Gümrü dərəsində “Berdzor dəhlizi” kafesi



Erməni bloqqerlər yazır ki, Qarabağdan gəlmiş ailələr İrəvanda boş evlərə, ürəyiyumşaq sakinlərin evlərinə girirlər, sonra da çıxmırlar, sonda hadisə yerinə polis gəlir, onlar da bəzən qollarına qolay olanları mənzildən çıxara bilirlər, amma xüsusi təyinatlı həyasızlara rast gələndə kərəvəngə qalırlar.
Gerçəkdən də çətindir, polis neyləsin, istəyir lap əməliyyatdan qabaq “sərt, ancaq səliqəli işləyəcəyik” deyən rus “spesnaz”ı olsun, əlinə bir şüşə benzin götürüb, yarısını üstünə tökən, o biri yarısını hər ehtimala qarşı şüşədə saxlayan və “yaxın gəlsəniz, özümü də, sizi də yandıracam” deyə bağıran qadınlara qarşı nə edə bilər?
O yandan gələn xəbərlər oxuduqca adam düşünür ki, elə bil, bu filmə bir neçə dəfə baxıb - işğal günlərində bütün telekanallarımızın növbə ilə göstərdiyi “Dədə Qorqud”, “Babək” filmləri kimi.
Biz artıq o cür haqq-hesabları əzbərdn bilirik. İndi ermənilərin növbəsidir.
Hələ bu harasıdır? Bir azdan başqa söhbətlər çıxacaq. Məsələn, bir gün İrəvanda metrodakı və ya avtobusdakı sıxlıqdan sitəm edən bir harsın yanındakı rəfiqəsinə deyəcək: “Eeeh, bu qaşqınnar da rədd olub öz xarabalarına getsəydi, canımız qurtaradı”. Tam təsadüfən bu sözləri həmin qadınlardan bir-iki metr aralıdakı qaçqın qadın eşidəcək və o, “aaz, mən Hadrutda (Karintakda, Mets Tağlarda) imarət qoyub gəlmişəm ey” deyə erməni dilində, ətrafdakı hamının eşidəcəyi desibeldə səs qaldırandan sonra cumacaq rəqibinin üstünə, onu “türkdən əmələ gələn” adlandıracaq və saçlayacaq.
Bu hadisə İrəvanın paytaxt cəmiyyətində ikitirəlik yaradacaq. Bir tərəf deyəcək ki, gerçəkdən də qaçqınlar gələndən İrəvanın zibili çıxıb, öz əyalət mədəniyyətləri ilə paytaxtımızın səviyyəsini aşağı salırlar. O biri tərəf də deyəcək, onlar bizim soydaşlarımızdır, yavaş-yavaş paytaxta adaptasiya olunacaqlar, belə sözlərlə türk dəyirmanına su tökmək olmaz.
Qaçqınlara ironik adlar qoyanlar da olacaq: “Azar”, yəni “Azerbaydjanskie armeninı” (əslində bu ayama çoxdan var, sadəcə, daha da populyarlaşacaq, bu sözə görə ağzı-burnu dağıdılanlar olacaq).
Qarabağdan getmiş fərasətli ermənilər Gümrü tərəfdəki dərələrdə “Berdzori mijantsk” adlı (“Berdzor dəhlizi”) modul quşxana-kafe açacaq, xalqa ucuz ət xörəkləri təklif edəcəklər.
İrəvanın mərkəzində açılan “Şuşi” restoranındakı toylarda hər axşam “Sarı gəlin” mahnısı oxudulacaq və ümid dolu kədərli tostlar deyiləcək: “Arzu edək ki, gələn il bu vaxt bu cür toylarımızı Şuşada, Cıdır düzündə keçirək”.
Ayrıca ekrana-efirə təzə-təzə çıxan müğənnilər Şişidə konsert verməyi, rəqqasələr Cıdır düzündə ayaqyalın oynamağı əhd edəcəklər.
Gün gələcək, əslən Xankəndidən olan bir şair qəzetə verdiyi müsahibədə deyəcək ki, hadrutlular və şuşililər yaxşı döyüşmədilər, şəhərlərini müdafiəsiz qoydular, amma stepanakertlilər sona qədər kişi kimi döyüşdülər, şəhərlərini qorudular.
Bu sözə görə cəmiyyət 3-4 tirəyə bölünəcək, sonda şairi “neprav” çıxaracaqlar. Şuşadan olan bir veteran komandir efirə çıxıb deyəcək ki, ən çox azatmarik verən şəhər məhz Şuşa olub, bir çoxları qaçıb çarpayının altında gizlənəndə fədailər Şuşidə can qoyublar.
Qəzəbli komandirin sözünə etiraz edən olmasa da, daldada deyəcəklər: “Torpaqlarını qoyub, qaçıblar, indi gəlib İrəvanda lotuluq edirlər”.
Arada qaçqınlara verilən kompensasiya mübahisə mövzusu olacaq. Yerli camaat deyəcək, xeyir ola, biz işıqpulu, supulu, qazpulu veririk, amma qaçqınlar vermir, özləri də ciplərdə gəzir, villada yaşayırlar. Elə olanda əslən qarabağlı jurnalistlər gedib İrəvandakı yataqxanalarda acınacaqlı durumda yaşayan qaçqınların şəraitini çəkib göstərəcəklər: yəni heç də hamı kef eləmir.
İlk gündən səsləndirilən “torpaqlarımızı qəsdən, qisas almaq üçün satdılar” söhbəti zaman-zaman lap böyüyəcək, amma torpağın konkret kim tərəfindən kimə və neçəyə satıldığı barədə heç bir detal açıqlanmayacaq.
Hansısa missiya ilə Hadruta, Tağa, Tuğa yolu düşənlərdən qayıdanda bir torba torpaq gətirməyi istəyənlər olacaq. Feysbukda “atam Şuşi deyə-deyə öldü” yazan istifadəçilər ilbəil artacaq.
Bir sözlə, bu son 30 ildə ermənilər başımıza hansı oyunu gətiriblərsə, hamısı birər-birər başlarına gələcək. “Buynuzsuz qoçun qisasının buynuzluda qalmaması”na dair atalar məsələnin hikməti belə deyir.

Samir SARI
Tarix: 3-12-2020, 09:37
Xəbəri paylaş



Xəbər lenti