
Bir itmiş əşyanı, bir qiymətli xəzinəni qaytarana borcunu ödəyə bilərsən, məsələn, xəzinənin yarısını ona verərsən, halallaşarsan- Şuşa borcu isə heç nəylə ödənməz...
Şuşadan hərbçilərimizin çəkdiyi son videoların birində uzun (yəqin ki, həm də dolanbac) yollarla keçib şəhərə girən kimə maşının kabinasından gələn “sür, məscidə...”deməyin mənası hamıya aydındır. Hamı Şuşanı işğaldan sonra məhz Yuxarı Gövhər Ağa məscidinin şəkli ilə tanıyıb, bəyənib, sevib, özləyib... Ötən ilin noyabrında “Şuşada gördüklərim” adlı virtual yazım məhz məscidin qarşısında yarımçıq qalmışdı və “davamı olmayacaq” xatırlatması ilə yekunlaşmışdı. Davamı gözlənilməz, hətta möcüzəvi və gözəl oldu. Qüsura baxmayın, Allahın sevimli bəndəsinə lütvüdür yəqin-heç bir il ötməmiş noyabrda(həm də ad günümdə) Şuşa qəhrəman əsgərlərimizin qanı hesabına düşməndən geri alındı.O simvol məscidi ağlım kəsəni muzey kimi görmüşdüm. Hər mövsümdə əcnəbi turistlərin axın-axın gəldiyi, diqqətlə baxdıqları, qarşısında özlərinin şəxsi fotoaparatlar ilə çəkdirdikləri fotolar, indi dünyanın dörd bir tərəfində şəxsi arxivlərdə də var. Yaxınlıqda daha bir məscid də var. İndi fotolarda və videolarda ara-sıra görünür, Aşağı Gövhər Ağa məscididir ora. Minbərləri dağılıb, tam baxımsız bir məscidə çevrilib...Bir az arxa küçədə olduğundan oradan keçəndə dəmir çərçivədən içəriyə "ey, orada kim var?” deyə qaranlığa maraqla səsləndiyimizi indi də yaxşı xatırlayıram. Allahın öz evindən didərgin salındığı illər idi, nə cavab olacaqdı ki...
Yazmışam bunları bir dəfə: Allahla insanlar arasında sədd çəkmək kimi ağılsız və qəddar bir ideologiyanın 70 il hakim olduğu dövrdə məscidlərin niyə bağlandığınının, daha doğrusu, niyə anbar, muzey kimi istifadə olunduğunun səbəbini anlamaq üçün çox zaman keçdi. Ta o zamana qədər ki, muzey olan məscidin minbərindən azan səsi eşidildi...
Məscidlə (kilsə ilə) insan arasında sərhəd, qadağa qoymaq olar, amma insanda Allah sevgisi varsa, könlü dininə bağlıdırsa, araya girmək mümkünsüzdür.
Qarabağ müharibəsinin ilk illərində həmin muzeyin məscid kimi istifadəyə qayıtması tarixi ədalətin bərpası idi. Amma o zamanlar azan səsi sanki şəhərin halına, məscidin və digər müqəddəslərin öz gələcək əsarətinə ağısı kimi idi. Bütün mənalarda kədər kimi azan idi...İşğala qədər belə idi...
İndi düşmən tapdağından azad edilən şəhərin məscidinin minbərindən hər gün azan səsi əskilmir. Şuşaya təkcə adamları qayıtmayıb, din, iman, Allah da qayıdıb... Məsciddən danışıb Paşinyanın adını çəkmək istəməzdim, amma onun Şuşa haqda dediyi axmaq sözlər ürəyimdə qalıb və həm də niyə elə deməsinin səbəbini bilirəm. Nə demişdi o zatıqırıq? “Şuşa bədbəxt, darıxdırıcı şəhər idi”. Paşinyan onların olmayan şəhərin nə dumanını, nə yağışını, nə qarını nəinki sevə, heç ona öyrəşə bilməzdi. Şuşa fəsilləri ilə spesfik şəhərdir, onun sərin yayı, soyuq bulaqları ilə yanaşı dumanı, çəni və qarı var. Bunların hamısını sevmədinsə, orada yaşaya bilməzdin...Necə ki, nə tikib yarada, nə yaşaya bildilər.
Mənim üçün doğulduğum, hər daşına bələd olduğum Şuşa artıq statusunu dəyişib. Şuşa indi əvvəllər olduğu kimi, 12-13 min adamın yaşadığı şəhər olmayacaq, heç əvvəlki kimi yaydan-yaya sərinləmək və dincəlmək üçün qonaq gözləyən şəhər də...Şuşa-5.5 min kvadratkilometrlik şəhər indi bir dünya boydadır, ora bir Azərbaycan sığar, harada bir azərbaycanlı varsa, onun da Şuşada yeri var.Arzumdur ki, Şuşada şəhidləri üçün bir möhtəşəm abidədə ucaldaq, həm də o səbəbdən ki, heç kim, heç bir məmur bu şəhərin bir daşına, bir qarış torpağına heç zaman xor baxmasın...Amma nə etsək belə, o qəhrəmanların qarşısında borcumuz ödənməz.
Mən tezliklə dədə-baba evimizə köçəcəyəm, o şəhərdə yaşayacağam və hər gün o qəhrəmanlara rəhmət oxuyacam. Bir itmiş əşyanı, bir qiymətli xəzinəni qaytarana borcunu ödəyə bilərsən, məsələn, xəzinənin yarısını ona verərsən, halallaşarsan. Şuşa borcu isə heç nəylə ödənməz...
Ali Baş Komandan İlham Əliyevə 44 günlük müharibə dönəmində və ondan sonra yazılan on minlərlə məktubdan da təsirlisini, daha gözəl sözlər yaza bilərdim. Bunu istədim də. Amma doğrusu, Şuşa qarşılığında minnətdarlıq edəcək sözü aciz gördüm. Müxtəlif təltiflərlə bağlı təkliflərə də sözüm yox, hərçənd bilirik ki, bu, Prezident üçün mümkün deyil.
“Şuşa fatehi”-Pənah Hüseynin Prezidentə verdiyi bu qiymətlə yüzdə-yüz şərikəm. Azərbaycan durduqca tarixdə bu adla yaşamaq, xatırlanmaq Prezident İlham Əliyevin qisməti imiş, daha doğrusu, haqqı. Halal haqqı...
Musavat.com
Tarix: 27-11-2020, 22:03