“Böyük qaz savaşı”nın taleyi Cənubi Qafqazda həll edilir: Qərb Rusiya və Türkiyəyə qazdığı “quyu”ya düşüb



Kreml Rusiyadan təbii qaz almaq istəməyən Avropa Birliyi ölkələrinin İran-İraq-Suriya-Aralıq dənizi və İran-Ermənistan-Gürcüstan-Qara dəniz istiqamətli yeni enerji marşrutu layihələrini əngəlləyib; Belə davam edərsə, Avropa Birliyi əvvəl-axır geri çəkilərək, Rusiya təbii qazına məhkumluq taleyi ilə barışmaq məcburiyyətində qala bilər…

Avropa Birliyi məkanı özünün ən ağır günlərini yaşayır. Bu məkanda təbii qaz böhranı yaşanır. Və hələlik əsas qənaət ondan ibarətdir ki, bu böhran ən qısa zaman içərisində həll edilməsə, bu il qış aylarının şaxtası Avropa qitəsini dondura bilər.
Onu da qeyd edək ki, ötən il Avropada140 dollardan aşağı səviyyədə olan təbii qazın qiyməti 2021-ci ildə 2000 dollara qədər bahalaşmışdı. Son vaxtlar isə qiymətlər aşağı düşsə də, hələ də 850-1000 dollar arasında dəyişir. Və bu, əksər Avropa dövlətləri üçün ağır maliyyə-iqtisadi zərbə hesab olunur.
Maraqlıdır ki, Avropa Birliyi bu böhrana görə məhz Rusiyanı günahlandırır. Bu qurumun təmsilçiləri hesab edirlər ki, Kreml təbii qazın qiymətlərini süni şəkildə bahalandırmaqla, Avropa qitəsini bütövlükdə Rusiyadan enerji asılılığına sürükləməyə çalışır. Və bunu “qoca qitə”yə qarşı enerji savaşının açılması kimi dəyərləndirdiklərini də vurğulayırlar.
48494-3267719540.jpg (187 KB)
Halbuki Kremldə qətiyyən belə düşünmürlər. Hətta Rusiya prezidenti Vladimir Putin Kremlin ünvanına bu mövzuda ittihamlar eşitdikdə, hər hansı narahatlıq keçirtmədiyini də gizlətmir: “Avropa öz yanlış enerji siyasətinin qurbanına çevrilib. Təbii qaz böhranı ilə üzləşdikdən sonra Rusiyanı suçlamaq isə tamamilə məntiqsizlikdir”.
Əslində, Kreml sahibi Avropa Birliyi ölkələrinin təbii qaz böhranı ilə üzləşməsindən məmnun olduğu da qətiyyən diqqətdən yayınmır. Hətta prezident V.Putin bu mövzuda sualları adətən, özündən razı görkəm alaraq, cavablandırır: “Biz vaxtılə avropalılara Rusiyadan təbii qaz almağı təklif etmişdik. Ancaq onlar mövcud müqavilələri daha uzun müddətə qədər uzatmaqdan imtina etdilər. İndi həmin müqavilələr sona çatıb, alternativ enerji mənbələri yoxdur, qiymətlər isə bahalaşıb. Deməli, vaxtilə daha ucuz qiymətə ala biləcəkləri təbii qazı indi mövcud dünya tarifləri ilə almaq məcburiyyətindədirlər. Yəni onların öz səhvlərinə görə Rusiyanı günahlandırmalarını anlamaq çox çətindir”.
Təbii ki, Avropa Birliyinin “qaz böhranı” ilə bağlı Rusiyanı ittiham etməsinin də, prezident V.Putinin də qarşı tərəfi vaxtilə ciddi səhvlər buraxmaqda qınamasının arasında bir-birinə bağlantılı önəmli səbəblər var. Belə ki, vaxtilə Avropa Birliyi Rusiya və Türkiyəyə “quyu” qazmağa çalışıb. Və indi həmin “quyu”ya məhz Avropa Birliyinin özü düşüb.
Məsələ ondadır ki, 2012-2014-cü illərdə Avropa Birliyinin strateqləri İranla gizli danışıqlar aparıblar. Nəticədə hər iki tərəf rəsmi Tehranın nüvə proqramından imtina etməsinin qarşılığında Avropa Birliyinin İran qazını etməsi məsələsində anlaşıblar. Yəni, rəsmi Tehran nüvə silahı yaratmayacaqdı, beynəlxalq sanksiyalar qaldırılacaqdı, Avropa Birliyi Rusiyadan yan keçməklə, İrandan enerji resursları alacaqdı. Bu, ABŞ-ın strateji maraqlarına da tamamilə cavab verirdi.
141016094338_putin_signing_pipeline_reuters_624x351_reuters (1).jpg (24 KB)
Arxasından ABŞ-ın da boylandığı həmin anlaşmaya görə, İran enerji resursları Avropaya İraq və Suriyadan keçməklə, Aralıq dənizi üzərindən nəql olunmalıydı. Əgər, bu, reallaşardısa, Rusiya və Türkiyənin maraqları ciddi təhlükə altında qala bilərdi. Belə ki, Avropaya qaz ixracından Rusiyanın qazandığı milyardlar İranın büdcəsinə axacaqdı. Eyni zamanda, Avropya istiqamətli əsas enerji marşrutları xabına çevrilmiş Türkiyə də böyük itkilərlə üzləşəcəkdi.
Ona görə də, bu məsələdə Rusiya və Türkiyənin strateji maraqları tamamilə üst-üstə düşürdü. Yəni, Rusiya dünyanın əsas enerji resursları icracatçısı statusunu və onmilyardlarla dollar itirəcəkdi. Türkiyə də külli miqdarda tranzit gəlirlərindən məhrum olmaqla yanaşı, həm də Avropaya enerji resursları ixracı şansı qazanaraq, varlanmış və güclənmiş İran faktoru ilə üzləşəcəkdi.
Şübhəsiz ki, Rusiya və Türkiyə kimi nəhəng dövlətlər Avropa Birliyinin qazdığı “quyu”ya düşmədilər. Bu “böyük qaz oyunu” barədə kəşfiyyat məlumatları əldə edildikdən dərhal sonra Rusiya və Türkiyə arasında strateji tərəfdaşlığın əsası qoyuldu. Hər iki dövlət Suriya ərazisinə hərbi kontingent yeritdi. Ardıncasa, Suriya ərazisindən enerji marşrutunun yaradılmasının qarşısı alınmış oldu.
Avropa Birliyi bu vəziyyətdən çıxış yolu kimi, enerji marşrutunun istiqamətini Cənubi Qafqaza çevirmək qərarını verdi. Yəni, bu dəfə İranın boru kəməri məhz Ermənistan və Gürcüstan üzərindən Qara dənizə çıxarılacaqdı. Ancaq Kremlin buna da cavab variant hazır idi. Ermənistan Rusiyanın regiondakı for-postu olaraq, yalnız Kremlin sayəsində mövcudluğunu qorumaqdaydı. Sadəcə, Rusiyameylli qüvvələri əvəzləmiş Paşinyan hakimiyyəti birmənalı şəkildə Qərbə can atırdı. Və Avropa Birliyinin enerji layihəsinin içərisində yer almaq şansı qazanmasından da tamamilə məmnun idi.
865049d5-4b31-4d0d-8cd0-d35f3cd66f3a.jpg (294 KB)
Deməli, Kremlin vəziyyətdən çıxış yolu kimi, xəyanətə hazır olan Ermənistanı cəzalandırması lazım gələcəkdi. Rəsmi İrəvan cəlbedici layihəyə şirniklənərək, 30 il ərzində Azərbaycan ərazilərini işğal altında məhz Rusiyanın himayəsi sayəsində saxlaya bildiyini unutdu. Və Rusiyanın Ermənistanı güclənmiş Azərbaycan ordusu qarşısında tək buraxa biləcəyinə ehtimal vermədi.
Nəticəsi isə məlumdur. Kreml Ermənistanın çiyinləri üzərində olan Rusiyanın iki əlindən sadəcə, birisini geri çəkdi. Ermənistanı Azərbaycanla təkbətək buraxdı. Rəsmi Bakı 30 il səbrlə gözlədiyi tarixi məqamdan böyük bacarıqla faydalandı. Və Azərbaycanın ərazi bütövlüyünü bərpa edə bildi.
İndi Rusiya israrla Ermənistan ərazisindən Zəngəzur dəhlizinin açılmasına çalışır. Kreml hətta bu məsələdə Azərbaycan və Türkiyədən belə, daha çox canfəşanlıq edir. Çünki Zəngəzur dəhlizi açıqlacağı təqdirdə, bu marşruta məhz Rusiya hərbi kontingenti tərəfindən nəzarət ediləcək. Bu haldasa, Ermənistan ərazisindən Qara dənizə hər hansı enerji marşrutunun yaradılması niyyətləri birdəfəlik dəfn edilmiş olacaq.
Bütün bunlar Almaniya, Fransa və s. Avropa Birliyi ölkələrinin 44 günlük savaş dövründə, eləcə də indi niyə Ermənistanı müdafiə etməyə çalışdıqlarının əsas səbəblərini anlamağa imkan verir. Avropa Birliyinin Ermənistanın inkişafı üçün 2,4 milyard avro maliyyə vəsaiti ayırmasının səbəblərini də elə bu məsələdə axtarmaq lazımıdr. Yəni, Avropa Birliyi hazırda Ermənistanı vəziyyətdən çıxararaq, gücləndirə biləcəyinə hələ də ümid bəsləyir.
1528745391_4e61f958d4a76fb410b67ebb35ebd14c.jpg (420 KB)
Ancaq Rusiya və Türkiyənin ortaq strateji maraqlarının Azərbaycanla üst-üstə düşməsi Cənubi Qafqazda cərəyan edən geopolitik proseslərdə əsas faktor rolunu oynayır. Ermənistan cəmiyyətində Rusiya və prezident V.Putin nə qədər sərt şəkildə ittiham olunub, təhqir edilsə də, rəsmi İrəvan Zəngəzur dəhlizini açmağa məhkumdur. Böyük və güclü dövlətlərin maraqlarına Ermənistan kimi kiçik və gücsüz ölkələr müqavimət göstərə bilməzlər.
Göründüyü kimi, Avropa qitəsində baş qaldıran təbii qaz böhranının Cənubi Qafqaz regionunda cərəyan edən geopolitik, geoiqtisadi və geostrateji proseslər ilə bağlantısı olmamış deyil. Cənubi Qafqaz regionu hazırda “böyük qaz savaşı”nda böyük önəm daşıyan geopolitik məkandır.
Bu savaş hələ uzun müddət davam edə bilər. Çünki, Kremlin əsas hədəfi “Şimal axını-2” marşrutunu işə salaraq, Avropa Birliyini Rusiyadan tamamilə enerji asılılığı vəziyyətinə salmaqdır. Və belə davam edərsə, Avropa Birliyi əvvəl-axır geri çəkilərək, Rusiya təbii qazına məhkum yaşamaq taleyi ilə barışmaq məcburiyyətində qala bilər.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

Tarix: 1-11-2021, 22:13
Xəbəri paylaş



Xəbər lenti