
Ukraynanın iyunun 21-də Rusiya tərəfindən anneksiya edilmiş Krıma hücumundan sonra Kerçdə fiziki və hüquqi şəxslərə benzin verilişi dayandırılıb.
AXS.az-ın məlumatına görə, "Krım Realiyi" yazır ki, yarımadaya Rusiya tərəfindən rəhbər təyin edilmiş Sergey Aksyonov benzinin istənilən formada satışına qadağa qoyulduğunu söyləyib. Yanacağın yalnız təhlükəsizlik və bir neçə dövlət qurumu nümayəndələrinə veriləcəyi bildirilib.
Yarımadada yerləşən Sevastopol şəhərində də yanacaq tədarükünün gecikdirildiyi bildirilib. Şəhərin rəhbəri Mixail Razvojayev benzinin yalnız operativ xidmət nəqliyyat vasitələrinə verildiyini açıqlayıb.
"Krımenerqo" şirkəti isə yarımadanın bir sıra yerlərində elektrik verilişinin dayandırıldığını bildirib.
Ukrayna iyunun 21-i səhər saatlarında Qafqaz limanını vurub. Rusiya tərəfi hücum zamanı dörd nəfərin öldüyünü açıqlayıb.
Ukrayna son zamanlar Rusiyanın əsas yanacaq mərkəzlərinə hücumlarını artırıb. Kiyev təkcə sərhədinə yaxın əraziləri yox, Moskva və Sankt Peterburq kimi şəhərlərdəki obyektləri də vurmağa başlayıb.