Qazaxıstan Ermənistanın KTMT-dən Azərbaycana qarşı istifadə etməsinə imkan verməyəcək



Qarabağ münaqişəsinin ilk günlərindən Qazaxıstan qeyd-şərtsiz Azərbaycanı dəstəklədi və separatizmin hər cür təzahürlərinə qarşı çıxdı.
Bunu Qazaxıstan politoloqu Dosım Satpayev virtualaz.org-a Azərbaycanla sərhəddə Ermənistanın təxribatları ilə bağlı Astananın mövqeyini şərh edərkən deyib.
Dosım Satpayev
"90-cı illərdən bəri Qazaxıstan hakimiyyəti Azərbaycanın ərazi bütövlüyünün bərpasının tərəfdarıdır. Qazaxıstan üçün ərazi bütövlüyü, separatizm problemi, bütün postsovet məkanında olduğu kimi, olduqca aktualdır. Bütün bunları son bir neçə ildə Ukraynada və Moldovada gördük. Bəzi marjinal rus siyasətçiləri tez-tez Qazaxıstana qarşı da ərazi iddiaları irəli sürürlər. Astana üçün hər şey, sərhədlərin toxunulmazlığı prinsipləri ilə əlaqəli, dəyişməz beynəlxalq hüquqdur. Bu kontekstdə Qazaxıstanın Qarabağ münaqişəsi ilə bağlı siyasəti açıq şəkildə Azərbaycanın tərəfindədir. Aşkar bir fakt var - Ermənistan əzəli Azərbaycan torpaqlarına iddia edir. Qazaxıstanın Bakıya dəstəyi qanuni və ədalətlidir", - deyə politoloq bildirib.
D. Satpayev vurğulayıb ki, rəsmi Astana bu münaqişənin nizamlanması üçün dəfələrlə çağırış edib. Və Qazaxıstan Azərbaycan ərazilərinin Ermənistan qoşunları tərəfindən işğalına qarşı çıxmaq üçün siyasi addımlar atıb. Məsələn, Azərbaycanla ərazi ziddiyyətlərini hələ də həll etməməsi səbəbindən Ermənistanın Avrasiya İqtisadi İttifaqına qəbul edilməsinə mane olub. Bundan sonra Yerevan və Astana arasında daim diplomatik gərginlik yaşandı. İş hətta o yerə çatdı ki, erməni siyasətçiləri Ermənistanla eyni hərbi təşkilatda olan və daha çox Azərbaycanla əməkdaşlıq edən, bu ölkəni dəstəkləyən Qazaxıstan və Belarusu KTMT-dən çıxarmağa çağırdılar”, - deyə politoloq xatırladıb.
“Yerevan dəfələrlə KTMT-ni millətçi planlarını həyata keçirməyə qoşmağa cəhd göstərib. Belə ki, bir neçə il əvvəl Rusiya Federasiyası ilə Türkiyə arasında münaqişə yaşanarkən Ermənistanın KTMT-dəki nümayəndəsi təşkilat üzvlərinin Ankara ilə münaqişədə birmənalı şəkildə Moskvanı dəstəklədikləri barədə bəyanat vermişdi. Lakin Belarus, Qazaxıstan və Qırğızıstan buna etiraz etdilər və bildirdilər ki, heç kim Ermənistan nümayəndəsinə təşkilatın adından bu cür açıqlamalar vermək səlahiyyəti verməyib”,-deyə D.Satpayev vurğulayıb.
Tacikistanda son KTMT təlimləri
D. Satpayevin fikrincə, KTMT-dən, Avrasiya İqtisadi İttifaqı kimi, başqa, xüsusən də bu təşkilatların üzvü olmayan bir ölkəyə qarşı istifadə edilə bilməz. Özü də KTMT ümumiyyətlə, əhəmiyyətli bir hərbi-siyasi təşkilat kimi qəbul edilməməlidir. “KTMT əslində Rusiyanın imici üçün geosiyasi alətdir, hansı ki, onun köməyi ilə Moskva nümayiş etdirmək istəyir ki, hərbi müttəfiqləri var. KTMT üzvlərindən heç biri, ilk növbədə Qazaxıstan, Ermənistana qurumdan hərbi məqsədlər üçün istifadə etməyə imkan verməz. Təşkilata üzv ölkələr postsovet məkanında heç bir hərbi əməliyyatda iştirak etməyəcəklər. Yerevan aydın şəkildə başa düşməlidir ki, KTMT onun əlində bir dəyənək olmayacaq və təşkilat üzvləri heç bir halda Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etməyəcəklər. Qarabağ münaqişəsi beynəlxalq hüquq və sərhədlərin toxunulmazlığı prinsipləri əsasında həll edilməlidir. Bakıya hər hansı bir formada hərbi təzyiq isə qəbuledilməzdir”, - deyə qazax politoloq əminliklə qeyd edib.
Ekspert Azərbaycan və Qazaxıstanın həm də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində, o cümlədən Xəzəryanı regionda tərəfdaş olduqlarına diqqət çəkib. “Adi qazaxıstanlılar üçün azərbaycanlılar- qardaş bir türk xalqıdır. Qazaxlar Azərbaycanı son zamanlarda aktiv inteqrasiya proseslərinin getdiyi Türk dünyasının bir hissəsi hesab edirlər. Bu yaxınlarda Özbəkistanın Türk Şurasına daxil olması buna yaxşı bir nümunədir. Türk dünyasının davam edən birliyi qazax cəmiyyətində getdikcə daha çox hiss olunur və digər türk xalqlarına, o cümlədən Azərbaycan xalqına siyasi və iqtisadi dəstək verməyə imkan yaradır”, - D. Satpayev fikrini yekunlaşdırıb.
Tarix: 19-07-2020, 12:31
Xəbəri paylaş



Xəbər lenti