ABŞ Ukrayna üzərində uçuşa qadağan zona tətbiq edəcək

ABŞ prezidenti Donald Tramp Vaşinqtonun Ukraynanın təhlükəsizliyi üçün müxtəlif mexanizmlər üzərində işlədiyini bildirib və bu çərçivədə ölkə üzərində uçuşa qadağan zonanın mümkün variantlardan biri ola biləcəyini istisna etməyib.

Bizimesr.com xəbər verir ki, Tramp NATO sammiti çərçivəsində Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşü zamanı təhlükəsizlik zəmanətləri məsələsinə toxunub. O bildirib ki, əgər tərəflər arasında etibarlı sülh sazişi əldə olunarsa, ABŞ Avropa ölkələri ilə birlikdə həmin razılaşmanın icrasına dəstək verəcək.

“Düzgün razılaşma əldə edə bilsək, Avropaya kömək edəcəyik. Avropa razılaşmanın icrasına nəzarət edəcək, biz isə onlara bu işdə yardım göstərəcəyik. Bir növ təhlükəsizlik paketi üzərində işləyəcəyik”, – deyə Tramp qeyd edib.

ABŞ liderinin sözlərinə görə, təhlükəsizlik zəmanətlərinin tərkib hissəsi kimi Ukrayna hava məkanının bağlanması məsələsi də nəzərdən keçirilə bilər. Bununla yanaşı, o vurğulayıb ki, əgər davamlı sülh sazişi əldə olunarsa, yeni hücum təhlükəsi ilə bağlı narahatlığa əsas qalmayacaq.

“Əgər razılaşmamız varsa, deməli, razılaşmamız var. O zaman gələcək hücumlarla bağlı narahat olmağa ehtiyac olmayacaq”, – deyə Tramp bildirib.

Tramp eyni zamanda Ukraynanın Rusiyanın neft emalı obyektlərinə endirdiyi zərbələri də şərh edib. O, bu hücumların münaqişənin daha da kəskinləşməsinə səbəb ola biləcəyini, lakin eyni zamanda tərəfləri danışıqlara sövq edən amillərdən biri kimi qiymətləndirilə biləcəyini deyib.

ABŞ dövlət katibi Marko Rubio isə Rusiyanın geniş hava məkanını müdafiə etməsinin getdikcə daha çətin olduğunu və bunun diplomatik həll üçün müəyyən imkanlar yaratdığını bildirib. Trampın açıqlamalarına Rusiyadan da reaksiya gəlib. Federasiya Şurasının Beynəlxalq Məsələlər Komitəsi sədrinin müavini Vladimir Cabarov bildirib ki, Ukrayna üzərində uçuşa qadağan zona yaradılması Moskva üçün qəbuledilməzdir. “Düşünürəm ki, prezident Vladimir Putin amerikalı həmkarına belə bəyanatların qəbuledilməz olduğunu açıq şəkildə izah edəcək”, – deyə Cabarov vurğulayıb.

Qeyd edək ki, Ukrayna üzərində uçuşa qadağan zona yaradılması ideyası 2022-ci ildən bəri müzakirə olunur. Lakin NATO indiyədək belə bir addımın alyansla Rusiya arasında birbaşa hərbi toqquşma riskini artıra biləcəyini əsas gətirərək təşəbbüsü dəstəkləməyib.

Tarix: Bu gün, 07:30
Xəbəri paylaş



Xəbər lenti