Ermənistan Müdafiə Nazirliyinin yalanlarına artıq ermənilər özləri də inanmırlar.
44 günlük müharibə ermənilərin saysız-hesabsız miflərini yerlə-yeksan etsə də, Ermənistan MN öz saxtakarlığından əl çəkə bilmir. Həmin günlərdə Artsrun Ovannisyan kimi bir “fenomen”i dünyaya bəxş edən erməni ordusu indi də öz yaratdığı “fenomen”in fəlsəfəsini yaşatmaqda israr edir.
“Taktiki olaraq geri çəkilmə” yalanının müəllifi olan bu şəxs artıq Ermənistan MN-in də xalq arasında iç üzünü ifşa vasitəsinə çevrilib.
“Esse TV” “YouTube” kanalında yayımlanan “Ekspertlər klubu” verilişdə aparıcı Arman Qriqoryan və hərbi ekspert Van Ambartsumyan Ermənistan Müdafiə Nazirliyində hələ də mövcud olan “Artsrunizm” fəlsəfəsini lağ obyektinə çevirib.
“Ermənistan MN-in bəyanatlarını necə anlamalı olduğumuzu bilməliyik. Bunu anlamağın bir açarı var və mən bunu sizinlə bölüşə bilərəm. Əgər orada heç bir toqquşma yoxdur deyirlərsə, demək sərt toqquşmalar olub. Əgər Ermənistan tərəfində itki yoxdur deyirlərsə, demək böyük itki verilib. Əgər Azərbaycanın itkiləri çoxdur deyirlərsə, demək ki, Azərbaycan itki verməyib”, - deyə A.Ambartsumyan bildirib.
Bu məqamda aparıcı “fenomen”i – Artsrun Ovannisyanı xatırladaraq bildirib ki, sözügedən şəxs MN-dən getsə də, MN ondan ayrıla bilməyib.
A.Ambartsumyan isə bu amili “Artsrunizm” xəstəliyi kimi təqdim edib.
Sonda isə aparıcının səsləndirdiyi fikirlər erməni cəmiyyəti üçün ordu rəhbərliyinin, sözügedən qurumun nə qədər aciz, mənasız və səviyyəsiz bir qurum olduğunu ortaya qoyub:
“Xüsusilə vurğulamaq istəyirəm ki, biz bu gün sizinlə oturub Ermənistan Müdafiə Nazirliyini ələ salırıq və yaxşı edirik”.
Göründüyü kimi Ermənistan MN öz yalan, saxta bəyanatları ilə erməni xalqını boğaza yığıb. Artıq ermənilərin özləri də bu qurumun pafoslu bəyanatlarını qəbul etmir. Ancaq MN-in “Artsrunizm” xəstəliyindən əl çəkməməsi onu daha da rüsvay etməyə davam edir. Hər halda rüsvay edən də, edilən də ermənilərdir, qoy bu barədə özləri düşünsünlər. //oxu.az//
Tarix: 18-11-2021, 15:37