Azad Demokratlar Partiyasının sədri, Milli Təhlükəsizlik nazirinin sabiq
birinci müavini Sülhəddin Əkbərin son müsahibəsində səsləndirdiyi bəzi
fikrlər ictimaiyyətdə maraqla qarşılanıb. Xüsusilə, “KQB” və agentura
arxivinin açılması, AXC hakimiyyətində Rusiyaya işləyən şəxslərin
təmsil olunması, 4 iyun Gəncə qiyamı və digər məsələlərlə bağlı açıqlamalar
suallar doğurub.
Hüquq müdafiəçisi, mərhum prezident Əbülfəz Elçibəyin ən yaxın dostlarından
olan Novella Cəfəroğlu Teleqraf.com-un suallarına cavab verib.
- Novella xanın, Elçibəy iqtidarında Milli Təhlükəsizlik nazirinin birinci
müavini vəzifəsini tutmuş Sülhəddin Əkbərin son müsahibəsi ciddi rezonansa
səbəb olub. Sözügedən müsahibədə səsləndirilən fikir, fakt və təhlillərə reaksiyanız
nədən ibarətdir?
- Əbülfəz Elçibəyin “Hər şeyin zamana ehtiyacı var” deyə məşhur fikri var idi. Kitab
yazın, müsahibələr verin, bir-birinizlə diskusiyalara çıxın, nə istəyirsiniz edin.
Amma mən təklif edirəm ki, həmin hakimiyyətdə təmsil olunan şəxslər bir
yerə toplaşıb hər şeyi müzakirə etsin və bu millətə də desin ki, proseslər necə
olub. Hər birinin ayrı-ayrılıqda danışması, bir-birinin əleyhinə sözlər deməsi anlaşılan deyil.
İşin acı tərəfi budur ki, onların hamısı bir-birini siyasət adamı sayır. Azərbaycanın
indiki durumunda - koronavirus bir tərəfdən, Dağlıq Qarabağ problemi o biri
yandan insanları narahat edir, bunları bir kənara qoyub bir-birini ittiham etmək
əslində millətə qarşı addımdır. Axı niyə xalqa bunu edirsən? Xalqda inam,
dəyərlər olmalıdır. Bu dəyərlər olmasa heç bir nəticə olmayacaq.
Azərbaycanda xalq hərəkatı başlayanda mən cavan idim. Ömrümün az qala
30 ilindən çoxunu bu prosesə vermiş insanam. Amma bu gün belə mənzərəni
görəndə az qala yaşamaq istəmirəm. Bunların fikirləri mənə o qədər pis təsir
edib ki... Bütün inanc yerlərini vururlar, bağlayırlar. Bu millət yaşamalı, erməni
ilə mübarizə aparmalı, Qarabağı qaytarmalı, virusdan az itki ilə çıxmalıdır.
Sizə nə olub, nəyi bölüşə bilmirsiniz? Vallah, mən başa düşə bilmirəm...
- Daha maraqlısı “KQB” agentləri ilə bağlı qoyulan iddiadır. Doğurdanmı
AXC hakimiyyətinin ən ali postlarında “KQB”yə bağlı şəxslər olub?
- Əbülfəz Elçibəy dünyasında heç kəsə işləməyib. Çoxu onu 1988-ci ildə tanısa da,
bizimlə Əbülfəz bəyin dostluğu daha qədim tarixə söykənir. Əbülfəz Elçibəy nə rusa,
nə ingilisə, nə də başqa birinə işləyib. İşləsəydi, hakimiyyətini qoruyardı da.
Elə buna görə də, hakimiyyətə cəmi 1 il tab gətirə bildi. Bunun özü də onun
üçün böyük zaman sayılmalıdır.
Əbülfəz o qədər təmiz, saf, millətə bağlı adam idi ki, baş verənləri də bilirdi. İndi
bunlara nə olub, niyə bir-birlərinə dəyiblər, anlaşılan deyil. Yaxud İsa Qəmbər,
Pənah Hüseyn agent ola bilər? Bunlar ağlasığmaz şeylərdir. Bunların hamısı
həm də mənim, millətin 30 illik əməyinə dəyir... Belə şeymi olar?
- “KQB” xalq hərəkatınına öz adamlarını gizlicə yerləşdirə bilməzdimi?
- Yerləşdirmişdi, belə adamlar var idi. Biz də bunu bilirdik. Bunu əslində hamı bilirdi.
Kim deyir ki, yox idi?
- Kimlər idi, adlarını açıqlaya bilərsinizmi?
- Mən niyə deyim ki? Bəyəm, mən Sülhəddin Əkbərəm?
- Hamı bilir, amma heç kim demir...
- “KQB”yə işləyən insanlar çalışırdılar ki, yenidən rusları hakimiyyətə gətirsinlər.
Rəhim Qazıyev, Vaqif Hüseynov və digərləri Moskvada bir araya gəlmişdilər və
hakimiyyət çevrilişinə hazırlaşırdılar. Siz bunu araşdırın, görün, bundan sonra
niyə Elçibəylə Heydər Əliyev arasında səkkiz saatlıq görüş oldu.
Çünki Moskvada hazırlanan bu məsələlər müzakirə edilirdi və s. Siz bunları
bilə-bilə niyə camaatı başqa yollara salırsınız? Elçibəyin “KQB”yə
bağlılığı olsaydı onu devirə bilərdilərmi? Məncə, danışanda bir qədər məntiqə
də söykənmək lazımdır.
- Elçibəyin devrilməsində əsas arqument kimi 1993-cü ilin mayın sonlarında
Azərbaycanda bütün rus qoşunlarının çıxarılması göstərilir. Siz bu prosesin
necə baş verdiyindən agah olan üç-dörd şahiddən birisiniz. Bu proses necə
oldu, Elçibəy nədən buna yol verdi?
- Bu şeyləri bilənlər, bilir. Bu barədə ən ciddi müzakirə o zaman mənim
evimdə aparılıb. ABŞ-ın o zamankı səfiri Riçard Mayls bizə gəlmişdi.
Daha sonra Prezident Əbülfəz Elçibəy gəldi. Onlar arasında danışıqlarda
tərcüməçiliyi mən etdim. ABŞ səfiri Mayls dedi ki, cənab prezident,
siz istəyirsiniz rus ordusunu ölkədən çıxarasınız? Əbülfəz bəy də bildirdi ki,
əgər o çıxarmasa, kim çıxaracaq? Səfir açıq dedi ki, bu addım sizin
hakimiyyətdən getməyinizə səbəb olacaq və biz sizi müdafiə edə bilməyəcəyik.
Əbülfəz bəy də qəti dedi ki, bu addımından sonra nələrin baş verəcəyini bilir və
buna razı olacaq. Söhbət bu cür oldu. ABŞ səfiri sözsüz ki, Azərbaycandan
rus qoşunlarının çıxarılmasını istəyirdi. Sadəcə gücləri yox idi ki, bu addımından
sonra Azərbaycan prezidentini müdafiə etsinlər.
Axı Əbülfəz bəy onlarla da danışıqlar getmir, neft məsələsində güzəşt haqqında düşünmürdü. İngiltərənin baş naziri
Tetçer dedi ki, ömrümdə belə prezident görməmişəm, ancaq təəssüflər olsun ki, razılığa gələ bilmədik... Bunların hamısı
öz dövrünün mediasında açıq yazılıb.
- Sizcə, belə bir komanda ilə Elçibəyin 1 il hakimiyyətdə qalması möcüzə deyilmi?
- Elə buna görə də getdi. Elçibəyin bir sözü var idi. Deyir birinin evi yanır, hamı gəlir su atıb onu söndürməyə çalışır.
Biri ev sahibinə deyir ki, siz niyə su atmırsınız? Cavab verir ki, siz bilsəniz bu taxtabitilər mənim başıma nə oyun
gətiriblər, heç ora su atmazsanız, durub taxtaların yanmasına tamaşa edərsiniz.
Rus qoşunlarının ölkədən çıxarılması sözsüz ki, o vaxt hökumətdə əsas fiqurlarla müzakirə edilmişdi.
Amma Əbülfəz bəy özü bilirdi ki, bu addımı atsa, hakimiyyətdə qalmayacaq. Buna baxmayaraq rus qoşunlarını çıxardı.
O zaman müstəqillik həm də bu məsələdən asılı idi.
Bilirsiniz, mən çox şeylər deyə bilərəm. Əbülfəz bəy prezident kimi Rusiyaya səfər etdi, görüş zamanı Boris Yeltsin təklif
etmişdi ki, rus qoşunları Azərbaycanın cənub sərhədlərini mühafizə etsin. Elçibəy də demişdi ki, buna etirazı yoxdur,
amma Azərbaycanın qoşunları da Sankt- Peterburqun Finlandiya ilə sərhəddini mühafizə etsin. Yeltsin deyib ki, niyə?
Əbülfəz bəy də bildirib ki, o halda sizin əsgərlər nədən bizim ölkənin cənub sərhədlərini qorumalıdır?
Bundan sonra Yeltsin dar çərçivədə bildirib ki, Əbülfəz yaxşı insandır, amma təəssüf edirəm, onunla üzülüşmək lazımdır.
Bütün bunlar tarixdir və olub.
- Belə anlaşılır ki, siz Sülhəddin Əkbərin arqumentləri ilə heç bir halda razılaşmırsınız?
- Mən ümumiyyətlə, heç kimin fikirləri ilə razılaşmıram. Hərəkatın birinci günündən bu prosesdə olan bir adam kimi
deyirəm ki, bəsdirin daha, bir-birinizə az çamur atın. Bu saat bizim dərdimiz Qarabağdır, onu nəyin bahasına
olursa-olsun azad etməliyik. Gənclərin beyninə yeritməliyik ki, Qarabağ bizimdir və onu alacağıq.
Hakimiyyət-müxalifət birliyi məhz Qarabağ məsələsində olmalıdır. İkincisi, koronavirus problemindən bu xalqı
çıxarmaq, iqtisadi durumu yaxşılaşdırmaq lazımdır. Mən bu məsələlərdə birlik nümayiş etdirməyi vacib addım sayıram.
Bu haqda düşünmək lazımdır.