Müəllif: Tengiz Ablotiya, haqqın.az saytının yazarıGürcüstanda bələdiyyə seçkilərində iqtidar partiyası 47%-dən çox səs yığaraq qələbə qazanıb, əsas müxalifət partiyası - Mixail Saakaşvilinin “Vahid Milli Hərəkat”ı (VMH) isə səslərin 30%-ni toplayıb.Sanki hər şey aydındır, rəqəmlər ortadadır. Ancaq adətən olduğu kimi, şeytan detallardadır. Bizim misalımızda təkcə şeytan yox, onun bütün ailəsi.
Əlbəttə, rəqəmlər əhəmiyyətlidir, ancaq daha əhəmiyyətlisi onların arxasında dayananlardır. Arxada isə birmənalı olmayan yekun dayanır ki, bu da hakim partiyanı ən azından narahat etməlidir. İlk növbədə hakimiyyətin iri şəhərlərdə, o cümlədən paytaxtda olduqca zəif nəticələr göstərdiyini qeyd etməliyik. Tbilisidə “Gürcü arzusu” cəmisi 40% səs alıb. Onlarla şəhərdə ehtimal ki ikinci tur olacaq, altı şəhərdə isə birinci yerə VMH-ın namizədləri çıxıb - bu, son 9 ildə görünməmiş hadisədir. Ümumiyyətlə, hakim partiya bəzi bölgələrdə qələbə çalsa da, bəzilərində tam məğlubiyyətlə rastlaşıb.
"Gürcü Arzusu" seçkilərdə qalib gəlib, amma baş repetisiyanı uduzubNəhayət, uğrunda savaş gedən əsas vəzifə - Tbilisi meri hələlik mübarizə mövzusu olaraq qalır: hazırkı mer Kaxa Kaladze səslərin 45%, onun əsas rəqibi, Saakaşvilinin silahdaşı Nika Meliya isə 34%-i qazanıb. Potensial qaliblə məğlub arasında məsafə çox kiçikdir, hakim partiyanın hər hansı inamlı qələbəsindən söz belə gedə bilməz…
Daha doğrusu, gedə bilməzdi, əgər bir cəhət olmasaydı… Gürcüstanda seçkilər qarışıq, yəni proporsional-majoritar sistemlə keçirilir. Majoritarlar - birmandatlılar istənilən hökumətdə səslərin tükənməz mənbəyi, xəzinəsi olub. Şəhər və kəndlərinin əhalisinin bəzən yarısını bəsləyən yerli varlılar bir qayda olaraq hakim partiyadan namizədliklərini verir və həmişə qalib gəlirlər. Bunun hesabına Şevardnadzedən başlamış İvanişvili dövrünə qədər istənilən hakim partiya yekunda partiya siyahısı ilə 40-45% əldə edərək birmandatlıların böyük üstünlüyü hesabına asanlıqla qalib gəlib.
Bu dəfə də belə olacaq - bütöv bölgələri heç bir problem olmadan satın alan zəngin majoritarların sayəsində “Gürcü arzusu” udacaq.
Ancaq artıq söyləndiyi kimi, baş sındırmalı bəzi şeylər var, ilk növbədə, 2024-cü il uzaqda deyil. 2024-cü ildə növbəti parlament seçkiləri keçirilməlidir və o seçkilər majoritarlarsız olacaq.
Majoritar səsvermənin ləğvini və seçkilərin yalnız partiya siyahıları ilə keçirilməsini nəzərdə tutan Konstitusiyaya düzəlişlər firavan 2017-ci ildə qəbul olunub. Hakimiyyət o vaxt indikindən daha populyar idi və hər faizə görə narahat olmaya bilirdi.
Ancaq dövr dəyişib və hesab edirəm ki, düzəlişlər indi, 2021-ci ildə müzakirə edilsəydi, “Gürcü arzusu” majoritar sistemi saxlamaq üçün əlindən gələn hər şeyi edərdi. Çünki, bu sistem onun əbədi və inamlı qələbəsinin təminatıdır. Vaxt artıq itirilib, əvvələ qayıtmaq üçün konstitusion çoxluq tələb olunur, o isə “Gürcü arzusu”nda yoxdur.
Gürcü Arzusu üstünlüyünü - majoritarları itiribNəticə birdir: 2024-cü ildə hər səs uğrunda mübarizə aparmaq lazım gələcək. Hakimiyyətdəkilər üçün birmandatlılarsız seçki qladiator üçün qalxansız savaşmağa bənzəyir - xırda bir səhv və artıq ruhun göylərdədir.
Əlbəttə, “Gürcü arzusu”nun üstünlükləri olacaq - məsələn, müxalifətin pərakəndəliyi və 2 faizlik səddi keçə bilməyən çoxsaylı xırda partiyaların mövcudluğu. Bu sonuncuların faizləri səddi keçə bilənlərin arasında bölünəcək. Düzdür, bu çox deyil, ancaq ağa verən atın dişinə baxmazlar.
Bu isə o deməkdir ki, hakim partiya 2024-cü ildə necəsə 50% toplaya, sonra isə 3-cü yeri tutan partiya ilə koalisiyaya gedə bilər. Söhbət indiki hökumətin cəmisi bir neçə ay əvvəl müxalifətə keçən əvvəlki baş naziri Georgi Qaxariyanın başçılıq etdiyi partiyadan gedir. Qaxariyanın partiyası çox yaxşı nəticə göstərə bilib - səslərin 7%-ni qazanıb. Və Qaxariyanın hakim partiyanın keçmiş silahdaşı olması heç kimi çaşdırmasın - Gürcüstanda siyasət elə qurulub ki, dünənki həmfikirlər bu gün ən qəddar düşmənlərə çevrilirlər…
İstənilən halda 2024-cü il dönüş nöqtəsi olacaq: hakim partiya hətta səslərin 50% -ni qazansa belə, onun monopoliyası bitəcək və istədiyini özünə rəva bilmək hissi ilə vidalaşacaq. Rəqiblər gəlib sənə çatıbsa, arzuolunan çoxluq isə 2-3 deputatdan asılıdırsa, ehtiyatlı olmağa məcbursan.
Hazırkı mənzərəyə baxanda görürük ki, Gürcüstanda hakimiyyət dəyişikliyi ani hadisə olmayacaq - yəni, hakimiyyət vardı və birdən yoxa çıxdı… Bu proses uzana bilər, ancaq özünəməxsus məntiqlə inkişaf edəcək…
2024-cü ildə baş verəcək yeni reallığın ilk konturları artıq 2021-ci ilin oktyabrında görünməkdədir.
Və əlbəttə, bir neçə kəlmə də Saakaşvili haqqında. Onsuz olmaz ki...
Onun könüllü, yoxsa bilməyərəkdən etdiyi fədakarlığın hansısa nəticə verəcəyinə və ya əksinə, əbəsliyinə dair çoxlu mübahisələr oldu. Eks-prezidenti (necə də olmasa həbsdədir) və onun fanatik tərəfdarlarını peşman etmək istəməzdim, ancaq onun Gürcüstana qayıdışından heç bir fayda hiss olunmur. Bunu gözləmək olardı.
Saakaşvilinin 2024 -cü ilə qədər düşünmək üçün vaxtı varSaakaşvilinin qatı tərəfdarları mövcuddur. Qəribə şəkildə onların sayı uzun illər ərzində azalmır, ancaq həm də artmır. Bu, elektoratın təxminən 28-30%-dir.
VHM ötən seçkilərdə 28%, bu dəfə isə 30% qazanıb. Fərq sırf statistikdir, partiyanın ümumi statusuna təsir göstərmir - bu, partiyanın Mişa ilə və ya Mişasız ənənəvi seçicisidir, 2012-ci ilin məğlubiyyətindən bəri partiyadadır.
Bunun naminə türmə ilə sonuclanan oyunu oynamaq lazımdımı? Bu haqda Mişa fikirləşməlidir. Onun fikirləşmək üçün vaxtı çox olacaq. Tam müəyyənliklə söyləmək olar ki, “Gürcü arzusu” onu heç bir halda azad etməyəcək. Hətta Yerə asteroid düşüb bəşəriyyəti məhv etsə, şəhərləri od bürüsə, canlıların bütöv növləri yox olsa belə, “Gürcü arzusu” son adama qədər Mişanın kamerasını qoruyacaq - birdən Apokalipsisdən istifadə edib qaçmasın deyə…
“Gürcü arzusu”nun bütün ideologiyası, mövcudluğunun bütün mənası Mişaya olan nifrətdən ibarətdir. Körpənin göz yaşı qədər saf olan bu nifrət dünyada hər şeyi kölgədə qoyur. Onu Tbilisidə azadlıqda görmək “Gürcü arzusu”nun adeptləri üçün dözülməz əzabdır…
Yəni, Saakaşvili həbsdə hələ çox qalacaq - ən azından 2024-cü ilə qədər. İstənilən halda hazırkı seçkilərin rəqəmləri fərz etməyə imkan verir ki, Saakaşvili 2024-cü ildə azadlığa çıxa bilər.
Tarix: 4-10-2021, 10:01