ABŞ 40 F-16 satmaqdan imtina etsə Türkiyə nə edəcək?



Əgər ABŞ F-35 qırıcılarının ardınca Türkiyəyə 40 ədəd F-16 qırıcılarını da satmaqdan imtina etsə, Ankara Rusiyadan Su-35 və Su-57 qırıcıları ala bilər. virtualaz.org xəbər verir ki, Türkiyənin Müdafiə Sənayesi Agentliyinin rəhbəri İsmayıl Dəmir “Kanal 7”-yə müsahibəsində belə deyib.
Xəbər verildiyi kimi, bu günlərdə Türkiyə 40 F-16 qırıcılarının alınması üçün ABŞ Dövlət Departamentinə rəsmi sorğu göndərib. Bəzi ekspertlərə görə, Konqres Türkiyəyə yeni F-16 qırıcılarının satışını əngəlləyə bilər.

“Əgər proses (ABŞ-ın yeni F-16 qırıcılarını satması və Türkiyənin Hərbi Hava Qüvvələrinin arsenalında olan F-16 qırıcılarının modernizə edilməsi, - red.) nəticə verməsə o zaman Türkiyə alternativsiz deyil. Zərurət yaranarsa istənilən vaxt Su-35 və Su-57 mövzusu açıla bilər. Bizim sənayemiz ölkəmizin təhlükəsizliyini təmin etmək üçün əlindən gələni edir, əgər əlavə nəsə gərək olsa biz çıxış yolu tapacağıq”, - İsmayıl Dəmir bildirib.
 Xatırladaq ki, Türkiyə beşinci nəsil F-35 qırıcıları layihəsinin iştirakçısı idi və “Lockheed Martin” korporasiyasından 100 belə təyyarə almağa hazırlaşırdı. Türkiyə tərəfi layihəyə 1.4 milyard dollar xərcləsə də sonradan Ankaranın Rusiyadan S-400 zenit-raket komplekslərini alması Vaşinqtonun narazılığına səbəb oldu. Nəticədə Türkiyə F-35 layihəsindən çıxarıldı, onun xərclədiyi vəsait isə qaytarılmadı. Ötən gün prezident Ərdoğan jurnalistlərə bildirib ki, F-35 qırıcılarının əvəzində yeni F-16 təyyarələrinin alınması barədə təklifi ABŞ tərəfi irəli sürüb. Türkiyə tərəfi bu təklifə müsbət yanaşıb və müvafiq sorğu göndərib.
Tarix: 18-10-2021, 15:27
Xəbəri paylaş



Xəbər lenti