Rusiya-Belarus İttifaqı: yeni SSRİ, yoxsa...?


Deputat: “Rusiya Belarusu “bufer zona”ya çevirməyə çalışır və öz sərhədlərində yeni müharibə istəmir”
Partiya sədri: “Lukaşenko bir dəfə səhv etdi və bundan nəticə çıxardı, eyni səhvi təkrarlamayacaq”
Sentyabrın 9-da Rusiya Prezidenti Vladimir Putin belaruslu həmkarı Aleksandr Lukaşenko ilə 28 bəndlik Rusiya-Belarus İttifaqı Dövləti Proqramı haqqında razılıq əldə edildiyini açıqladı. İqtisadi və sosial sahələrdə inteqrasiyanı təmin edəcək İttifaq Dövlətinin 28 maddədən ibarət proqramı ilə iki ölkə iqtisadiyyatının müxtəlif sahələrini birləşdirmək, ortaq maliyyə və enerji bazarları, ortaq sənaye və kənd təsərrüfatı siyasəti həyata keçirmək nəzərdə tutulub.
Qeyd edək ki, Rusiya-Belarus İttifaqı uzun zamandır müzakirə olunsa da, baş vermirdi. Belarus Prezidenti Aleksandr Lukaşenokonun bunda maraqlı olmadığı və bu səbəbdən Qərblə Rusiya arasında siyasi manevrlər etdiyi də söylənilənlər arasında idi. Lakin paytaxt Minskdə və Belarusun digər şəhərlərində keçirilən aksiyalar, müxalifətin seçkilərdə qələbə qazanması, Qərbin Svetlana Tixanovskayanı Belarus Prezidenti olaraq tanıması Lukaşenakonu yenidən Moskva ilə yaxınlaşmağa təhrik etdi.
Belarusun dövlət başçısı nəhayət başa düşüdü ki, bu cür idarəetmə sistemi ilə Rusiyanın yanında yer almaqdan savayı yolu yoxdur. Seçkiöncəsi açıq şəkildə Kremli hədələyən, “Vladivostoka qədər yanarsınız” deyən Lukaşenko seçkilərdən sonra “Rusiya ilə bizim aramızı vurmağa çalışırlar” bəyanatını səsləndirdi.
Rusiya-Belarus İttifaqı potsovet məkanında qütbləşməni dərinləşdirəcək, yoxsa SSRİ formatında yeni təsisat yarana bilər?

Milli Məclisin üzvü Arzu Nağıyev AYNA-ya açıqlamasında deyib ki, Rusiya ilə ittifaqa daxil olarsa, Qərb birmənalı şəkildə Belarusdan imtina edəcək: “Bunu rəsmi Minskdə yaxşı başa düşürlər. Bu mənada Rusiya ilə münasibətləri bu həddən yuxarı səviyyədə davam etdirəcəyi inandırıcı görünmür. Eyni zamanda Moskva öz sərhədləri yaxınlığında müharibənin olmasını istəmir. Qərblə Rusiya arasında sərhədlərdən biri də Belarusdan keçir. Yəqin ki, həmin ərazidə “bufer zona” yaratmağa, öz təhlükəsizliyini təmin etməyə çalışır”.
“Moskva və Minski arasında imzalanan son sənəd isə daha çox siyasi xarakterlidir. Bilirsiniz ki, Belarusa qarşı Qərbin çox ciddi təzyiqləri var. Keçmiş İttifaq ölkələrindən Litva, Latviya və Estoniya açıq şəkildə Belarus müxalifətinə dəstək verir. Mövcud şərait Lukaşenko iqtidarı üçün təhlükəlidir. Bu səbəbdən Rusiya ilə bağları qorumağa çalışır. Dediyim kimi, bu, daha çox siyasi addımdır və hər iki tərəf - həm Rusiya, həm də Belarus bu aspektdə öz maraqlarını qorumağa çalışır”, - deyə deputat bildirib.
Onun sözlərinə görə, Qərbin yenidən Belarusu qarışdırmaq məsələsi gündəmdədir: “Belarusda keçirilən son seçkilərdə mən də müşahidəçi olaraq iştirak etmişəm. Apardığım müşahidələrə rəğmən deyə bilərəm ki, burada iqtisadi tələblər yox, siyasi tələblər aktual idi. Konkret olaraq orada hadisələri idarə edən, nizam verən qüvvələr mövcud idi. Heç şübhəsiz ki, bu, Qərb idi. Qərb Ukrayna və Moldovada olduğu kimi, Belarusda da özünə yaxın şəxsi hakimiyyətə gətirmək istəyir. Məqsəd onu Moskva ilə yaxınlaşmaqdan çəkindirməkdir. İmkanı olsa, yenə bunu etməyə çalışacaq. Bu isə Kremlin Belarusu itirməsi demək olardı. Bu, baş verməsin deyə onlar bir araya gəlib və qüvvələrini birləşdirmək xəttini tutublar”.
Nağıyev əlavə edib ki, SSRİ formatında yeni imperiyanın yaranması ehtimalı çox aşağıdır: “Əfqanıstanda və Orta Asiyada baş verənlər fonunda bu, qətiyyən inandırıcı deyil. Qərb heç bir halda buna imkan verməyəcək. Bu prosesi dayandırmaq, tormozlamaq üçün nə mümkündürsə, edəcək. Rusiyanın da artıq o gücü yoxdur ki, belə bir şəraitdə imperiya niyyətlərini həyata keçirsin”.

Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə isə AYNA-ya şərhində söyləyib ki, Rusiya ilə Belarus arasında İttifaq sazişinin imzalanması gözlənilən idi: “Əvvəla ona görə ki, bu məsələ uzun müddət idi müzakirə olunurdu. Digər yandan Belarus tam mənada Rusiyadan asılıdır. Bu ölkənin iqtisadiyyatı, hərbi sənayesi, yaşaması bilavasitə Moskva ilə əlaqəlidir. Həm də onlar eyni millətdir. Aralarında müxtəlif sazişlərin imzalanması hər ikisi üçün vacib olmaqla yanaşı, birgə hərəkəti də təmin edir. Minskdə başa düşməlidirlər ki, bu ölkənin Rusiyadan kənarda rifahı yoxdur. Görünür, bunu başa düşürlər və məhz elə bu səbəbdən də inteqrasiyanı dərinləşdirməyə çalışırlar”.
ASDP sədrinin bildirdiyinə görə, yeni imperiyanın yaranması mümkün deyil və bu məsələ ümumiyyətlə müzakirə olunmur: “SSRİ-ni elə məhv etmədilər ki, o, yenidən baş qaldırsın. Heç bir zaman SSRİ formatında yeni ittifaq yaranmayacaq. Əslində, belə bir plan da yoxdur. Sadəcə Rusiya regionda öz maraqlarını və təhlükəsizliyini təmin etmək üçün müəyyən addımlar atır. Lakin bu, o demək deyil ki, yeni imperiya yaratmaq niyyətindədir”.
Belarusda yenidən inqilab gözləntilərindən danışan Əlizadə bunu real saymır: “Lukaşenko bir dəfə səhv etdi və bundan nəticə çıxardı. Nə vaxtsa yenidən eyni səhvi etməsi inandırıcı deyil. Nə zamana qədər ki, özü səhv etməyəcək, iqtidarına da hər hansı təhlükə olmayacaq”.
Tarix: 9-10-2021, 17:12
Xəbəri paylaş



Xəbər lenti