Müəllif: Cəmil BustaniPəncşirin müdafiəçiləri üçün pis xəbər. Növbəti danışıqların uğursuzluğundan sonra taliblər Pəncşir dərəsinə hücuma keçib. İki gündür qanlı döyüşlər davam edir.Oğul Məsudun Talibanın qarşısını kəsəcəyi, doğma Pəncşiri müdafiə edəcəyi, sonra isə Kabilə doğru yeriyəcəyi haqda sosial şəbəkələrdə mühakimə yürüdən “ekspetrlər”in sayı azalmaqdadır. Dərədən gələn ziddiyyətli məlumatlara diqqət etsək, “Pəncşir şirinin balası”nın vəziyyəti pisləşməkdədir.
Söhbət ondan getmir ki, taliblərin ixtiyarında aviasiya var - dərənin təbii imkanları elədir ki, aviasiya və ağır zirehli texnika kütləvi şəkildə və bacarıqla tətbiq olunmazsa, qələbənin rəhni ola bilməz. Söhbət onda da deyil ki, taliblər artıq böyük itkilər verir.
Pəncşir teleradio şirkətinin əməkdaşı sosial şəbəkələrdə taliblərin böyük itkilərdən sonra cəsədləri yığmaq üçün könüllü-məcburi şəraitdə yerli əhalinin yardımından istifadə etməyə məcbur qaldığını yazır. Bu, oğul-Məsudun tərəfdaşlarının xəsislik etmədiyi adi təbliğatdır.
Hər şey çox sadədir: Pəncşirdə “Şimal alyansı 2.0” yaratmağın mümkünsüzlüyü tamamilə obyektiv şərtlərlə əlaqədardır. Bu haqda isə “ekspertlər” ya şəraiti və yerli spesifikliyi bilmədiklərinə görə unudurlar, ya da istəklərini reallıq kimi qələmə verirlər.
Pəncşirin alınmaz qala olması və orada oğul-Məsudun rəhbərliyi altında “Şimal alyansı 2.0”-ın yaradılması haqqında əsatirlər o iddiaya əsaslanırdı ki, ata-Məsudun vaxtında dərəni fəth etmək heç kəsə qismət olmayıb. Və “Sovet ordusunun 9 əməliyyatı burada uğursuzluqla nəticələnib”.
Bu isə həqiqətə uyğun deyil. Ondan başlamaq lazım ki, cəmisi dörd əməliyyat olub: 1980-cı ilin 9-12 aprelində, 1982-ci ilin 15 may - 2 iyununda, 1984-cü ilin 14 aprel - 5 mayında və 1985-ci ilin iyun-iyul aylarında. Və bu əməliyyatların hər birinin yekununda Əhməd Şah Məsudun qruplaşması vahid rəhbərliyi və döyüş qabiliyyətini itirib. Məsudun dəstələri həm canlı qüvvədə, həm də silahda yüksək itki verərək nəzarət etdikləri bölgəni müvəqqəti tərk etməyə məcbur olub. Düzdür, sonra həmin ərazilərə müxtəlif səbəblərdən - Sovet tərəfi ilə müqaviləyə, yaxud dərəyə nəzarət etməli olan hökumət hissələrinin döyüş qabiliyyətinin aşağı olmasına görə yenidən qayıda bilib.
Yəni, ata-Məsudun “uğurlar”ı iki şərtlə bağlı idi. Əvvəla, onun geriyə çəkilməyə həmişə yeri vardı. Pəncşir dərəsi 5 əyalətlə sərhədlənib - Qunduz, Baqlan, Taşar, Pərvan, Kapisa - o və dəstələrinin qalıqları burada daldalana bilirdi.
İkincisi, ata-Məsudun komandanlığı altında Pəncşir cəbhəsi Əfqanıstan İslam cəmiyyətinin Müşahidə şurasına daxil olmaqla həm canlı qüvvəni, həm də silah, sursat, ərzaq və maliyyə vasitələrini daima bərpa etmək imkanına malik idi.
Yeri gəlmişkən, bunlarsız da ata-Məsudun pulla bağlı problemi yox idi. Pəncşirdən Pakistana zümrud qaçaqmalçılığı ona hər il 10 milyon dollar (1980-cı illərin qiymətinə görə) gəlir gətirirdi. O cümlədən, dağ-mədən işləri Qərbi Avropa mühəndisləri cəlb olunmaqla yapon qazma qurğuları vasitəsilə həyata keçirilirdi. Üstəlik, Əhməd Şah Məsudun tərəfdarları Bədəxşan əyalətinin Carm qəzasında lazurit hasil edirdilər ki, o da xaricə ixrac olunurdu. Cariy-ab yataqlarında da yerli gümüş mədənləri fəaliyyət göstərirdi.
Ata-Məsudun dövründə Şimal alyansının vəziyyəti həm xaricdən yardımla, həm manevr imkanı ilə, həm də etibarlı maliyyə bazası hesabına qorunub saxlanılırdı. Burada oğuldan fərqli olaraq, ata-Məsudun liderlik xarizması da rol oynayırdı.
Oğul-Məsudda bu şərtlərin heç biri yoxdur. Dərə blokadaya alınıb. İnsan ehtiyatlarını səfərbər etmək imkanı çox məhduddur. Xarici dəstək yalnız mənəvi xarakter daşıyır. Ciddi arxalandıqları Hindistan da bir yardım göstərə bilmir. Dərənin əhalisinin əksəriyyəti Məsud soyadına loyal olsa da, savaşmaqdan yorulub. O ki qaldı Əfqanıstanın tacik icmasına - onun artıq başqa liderləri var.
Taliblər Əmir Xan Mutəkini Pəncşir komissiyasının rəhbəri təyin edib. O, 1996-2001-ci illərdə “köhnə” taliblərin administrasiyasında maarif naziri vəzifəsini tutub. Və o, dərhal Əfqanıstan üçün ənənəvi danışıqlar yolunu seçib: hücum təhlükəsi və oğul-Məsudun, habelə ətrafının loyallığının satın alınması təklifi. Yəni, yeni hökumətdə vəzifə. Üstəlik klana qəza və zümrüd yataqları üzərində nəzarətin saxlanılması təklif olunub. Şəxsi və pul toxunulmazlığı.
Taliblər Pəncşirdə savaşmaq istəmirlər. Onlar sadəcə hədə-qorxu gəlir və bol vədlər verirlər. Əfqanıstanın tarixi göstərir ki, bu, uğura çatmağın ən effektiv yoludur. Pəncşirin şir balası atası kimi şir olmayacaq. Ona bunu etməyə imkan verməyəcəklər.
virtualaz.org
Tarix: 4-09-2021, 23:14