Gürcüstanda koronovirus pandemiyası ilə əlaqədar bir sıra qadağalar sərtləşdirilib. Gürcüstan hökuməti və epidemioloqlar əhalinin qadağalara ciddi riayət etməyə çağırıblar.
Hazırda Gürcüstanda qapalı məkanlarda, ictimai yerlərdə, ofis və mağazalarda tibbi maska taxmaq və sosial məsafə saxlamaq məcburidir.
Eyni zamanda ictimai nəqliyyatda kondisionerlərin və digər soyuducu vasitələrin quraşdırılması, habelə maskasız ictimai nəqliyyata əyləşmək, qapalı məkanlarda mədəni kütləvi və idman tədbirlərinin keçirilməsi, 10 nəfərdən artıq adamın iştirakı ilə ənənəvi tədbirlərin (toy, nişan, hüzur, yubiley və s.) keçirilməsi qəti qadağandır.
Bundan başqa ölkədə təhsil prosesi məsafədən idarə olunmaqla onlayn keçirilir, kazino və totalizatorların fəaliyyəti də qadağan olunub.
Taksi sürücüləri hökmən maska geyinməli, iki nəfərdən artıq sərnişin götürə bilməzlər. Sərnişinlər isə arxa oturacaqlarda oturmalıdır.
Bu qaydaları pozan fiziki və hüquqi şəxsləri ciddi cəzalar gözləyir. Qaydaları təkrar pozan şəxslər isə hətta azadlıqdan məhrum edilə bilərlər. /Azərtac
Tarix: 5-07-2020, 13:27