Masazır qəsəbəsində İkinci Qarabağ müharibəsi şəhidi Əsəd Həsənovun adını daşıyan küçədə hasara alınmış ərazidə yeni çoxmərtəbəli yaşayış binasının tikintisinə başlanılıb.
Bizimesr.media xəbər verir ki, tikinti işlərinin qanunvericiliyin tələblərinə uyğun aparılması və obyektə dair müvafiq sənədlərin qaydasında olması ilə bağlı ciddi suallar yaranır.
Belə ki, tikinti sahəsinin hasarında “EDO-15230/2026, 10.06.2026 nömrəli tikinti şəhərsalma reyestrindən keçib” ifadəsinin əks olunduğu lövhə yerləşdirilib. Lakin lövhədəki elanın altında yerləşdirilən və tikintinin qanuni əsaslarla aparıldığını təsdiqləməli olan QR kodun oxunmaması da diqqət çəkir. Bu hal lövhənin formal xarakter daşıması və ictimaiyyətə real məlumat verməkdən daha çox görüntü yaratmaq məqsədli olduğu qənaətini yaratmış olur.

Digər tərəfdən, ərazinin ətrafında artıq 4–5 mərtəbəli çoxsaylı yaşayış binaları inşa edilib. Yeni tikintinin də həmin ərazidə əvvəlki analoji obyektlərin tikintisini həyata keçirən şəxslərlə əlaqəli olması barədə məlumatlar var. Bu məlumatların aidiyyəti qurumlar tərəfindən araşdırılmasına ehtiyac duyulur.
Ümid edirik ki, məsələyə birbaşa aidiyyəti olan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Fövqəladə Hallar Nazirliyi ərazidə aparılan tikinti işlərinin qanuniliyini araşdıracaq, obyektə dair müvafiq sənədlərin mövcudluğunu və tikintinin şəhərsalma tələblərinə uyğunluğunu yoxlayacaq.
Ərazinin inzibati baxımdan aid olduğu Abşeron Rayon İcra Hakimiyyətinin isə məsələ ilə bağlı hər hansı mövqe ortaya qoymaması da əlavə suallar doğurur.
İctimaiyyətin gözləntisi ondan ibarətdir ki, aidiyyəti dövlət qurumları məsələyə aydınlıq gətirəcək, tikintinin qanuni əsaslarının olub-olmadığını açıqlayacaq və qanun pozuntusu müəyyən edilərsə, müvafiq tədbirlər görüləcək.
Bizimesr.media