışı təmin edilən təhsil müəssisələrindəki şəbəkə avadanlıqlarına texniki dəstək xidmətləri faktiki olaraq həmin müqavilələrdə öz əksini tapmayıb.

Elm və Təhsil Nazirliyinin tabeliyində maddi-texniki təchizat fəaliyyəti üzrə ixtisaslaşmış ayrıca təsərrüfat hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi olduğu halda, auditlə əhatə olunan dövrdə 8491,3 min manat dəyərində kompüter, printer və s. bu kimi avadanlıqlar Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi (TSİİ) tərəfindən alınıb. 

Elm və Təhsil Nazirliyi tərəfindən 2021-2024-cü illəri əhatə edən dövrdə bağlanılmış müqavilələrlə təhsil sahəsində xidmətlərin rəqəmsallaşdırılması üçün yaradılmış və ya təkmilləşdirilmiş 10 informasiya sistemi "Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri”ndə qeydiyyata alınmayıb. 


2022-ci ildə yaradılan "Məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu” layihəsi məktəbəqədər yaşlı uşaqların fərdi məlumatları ilə işləsə də, bu layihə "Fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestri”ndə qeydiyyata alınmayıb. 

Audit ilə əhatə olunan dövr ərzində ən çox istifadə olunan satınalma üsulu "bir mənbədən satınalma” metodu olub, keçirilmiş satınalma prosedurları nəticəsində müqavilələrdə malların adı və hansı markaya aid olduğu qeyd edilməyib, planlaşdırılmış və faktiki həyata keçirilmiş satınalma prosedurları arasında ciddi fərqlər olub. 

2021-2024-cü illər ərzində ümumilikdə 283459,2 manat məbləğində vəsait xərcləməklə alınmış avadanlıqların açıq informasiya mənbələrində olan qiymətlə müqayisədə baha olması nəticəsində TSİİ tərəfindən 37,0 min manat artıq vəsait xərc edilib. 

2022-ci ildə noutbuk avadanlıqlarının daşınması və enerji ilə doldurulması üçün alınmış 400 ədəd arabanın qiyməti açıq informasiya mənbələrindəki qiymətlərlə üzləşdirilərkən ümumilikdə 135,3 min manat artıq vəsait xərc edildiyi müəyyənləşdirilib. 

Təhsil müəssisələrinin korporativ intranet və internet şəbəkələrinə çıxışının təmin edilməsi müqaviləsi üzrə ADSL qoşulma növünə malik 39 təhsil müəssisəsinə görə 12 ay əvəzinə 13 aya görə internet haqqı ödənilməsi səbəbindən artıq ödənişə yol verilib.

Qeyd edək ki, Vüsal Xanlarov 2018-ci ilin fevral ayından Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisidir. Qardaşı Rəşad Xanlarov isə hazırda Elm və Təhsil Nazirliyində Vətəndaşların müraciətləri ilə iş və kommunikasiya şöbəsinin müdiridir.
Tarix: Dünən, 23:30
Xəbəri paylaş



Xəbər lenti