İcra başçısının Qaynaq kəndində səyyar-qəbul görüşü keçirilib


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq Tərtər Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən vətəndaş müraciətlərinə operativ baxılması, əhalini narahat edən məsələlərin yerində araşdırılması və həlli istiqamətində həyata keçirilən səyyar qəbul görüşləri davam etdirilir.

Yerlərdə keçirilən səyyar qəbullar vətəndaşların müraciətlərinin birbaşa dinlənilməsi, onların problemlərinin yerində öyrənilməsi və həlli baxımından xüsusi əhəmiyyət daşıyır. Bu görüşlər eyni zamanda dövlət orqanları ilə vətəndaşlar arasında açıq və səmərəli dialoqun qurulmasına, şəffaflığın təmin olunmasına və vətəndaş məmnunluğunun artırılmasına xidmət edir.

Növbəti qəbul rayonun Qaynaq kənd İƏD üzrə nümayəndəliyinin Qaynaq kəndində keçirilib. Qəbulda icra başçısı ilə yanaşı, YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən polkovnik-leytenant Ruslan Əhmədov,  rayon polis şöbəsinin qərərgah rəisi Ruslan Allahverdiyev, aparatın məsul əməkdaşları, idarə, müəssisə və təşkilatların rəhbərləri, xidmət sahələrinin nümayəndələri, həmçinin kənd sakinləri iştirak ediblər.  

Sakinlərlə görüşdən əvvəl rayon rəhbəri rəsmilərlə birlikdə Qaynaq kəndində şəhidlərin xatirəsinə ucaldılmış abidəni ziyarət edib, önünə gül dəstələri düzüblər.

Qəbulda çıxış edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin əsas istiqamətləri barədə danışmış, vətəndaşların rifah halının yaxşılaşdırılması, onların müraciətlərinə həssas yanaşılması və mövcud problemlərin operativ həlli istiqamətində görülən işlərin daim diqqət mərkəzində saxlanıldığını vurğulamışdır. Bildirmişdir ki, dövlət başçısının rəhbərliyi ilə regionların sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilən ardıcıl tədbirlər nəticəsində kənd və qəsəbələrdə mühüm infrastruktur layihələri icra olunur, əhalinin həyat şəraiti ildən-ilə yaxşılaşdırılır.

Qeyd olunub ki, Qaynaq kəndinin 1915 nəfər əhalisi var. Ərazidə 1 ümumi orta məktəb, 1 tibb məntəqəsi, 1 kitabxana, 8 ticarət obyekti, 3 iaşə obyekti, 2 məişət xidməti obyekti, 1 Poçt məntəqəsi və 28 subartezian quyusu yerləşir. Kənd sakinləri əkinçilik və maldarlıqla məşğul olurlar. Sakinlər 1718 baş iribuynuzlu, 1018 baş xırdabuynuzlu heyvan, 7400 baş quş və 156 arı ailəsi saxlayırlar.

Son üç ildə Qaynaq kəndində 4,5 km sahələrarası su arxları  lildən təmizlənib, kənd ərazisinə 180 ədəd müxtəlif növ ağac əkilib, kəndarası yolların kənarları və kənd qəbristanlığı alaq otlarından və məişət tullantılarından  təmizlənib.

Rayon rəhbəri sakinlərə Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd edib və https://rih.gov.az/ platformasından istifadə etmələrini tövsiyə edib. Erkən nikah və onun fəsadlarından söhbət açan rayon rəhbəri, əlaqədar qurumları, hər kəsi erkən nikaha, narkotok və psixotrop maddələrdən istifadəyə qarşı mübarizəyə çağırıb, bu sahədə güclü maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu bildirib.

Görüş zamanı həmçinin Qaynaq kəndinin mövcud sosial-iqtisadi vəziyyəti, inkişaf perspektivləri və qarşıda duran vəzifələr ətrafında fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, kənddə mövcud potensialdan səmərəli istifadə olunması, kənd təsərrüfatının inkişafı, sahibkarlığın genişləndirilməsi və yeni iş yerlərinin yaradılması istiqamətində əlavə tədbirlərin görülməsi vacibdir. Kənddə suvarma üçün 1 ədəd subartezian quyusunun qazılmasına, elektrik təsərrüfatının yenidən qurulmasına ehtiyac olduğu bildirilib.

Qəbul zamanı kənd sakinlərindən Ruslan Həsənov həyətyanı torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsi, Tofiq Quluyev isə evinin qarşısından qonşusuna gedən qaz xəttinin səliqəyə salınması ilə bağlı müraciət ediblər.

Vətəndaşların qaldırdıqları məsələlərin bir qismi yerində həll olunmuş, digər müraciətlər isə aidiyyəti üzrə qeydiyyata alınaraq onların icrası nəzarətə götürülmüşdür. Rayon rəhbəri tərəfindən müvafiq qurumların rəhbərlərinə konkret tapşırıqlar verilmiş, müraciətlərin vaxtında və keyfiyyətlə icrasının təmin olunması tapşırılmışdır.

Sakinlər çıxış edərək belə səyyar qəbulların keçirilməsini yüksək qiymətləndirmiş, onların problemlərinin birbaşa dinlənilməsinə və həllinə göstərilən diqqətə görə minnətdarlıqlarını bildirmişlər. Onlar dövlət tərəfindən göstərilən qayğını hər zaman hiss etdiklərini vurğulayaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

 

Tarix: Bu gün, 17:19
Xəbəri paylaş



Xəbər lenti