Nikol Paşinyan
"Ermənistan heç vaxt İrana qarşı sui-qəsddə iştirak etməyib və heç vaxt iştirak etməyəcək. Üstəlik, Tehranla münasibətlər İrəvan üçün son dərəcə vacibdir".
"Armenpress" xəbər verir ki, bu sensasion etirafı Ermənistan hökumətinin başçısı Nikol Paşinyan Litvanın erməni icması ilə görüşündə səsləndirib.
Paşinyan İranın maraqlarının Ermənistan üçün "çox əziz olduğunu" və rəsmi İrəvanın İranın maraqlarına heç vaxt xəyanət etməyəcəyi fikrini ifadə edib. O, rəsmi Tehranın bunu yaxşı bildiyinə əminliyini ifadə edib.
"Əminəm ki, İranlı həmkarlarımız bunu bilirlər - Ermənistan heç vaxt İrana qarşı sui -qəsddə iştirak etməyib və etməyəcək, çünki bu münasibətlər bizim üçün son dərəcə vacibdir. 90-cı illərin əvvəllərində İranın bizim üçün "həyat yolu" olduğunu heç vaxt unutmayacağıq", - Paşinyan bildirib.
O qeyd edib ki, ikitərəfli münasibətlərin əsasını digər məsələlərlə yanaşı, məhz bu amil təşkil edir. Paşinyan İranın yeni prezidenti Raisi ilə iki görüşün keçirdiyini vurğulayıb. Ermənistan hökumətinin başçısı hesab edir ki, bu fakt Tehranla münasibətlərin İrəvan üçün nə qədər önəmli olduğunu göstərir.
Paşinyan onu da vurğulayıb ki, hazırda Ermənistan-İran iqtisadi əlaqələri sanksiyalara görə tam həcmdə inkişaf edə bilmir. "Lakin Ermənistanın İranla böyük layihələri var. İran prezidenti ilə görüşdə bu layihələrin həyata keçirilməsini sürətləndirməyi təklif etmişəm".
Söhbət İran şirkəti ilə birlikdə İslam Respublikasına üçüncü elektrik ötürmə xəttinin inşasının sürətləndirilməsindən, həmçinin "elektrik enerjisi qarşılığında qaz" iqtisadi formulasının tətbiqindən gedir.
Paşinyan qeyd edib ki, İranın ali rəhbərliyi ilə görüşlərdə Meqri su anbarı və hidroelektrik stansiyasının tikilməsi layıhəsinə qayıtmaqı təklif edirdi. O qeyd edib ki, layihənin həyata keçirilməsi təkcə birgə enerji idarəçiliyi baxımından deyil, həm də su qaynaqları baxımından son dərəcə əhəmiyyətlidir.
Baş nazir, həmçinin Araz çayının Ağarak mis-molibden zavodunun zənginləşdirmə zavodunun çirkab suları ilə çirklənməsi ilə bağlı problemin həll olunduğunu vurğulayıb.(virtualaz.org)
Tarix: 4-10-2021, 10:05