Dünyanın hər yerində avtomobillərin sayı artır. Avropa İttifaqı bununla bağlı ciddi narahatlıq keçirir. Çünki bir yerdən digərinə hərəkət getdikcə çətinləşir.
Bizimyol.info xəbər verir ki, Avropa İttifaqı vətəndaşlarını daha çox qatarla hərəkət etməyə çağırır. Alyans bu istiqaməti daha rahat hərəkət etməyin ən optimal yolu kimi görür. Digər yandan ətraf mühitin qorunması baxımından da qatar uyğun varinat hesab olunur. “Connecting Europe Express” məhz bu məqsədə xidmət edən layihədir.
Avropada vətəndaşlarının qatardan ən çox istifadə etdiyi ölkə Avstriyadır. “Avstriya federal dəmir yolları” (ÖBB) dövlət şirkətinin rəsmi nümayəndəsi Bernhardt Rider deyir ki, “Connecting Europe Express” layihəsi qatarla səyahətlərin böyük gələcəyi olmasından xəbər verir. Avropada 2021-ci ilin dəmir yolları ili elan olunması məsələnin ciddiliyinə eyham vurur.
Problem ondadır ki, hər ölkənin öz dəmir yolları standartları var. Bu da ölkələrarası daşınmada çətinliklər ortaya çıxarır. Milli dəmir yolları şirkətləri Avropa İttifaqını vahid qaydalar tətbiq etməyə çağırır. Alyans ərazisində zərərli qazların 25 faizi nəqliyyatın payına düşür. Pay artmaqda davam edir. 2050-ci ilə qədər iqlim neytrallığı əldə etmək üçün Brüssel qatar səyahətlərinin təşviqatını artırıb.
Avstriyada dəmir yollarından Avropanın orta göstəricisi ilə müqayisədə üç dəfə çox insan istifadə edir. Mütəxəssislər bunu ölkədə infrastruktura böyük invesitisiya qoyulması və dəmir yolları şəbəkəsinin inkişafı ilə əlaqələndirir.
“Avstriya federal dəmir yolları” yalnız bərpa oluna bilən elektrik enerjisindən istifadə edir. Şirkət bunun üçün 8 su və 1 günəş elektrik stansiyasının işinə nəzarətə diqqət ayırır.
Avropada qatar biletləri ucuz deyil. Bu istiqamətdə də iş gedir. Slovakiya və Macarıstan ucuzlaşma prosesinə daha meylli görünür. Şərqi Avropa ölkələri hətta aztəminatlı ailələrə və təqaüdçülərə pulsuz səyahət imkanı yaradılmasını istəyir. Avstriyada isə ağlasığmaz plandan danışırlar. Avropa dövləti ictimai nəqliyyatlar üçün illik gediş biletini 3 avroya satmağı düşünür.
Tarix: 17-09-2021, 10:48