
Ukrayna ordusu Rusiyanın iri kommersiya və istehsal obyektlərinə hücumlarını davam etdirir. “Wildberries” anbarlarından sonra bu dəfə ölkənin ən böyük donuz və mal əti istehsalçısı “Miratorq” aqroholdinqinin müəssisələri zərbələrə məruz qalıb.
Tribuna.az xəbər verir ki, iyulun 22-nə keçən gecə Ukrayna Silahlı Qüvvələri Bryansk vilayətinin Klimovsk rayonunda “Miratorq”a məxsus bir neçə obyektə hücum edib.
Şirkətin məlumatına görə, müəssisələrdən birində istehsal korpuslarına ciddi ziyan dəyib və yanğın başlayıb.
“Zərər əhəmiyyətlidir. Xəsarət alan yoxdur”, – şirkətin mətbuat xidməti bildirib.
Digər obyektə dron hücumu zamanı isə mühafizəçi qəlpə yarası alıb. Bundan başqa, donuzçuluq kompleksində yem boşaldan yük avtomobili zədələnərək hərəkətsiz vəziyyətə düşüb. Sürücünün xəsarət almadığı bildirilir.
Maraqlıdır ki, “Miratorq” müəssisələri bundan cəmi bir gün əvvəl – iyulun 21-də də Ukrayna hücumlarına məruz qalmışdı. Bryansk vilayəti rəhbərinin səlahiyyətlərini icra edən Yeqor Kovalçukun sözlərinə görə, həmin hücumlar nəticəsində bir neçə istehsal korpusu zədələnib, iki ağır yük avtomobili isə məhv edilib. Xəsarət alanlar barədə məlumat verilməyib.
“Miratorq” Rusiyanın ən böyük donuz və mal əti istehsalçısıdır. Şirkətin öz məlumatına görə, aqroholdinq gündə 30 ton məhsul istehsal edir və onu Rusiyanın müxtəlif bölgələrinə çatdırır.
Aqroholdinq Aleksandr və Viktor Linnik qardaşlarına məxsusdur. Rusiya mediasında onların keçmiş prezident Dmitri Medvedyevin həyat yoldaşı Svetlana Medvyedeva ilə əlaqələrinin olduğu bildirilir.
Beləliklə, “Wildberries”in iri anbar komplekslərinə hücumlardan sonra Ukrayna dronlarının Rusiyanın ən böyük ət istehsalçısının obyektlərini də ardıcıl iki gün hədəfə alması diqqət çəkir.