Almaniya MSK -nın məlumatlarına əsasən, Sosial Demokrat Partiyası Bundestaq seçkilərində 25,7 faiz səslə qalib gəlib.Xristian Demokrat və Xristian Sosialist İttifsaqı bloku tarixində ən aşağı səs toplayaraq 24.1 faizlik göstərici ilə ikinci yeri tutub. Yaşıllar Partiyası 14,8 faizlə üçüncü, Azad Demokrat Partiyası 11,5 faizlə dördüncü, Almaniya üçün Alternativlər Hərəkatı 10,3 faizlə beşinci sırada qərarlaşıb. Sol Partiya partiya siyahılarında 5 faizlik baryeri aşa bilməyib. Bu yaxınlarda Sosial Demokrat Partiyasından Almaniya Federativ Respublikasının kansleri vəzifəsinə namizəd Olaf Scholz miladdan əvvəl yeni hakim koalisiya barədə razılığa gəlmək niyyətində olduğunu bildirib.
Qeyd edək ki, hakim koalisiya Almaniya kansleri vəzifəsinə Baş nazirin müavini və maliyyə naziri Armin Laşetin namizədliyini irəli sürmüşdü. Buna baxmayaraq, sosial demokratlar Laşetin vətəni olan Şimali Reyn-Vestfaliyada da qalib gəlib. 2017-ci ilin seçkiləri ilə müqayisədə XDİ/XSİ-nın topladığı səslərin sayı 8,9 faiz aşağı düşüb. Sollar 4,3 bənd, Almaniya Üçün Alternativlərin seçkilərdə əldə etdiyi göstəricilər 2,3 bənd pisləşib. Sosial demokratlar isə ötən seçkilərdən 5,2 faiz çox səs toplayıb. Yaşıllar Partiyası 5,9 faiz, Azad Demokratlar isə 0,8 faiz üstünlük qazanıb.
Almaniyada majoritar və proporsional prinsipləri birləşdirən qarışıq seçki sistemi mövcuddur. Deputatların yarısı 299 seçki dairəsində birbaşa səsvermə yolu ilə, digərləri isə partiya siyahıları ilə seçilir. Hər bir seçici birbaşa namizədə və partiya siyahısı üzrə səs vermək üçün iki səsə malikdir. Bundestaqdakı partiya mandatlarının sayı proporsional siyahılar üzrə səsvermənin nəticələrini əks etdirməlidir. Seçkilərin nəticələrinə əsasən, SPD parlamentdə təxminən 205-209, XDİ/XSİ - 194-196, Yaşıllar-116-118, Liberallar- 91-93, Almaniya üçün Alternativlər- 84, Sol Partiya- 39-40 deputat yeri qazanıb.Seçkilərdən sonra Bundestaq üzvlərinin sayı 709 -dan 735 -ə yüksələcək. Bundestaqa seçkinin nəticələrini Almaniyanın siyasi həyatında yeni dövrün başlanması kimi də qiymətləndirmək olar. Belə ki, XDİ/XSİ parlamentə keçirilən 19 seçkiədn 13-də 40 faizdən artıq səs toplayıb. Bu göstərici 30 faizdən aşağı olmayıb. Ona görə də son seçkilər hakim koalisiyanın tarixində ən pis nəticə hesab olunur. Almaniyanın növbəti kanslerinin SPD namizədi Olaf Şolts, yoxsa onun XDİ/ XSİ-dakı rəqibi Armin Laşet olacağı hələ də açıq qalır.
Xatırladaq ki, 16 ildir iqtidarda olan Angela Merkel kansler postunu tərk edir. O, bu il seçkilərdə iştirak etməyib. O, 2018 -ci ildə XDİ/XSİ koalisiyasının rəhbərliyindən istefa verib. Beləliklə, dördüncü kanslerlik müddətinin sonunda siyasətdən getdiyini açıqlayıb. Səsvermə başa çatdıqdan sonra Şolts və Laşet Almaniyada yeni hökumət qurmağa hazır olduqlarını elan edib.Şoltsun sözlərinə görə, partiyası Nazirlər Kabinetini formalaşdırmaq üçün mandat qazanıb. Laşet isə XDİ/XSİ tərəfindən federal hökumət qurmaq üçün mümkün olan hər şeyi edəcəyini deyib. Yeni parlamentin təsis toplantısının oktyabrın 26 -da baş tutacağı gözlənilir. Bu müddətdə Bundestaqın sədri və müavini seçiləcək. Laşet bildirib ki, Almaniyada üç siyasi partiyadan ibarət hakim koalisiya qurula bilər. Bu gün yeni hakim siyasi alyansın qurulması ittifaq üçün ən çox ehtimal olunan iki variant var. Birincisi, SPD, Yaşıllar və Liberallar ittifaqı. Digəri XDİ/ XSİ, Yaşıllar və Liberallardan ibarət koalisiyadır. Hazırkı hakim koalisiyaya XDİ/XSİ bloku və SPD daxildir. Seçkilərdən sonra partiyalar rəqiblərinin yeni hökumətdə iştirak etməyə hazır olduqlarını müəyyənləşdirmək üçün danışıqlara başlayacaqlar.
Bundan sonra danışıqlar artıq koalisiya ilə bağlı olacaq. Gələcək koalisiya sazişinin əsasını təşkil edəcək proqramlar bənd-bənd müzakirə ediləcək. Şolts və Laşet katolik miladından əvvəl yeni koalision hökumətin qurulmasına dair danışıqları başa çatdırmaq niyyətində olduqlarını bəyan ediblər. Diqqəti çəkən məqam hər iki halda yaşıllar və liberalların hakim koalisiyaya daxil olması ehtimalıdır. Yaşıllar Annaleno Berboku federal kansler postuna namizəd irəli sürsə də, seçkilərin nəticəsi onları tam qane etmir. Ancaq partiyanın Almaniyada siyasi reytinqi son zamanlar xeyli artıb. May ayında bu göstərici 28 faizə çatmışdı. Yaşılların həmsədri Robert Habek isə hökumətdə nazir vəzifəsi tuta bilər.
Liberal Azad Demokratlar Partiyasının lideri Kristian Lindner isə koalisiyalı hökumətdə maliyyə naziri postunu tutmağa iddialıdır. Bu iki variantdan hansının nəticədə reallığa çevriləcəyi önümüzdəki həftələrdə bu dörd siyasi qüvvənin nümayəndələrinin rəhbərlik edəcəyi danışıqlarda ortaya çıxacaq. İndi beynəlxalq müşahidəçilər yeni hökumətin xarici siyasəti ilə bağlı proqnozlar verməyə çalışır.SDP-nın lideri Olaf Şolts hökumət qurulduqdan sonra NATO və Avropa Birliyi ilə əməkdaşlığı inkişaf etdirəcəyini vəd edib. Ümumiyyətlə, Almaniyanın gələcək hökumət koalisiyasının hansı variantdın seçilməsindən asılı olmayaraq, Rusiya ilə münasibətlərin daha da soyuyacağı gözlənilir. Hətta bu, Berlinin Moskvaya qarşı siyasətinin sərtləşməsi kimi qiymətləndirilir. Çünki Rusiya Prezidenti Vladimir Putinin daxili və xarici siyasətini Merkel hökumətindən daha çox tənqid edən yaşıllar və liberallar yeni koalisiyada yer alacaq.
Beləliklə, yaşıllar “Şimal axını -2” qaz kəmərinin qəti rəqibləridir, Krımın ilhaqını qəti şəkildə pisləyirlər. Onlar Almaniyaya Ukraynaya silah tədarükünü artırmağı və Rusiya Federasiyasına qarşı sanksiyaların genişləndirilməsini təklif edir. Bundan əlavə, Liberal Azad Demokratlar Partiyası Rusiya müxalifətinin lideri Aleksey Navalnının sərbəst buraxılmasını təmin etmək üçün “Şimal axını- 2”-nin istifadəyə verilməsinə qadağa tətbiq edilməsini istəyir. Eyni zamanda, sentyabrın 26-da Meklenburq-Vorpommern seçkilərində Sosial Demokratların 40 faizə yaxın göstərici ilə inamlı qələbəsi yerli Baş nazir Manuel Şvesiqin mövqeyini gücləndirib.
Xanım Şvetsinq keçmiş Almaniya Demokratik Respublikası ərazisində qəbul terminalı yerləşən “Şimal Axını-2” kəmər layihəsini fəal şəkildə dəstəkləyir. Hesab edilir ki, o, SPD rəhbərliyində artan təsirindən istifadə edərək “Qazprom”un maraqları üçün lobbiçilik edə bilər.
Tarix: 27-09-2021, 16:54