Tələsməyək



“Siyasətdə əbədi dostlar və ya əbədi düşmənlər yoxdur, yalnız dəyişilməz maraqlar var”
(Henri Palmerston, 1848-ci il)
Üzeyir Hacıbəyovun 1908-ci ildə “Tərəqqi” qəzetində yazdığı “Biz necə iş görürük” başlıqlı satirası var, son 30 ildə o qədər sitat verilib ki, bəlkə Azərbaycan xalqı o yazını indi əzbər bilməliydi. Lakin gedişat əsəri yaddan çıxardığımızı göstərir. Bu mənada təzədən yada salmaqda fayda var.
Yazıda Üzeyir bəy bizim millət olaraq adətən nərdivansız və başımızdan yekə iş gördüyümüzü tənqid edir. Deyir, gərək hər işi mərhələ-mərhələ, təkamül yoluyla görəsən. Deyir qonşularımız siçan boyda iş görəndə biz yatırdıq. Sonra qonşularımız keçi, eşşək, camış, dəvə boyda iş görəndə də yatırıq, yalnız fil boyda işə çatanda oyanırıq. Ancaq aşağıdan başlamaq yerinə, yuxarıdan başlayırıq, fil boyda iş görmək istəyirik. Alınmır. Keçirik dəvəyə, o da fayda vermir. Sitat: “Ondan balaca n?dir? Çamışdır. Başlayırıq camış boyda iş görm?y?, lakin camışa da gücümüz çatmır. Aşağı enirik (halbuki, qonşular fild?n yuxarı çıxırlar). Deyirik ki, eşş?k boyda iş gör?k, amma eşş?k d? biz? güc el?yir.Tuturuq keçini, gorürük ki, yox, keçiyə də tab gətirə bilmirik. Onda məsləhəti qoyuruq siçan üstünə. Amma onda görürsən ki, içimizdən bir pişik çıxdı və siçanı yedi... Biz belə iş görürük”. Sitatın sonu.
Bu niyə yadıma düşüb? Cəmi 2 ay qabaq kimsə Dağlıq Qarabağ ətrafındakı 7 rayonu və üstəlik Hadrutu və Şuşanı qısa müddətdə azad edəcəyimizi desəydi, nə qədər adam inanardı? Etiraf edirəm, şəxsən mən inanmazdım. Möcüzə kimi bir hadisə baş verib, əslində. 27 ildən çox çəkən ayrılıq başa çatıb. İndi biz o əraziləri bərpa etmək, tikinti-quruculuq işləri aparmaq üçün xeyli əziyyət çəkməliyik. Görüləcək iş dəhşətli dərəcədə çoxdur - vəhşi işğalçılar bizə faktiki “yandırılmış torpaq” buraxıb gediblər.
Yeri gəlmişkən, Ermənistanın o əraziləri niyə talan etməsinin bir səbəbi əslində iqtisadi çətinliklərlə bağlıdır. Təkcə bizə ziyan vurmaq deyil. Ermənilər o evləri, şəhərləri söküb aparmasaydılar, 27 ildə nəyin hesabına Ermənistanda evlər tikəcəkdilər? İqtisadiyyat sıfır vəziyyətindəydi. Bizim bəzən zarafata saldığımız “Ermənistan boşalır” teması da həqiqət idi. AzTV-nin İrəvanın Teatr meydanından göstərdiyi o məşhur sarı RAF avtobusu hazırda Paşinyanın ailəsinə xidmət edir. Həmçinin, biz qrafikə görə Kəlbəcəri boşaltmazdan öncə, verilən qısa vaxtdan yararlanıb meşələri qıran erməniləri qınayırdıq, ancaq onların başqa çarəsi yox idi: soyuq qış gəlir, Ermənistanın regionlarında isə çox adam evini odun sobasıyla qızdırır. O ağacları keflərindən, ya tək bizə pis olması üçün qırmırdılar. “Şahdəniz” qazının qədrini bilək. 
Uzun sözün qısası, bəzi zəhmətkeşlərimizin bu boyda görüləsi işlər dura-dura “Niyə Xankəndini də almadıq”, “Niyə Laçın şəhəri 3 illiyə dəhlizdə, rusların tabeliyində qaldı”, “Niyə Qarabağa Bərdədən yük daşınır” kimi suallar verməsi maksimalist yanaşmadır. Hələ biz o azad ediləni abadlaşdıraq, camaatı qaytaraq, bəlkə heç bu sualların mənası qalmadı. Elə nəqliyyat dəhlizlərinin açılması həm də bunun üçün vacibdir. Ermənistanla, Qarabağla bütün dəhlizləri açmaq, Türkiyəni də buna qoşmağın nəyi pisdir? Xalqları sülhə hazırlamaq üçün ilk növbədə əlaqələr, yollar bərpa edilməlidir.
Bu prosesin rus bayrağı altında getməsində pis məna axtarmaq da bəlkə tələsik düşüncələrdir. Hər halda, ötən 30 il, bütün müstəqillik dövrümüz Qərbdə ədalət arayışlarımızı da boşa çıxardı. Dünya demokratiyasının beşikləri Qarabağda qazılan erməni deşiklərini, orda gizlənən banditləri görməzliyə vurdular. Tək bizə qarşı deyil. Dünənə qədər öz pasportunu hər cür quldura satan Kipr kimi oyuncaq dövləti Avropa Birliyinə qəbul eləyən, lakin Türkiyə kimi möhtəşəm dövləti qapısında 60 il gözlədən Qərbdən danışırıq. Terrorçulara qucaq açırdılar, modern demokratları incidirdilər.
Sərhədin açılması və rus bayrağı temasında bir məsələni də gərək unutmayaq: son 30 ildə hansı dövlət bizi vizasız-zadsız hər zaman qəbul eləyibdir? Yüz minlərlə işsiz gənclərimiz dolanışıq ardıyca Brüsselə, Marselə yox, Sankt-Peterburqa, Moskvaya yollanıblar. “Adamlar ayaqlarıyla səs verir” deyə bir söz var, prinsipcə, biz bu “rus ...məramlısı” yanaşmasına çoxdan səs vermişdik. Rusiyanın erməni məsələsində həmişə, tarix boyu bizim əleyhimizə olması da çox şişirdilmiş söhbətdir, tarixi mənbələrdə əksini göstərən faktlar var, kim istəsə özü tapa bilər.
“Məram” sözündən qabaq “sülh” sözünü qəsdən yazmadım. Ora hansı sözün əlavə edilməsi bizim gələcək fəaliyyətimizdən çox asılıdır.

Zamin HACI
Tarix: 3-12-2020, 10:08
Xəbəri paylaş



Xəbər lenti