“Humanitar atəşkəs imzalansa da, Ermənistan öz riyakarlığını bir daha göstərdi və Gəncə şəhərinə hücum – terror aktı həyata keçirdilər. Biz bunu qəti şəkildə pisləyirik və vasitəçilik missiyasını həyata keçirən tərəflər – ATƏT-in Minsk qrupunun özü buna qiymət verilməlidir”. Bu fikirlər Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyevə məxsusdur. Bəli, onsuz da varlığı ilə yoxluğu illərdir bilinməyən Minsk Qrupu danışıqların və vasitəçilik missiyasının davamını istəyirsə, məhz cənab Hacıyevin dediyi kimi, ortaya konkret mövqe qoymalı, təcavüzə məruz qalanla təcavüzkar arasındakı bərabərlik işarəsini BİRDƏFƏLİK yığışdırmalıdır!Qarabağdakı atəşkəsin pozulmasından, hərbi əməliyyatlardan guya “narahat olan” dünya bilriyi Ermənistan tərəfindən törədilimiş cinayətləri hərbi və siyasi təxribat kimi qitmətləndirilməli, bu terrorçu dövlətə qarşı sanksiyalar tətbiq olunmalı, Ermənistana “humanitar yardım”adı altında göndərilən silah-sursatın, hərbi texnikanın, raket sistemlərinin qarşısı alınmalıdır. Əks təqdirdə bölgə daha dəhşətli alova bürünəcək.
Prezident köməkçisi Hikmət Hacıyev beynəlxalq ictimaiyyəti baş vermiş hadisələrə adekvat cavab verməyə çağırıb. Lakin hələ ki dünyadan reaksiya yoxdur. BMT Baş katibi Moskva atəşkəsini dərhal “alqışlamışdı”. Gəncə əhalisinə qarşı terror törədilib, cənab susur. Azərbaycan belə bir addım atsa, indi Kardaşyandan tutumuş, AŞ PA rəhbərliyinədək hər kəs tumanını başına çəkmişdi.
Moskva danışıqlarında moderatorluq edən Sergey Lavrovdan da xəbər yoxdur. Məntiqlə əsəbi tonda İrəvana zəng etməli, “mənim gördüyüm işin içinə niyə...etdiniz” sualını verməliydi. Təbii ki, məntiqlə... Ermənistan hakimiyyəti atəşkəs razılaşmasından sonra törətdiyi terror aktları ilə faktiki olaraq Putinin, Lavrovun, bütövlükdə Rusiya dövlətinin imicinə zərbə vurub. Azərbaycan dövləti proseslərdə diktə edən tərəf olduğu halda, döyüşün dayandırılması təklifinə razılıq verdi, masa arxasına keçdi. Ermənistan isə 11 saatlıq danışıqlarda əldə olunmuş razılaşmaya bircə saat belə, əməl etmədi. Əcəba, Lavrov niyə narahat deyil?
Ermənistanın 27 sentyabr təxribatından sonra Azərbaycan ordusu əks-hücuma keçəndə Lavrov dərhal üzə çıxmışdı, o günlərdə nəinki Bakı və İrəvanla, hətta Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu ilə intensiv telefon əlaqələri saxlayırdı. Amma bu gün Çavuşoğlu Lavrovu axtarıb, Ermənistanın terrorçu hərəkətləri barədə izahat verməsini istəyib. Görünür, Lavrov narahat deyil, atan ermənilərdir, deyə...
Əslində biz çoxdan bilirik ki, bu, Ermənistan məsələsi deyil. Bilirik ki, “ilana zəhər verən kərtənkələlər” var. Ceyhun Bayramovla Zöhrab Mnatsakanyanın arasında məmnunluqla oturub moderatorluq edən Sergey Lavrovu hamımız yaxşı tanıyırıq axı. Bu, həmin Lavrovdur ki, elə avqust ayında erməni mediası onun babasının qəbri başından reportaj eləyib, İrəvanda “damarlarımdan erməni qanı axdığına görə fəxr edirəm” sözlərini xatırladıb, “qan yaddaşını” təzələmişdi. Özü də Ermənistan ordusunun hücuma hazırlaşdığı bir məqamda. Lavrovun Kalantaryanlar nəslinin varisi olduğunu əbəs yerə xatırlamamışdılar.
Bu da reallıqdır ki, Rusiya XİN başçısı əlindən gələni edib Qarabağın Azərbaycandan qoparılması üçün. Nikol Paşinyanın “Dağlıq Qarabağ Ermənistandır. Nöqtə”, cəfəngiyyatı var idi ha... Sizcə, niyə Qarabağ caniləri Serj Sərkisyan, Robert Köçəryan, yaxud elə Ter-Petrosyanın özü belə bir sərsəm bəyanat verməmişdi illər boyu? Hansı ki, Paşinyan prezident Əliyevdən acizanə şəkildə xahiş etmişdi ki, atəşkəsi qoruyaq, hakimiyyətimi möhkəmləndirim və uzunmüddətli sülh əldə edək. 2019-cı ilin sentyabrına qədər məmnunluqla danışırdı bu barədə, Əliyevlə yanaşı addımladığına görə özünü xoşbəxt sayırdı, 1994-cü ildən bəri ilk dəfə cəbhədə itkilərin az olmasını xüsusi vurğulayırdı. Sonra nə baş verdi?
Xatırlayaq: 2017-ci ilin 17 yanvarında Sergey Lavrov Moskvada 2016-cı ilin yekunları ilə bağlı mətbuat konfransı keçirəndə “Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın daxili işi deyil” dedi və İrəvana yeni kurs verdi. Bundan bir ay sonra düşmən təxribatı nəticəsində Azərbaycanın 5 hərbçisi şəhid oldu. Daha sonra Paşinyan Şuşada “Yallı” getdi, oğlunu Qarabağa hərbi xidmətə, arvadını gəzməyə yolladı, hər gəlişində sərsəmlədi. “İlana zəhər verən kərtənkələlər” indiyə qədər öz sözlərini deyirlər, rollarını oynayırlar. Əks təqdirdə terrorçuların yuvasına döndərilən Azərbaycanın Qarabağ bölgəsinin təmizlənməsi işinə maneçilik göstərməzdilər.
Bu yerdə zəruri və çoxlarının diqqətini çəkməyən bir məqama toxunaq: Moskva görüşündən sonra Mariya Zaxarova Lavrovun fotosunu paylaşaraq, nazirini yüksək səviyyədə mədh etmişdi. Sən demə, Zaxarova baş diplomatını – “Maestro”nu həmin gecə- 11 saatlıq danışıqlardan sonra daha yaxşı tanıyıbmış. Necə, nə vaxt tanıyır, özü bilər. Amma Zaxarovanın sosial şəbəkədəki paylaşımında foto daha çox diqqətçəkici idi. Baxın, Rusiya XİN başçısı yorğun, məmnun şəkildə əlini stulun üstünə qoyub, hansı ki, az öncə orada Mnatsakanyan oturmuşdu. Bunun kod işarəsi odur ki, Lavrovun əli Ermənistanın çiynində olacaq bundan sonra da. Nəticə ortada - Ermənistan Gəncənin dinc sakinlərini raket atəşinə tutur, Lavrov susur...
Elşad Paşasoy,Musavat.com
Tarix: 11-10-2020, 16:42