YARATDIĞI REJİM PUTİNİN ÖZÜNÜN ƏL-QOLUNU BAĞLAYIB... – “Rusiyadakı sahibkarların 80 faizi hesab edir ki...”


“Ötən il Rusiyadan 47,8 milyard dollar kapital xaricə çıxarılıb”
“Rusiyanın texnoloji innovasiya sahəsindəki aşağı göstəriciləri ölkənin gələcək suverenliyinə təsirsiz ötüşməyəcək”

Kreml ABŞ prezidenti Co Baydenin bu yaxınlarda Rusiya barəsində dediyi sözlərə kəskin reaksiya verib. Co Bayden Rusiya iqtisadiyyatıyla bağlı deyib: ”Bu, nüvə silahı və neft quyularından başqa, heç nəyi olmayan iqtisadiyyatdır”.

Bu ifadələr Rusiyaya qarşı münasibətdə ABŞ siyasətinin dəyişməsini gün üzünə çıxarır. Belə ki, Amerika “Şimal axını-2” qaz kəmərinin tikintisinə qoyulan sanksiyalardan imtina etmək qərarına gəlib.

ABŞ-ın keçmiş prezidenti Barak Obama kimi Cozef Bayden də Rusiyanı ciddi təhlükə yox, öz daxili zəifliyi, problemləri içərisində çabalayan regional dövlət kimi görür və hesab edir ki, bu ölkə üzündən Almaniya ilə münasibətləri pozmağa dəyməz, xüsusən də, Çinə qarşı strateji dirəniş göstərildiyi bir vaxtda. Rusiya ikinci növbədə məşğul olunmalı problemdir. Belə bir nəticəyə gəlinməsinin səbəblərindən biri də Kreml rəhbərliyinin iş metodları ilə bağlıdır.

2007-ci ildə Putinin prezidentlik müddətinin sonlarına yaxınlşan bir vaxtda Kreml ölkənin iqtisadi inkişafının milli srtategiyasını təsdiq etmişdi. Bu strateji plana əsasən, 2020-ci ilədək Rusiya dünyanın beş ən iri iqtisadiyyatından bir olmalıydı. Həmin dövrdə ildə 6 faiz böyüyən Rusiya, gələcək illərdə böyük maliyyə mərkəzinə və texnoloji innovasiya üzrə qlobal liderə çevrilməliydi.

Lakin indi Rusiyadakı real mənzərə məyusedicidir və bu ölkə qarşısına qoyduğu hədəfə çata bilmədi. Rusiya hələ ki, iqtisadi baxımdan dünyada 11-ci yerdədir və o, elə 2007-ci ildə də həmin mövqedə idi.
Rusiyanın innovasiya sahəsindəki uğurları heç də ürəkaçan deyil. ”Golbal İnnovation Index”-in reytinqinə görə, bu müddət ərzində Rusiya cəmi yeddi pillə yüksələrək, 47-ci yerə kimi qalxa bilib. Bu sahədə Rusiya beynəlxalq sərmayənin maqniti olmaq əvəzinə, hələ də kapital idxalatçısı olaraq qalır. Onun iqtisadi böyümə tempi 6 faizdən 1 faizə enib, ölkə əhalisinin yaşayış səviyyəsi isə düşməkdə davam edir. Dünyanın ən böyük iqtisadiyyatı olmaq yerinə, Rusiya ən yaxşı halda staqnasiyaya uğrayıb.


İyirmi illik staqnasiya

Bu uğursuzluq xüsusilə acınacaqlı görünür, çünki Rusiya rəhbərliyi tam mənası ilə iyirmi il ərzində ölkənin iqtisadi zəifliyinin dərin səbəblərini anlamayıb. Enerji resurslarının ixracından asılılıq və texnoloji innovasiyanın çatışmaması Vladimir Putinin 2000-ci ildə ölkə vətəndaşlarına ilk müraciətinin əsas mövzusu idi. Amma sonrakı illərdə neftin qiymətinin yüksəlməsi hökumətin islahat aparmaq həvəsini, stimulunu ortadan qaldırmışdı.
Öz prezidentlik müddətində Dmitri Medvedev də həmçinin “bəsit xammal iqtisadiyyatından və xroniki korrpusiyadan” şikayətlənirdi. Medvedev bu problemlərin həlli üçün müəyyən addımlar atmağa cəhd göstərmişdi.

2010-cu ildə Moskva yaxınlığında açılan “Skolkovo” innovasiya mərkəzi ölkənin güclü elmi bazasına və kommersiya gəlirlərinin mənbəyinə çevrilməliydi. Amma Rusiya iqtisadiyyatının yuxarıdan aşağıya modernləşdirilməsi cəhdlərindən biri kimi, bu da heç bir nəticə vermədi.

Rus üslubunda reyderçilik

Rusiyada müqavilə şərtlərinin yerinə yetirilməsini və mülkiyyət hüququnun qorunmasını təmin edə biləcək müstəqil və ədalətli məhkəmə sistemi yoxdur.Hər il on minlərlə şirkət “reyderçiliyin” tipik rus sxemi əsasında qəsb olunur, biznes sahibləri yalançı ittihamlar əsasında həbsə atılır, onların aktivləri isə korrupsiyalaşmış hakimlərin, polisin və digər məmurların köməyi ilə müsadirə edilir.

Putin belə bir praktika ilə Rusiyanın iqtisadi maraqlarına vurulan zərbəni bir fakt kimi qəbul edir.

Corc Meyson Universiteti nəzdində fəaliyyət göstərən “Terrorizm problemləri, Beynəlxalq Cinayətkarlıq və Korrupsiya Mərkəzi”nin məlumatında “qeyri-qanuni reydlər pandemiyası”ndan danışılır. Təkcə 2019-cu ildə Rusiyadakı belə reydlərin sayı 135 faiz artıb.

Bu praktika sahibkarlıq səviyyəsində iqtisadiyyata dağıdıcı təsir göstərir.
Putinin biznes ombudsmanı Boris Titov mövcud vəziyyət barədə deyib: ”Rusiyadakı sahibkarların 80 faizi hesab edir ki, ölkədə bizneslə məşğul olmaq təhlükəlidir, təəssüf ki, belə təhlükələrin sayı getdikcə artır. Elə bu səbəbdəndir ki, keçən il Rusiyadan 47,8 milyard dollar kapital xaricə çıxarılıb”.

Putinin fəaliyyətsizliyini onun özünün yaratdığı sistemin xarakteri ilə izah etmək olar. Reyderçilik siyasi nəzarət və elitanın varlanması üçün vasitə kimi istifadə olunur. Bunun nəticəsində Rusiya cəmiyyətində “cəzasılıq mədəniyyəti” formalaşıb.

“YUKOS” və “Heritage Capital” şirkətləriylə bağlı iş ən böyük rezonans doğurmuş reyderçilik hadisəsiydi ki, bunda da Kreml birbaşa iştirakçı olub. Pul və yaxın əlaqələrin işə salınması vasitəsi ilə şirkətlərin ələ keçirilməsi və rəqiblərin aradan qaldırılması kimi reyderçi qəsblərin əksəriyyəti yerli səviyyələrdə həyata keçirilir.

Belə hadisələr həm iri və həm də kiçik şirkətlərin başına gəlir. Rusiyadakı əlverişsiz işgüzar mühit iqtisadiyyatın böyümə potensialını məhdudlaşdırır. Dünyanın karbohidrogenlərdən imtina etməyə doğru yönəlməsi nəticəsində Rusiya üçün daha da çətin olacaq. Neft və qaz satışından əldə olunan gəlirlər federal büdcənin təxminən 40 %-ni təşkil edir. Hazırda Rusiya rəhbərliyi neft və qazı əvəzləyəcək milli rifahın yeni mənbəyini inkişaf etdirməkdən ötrü çox az səy göstərir.
Əgər dünyadakı yenilənə bilən enerji mənbələrinə keçid tempini nəzərə alsaq, Rusiya qlobal tələbdə baş verəcək dəyişiklikləri öz üzərində hiss edəcək.
Dörd il öncə Rusiyanın keçmiş maliyyə naziri Aleksey Kudrin liberallaşma və islahat aparmanın vacibliyini əsaslandırmağa çalışırdı. O, bildirirdi ki, Rusiyanın texnoloji innovasiya sahəsindəki aşağı göstəriciləri ölkənin gələcək suverenliyinə təsirsiz ötüşməyəcək.

Lakin onun müraciətini heç kim eşitmədi. Aleksey Navalnıya qarşı çıxarılmış sərt hökm və aqressiv milli təhlükəsizlik strategiyasının qəbul olunması göstərir ki, indi Putinin başı ilk növbədə öz rejiminin yaşaması probleminə və Qərbdən Rusiyanın suverenliyinə qarşı gələ biləcək təhlükələrin necə dəf edilməsinə qarışıb.

“EU Observer” – (Belçika)

Tərcümə: “AzPolitika.info”

Tarix: 21-09-2021, 15:57
Xəbəri paylaş



Xəbər lenti