
Ukrayna ötən gecə və bu səhər Rusiyanın Moskva vilayətinə yüzlərlə dronla hücum edib.
Musavat.com Moskva meri Sergey Sobyaninin sosial hesabındakı paylaşımına istinadən xəbər verir ki, dünən axşamdan bu gün səhərədək paytaxt regionuna 600-dən çox Ukrayna dronu hücum edib. Onlardan 201-i Rusiya hava hücumundan müdafiə sistemlərini yararaq bilavasitə Moskva səmasına qədər gedib çatıb.
Mer bütün dronların vurulduğunu iddia etsə də, artıq sosial şəbəkələrdə Moskva ərazisində bir neçə obyektin zərbə aldığını əks etdirən görüntülər paylaşılır. Bu obyektlərdən biri Koledino kəndi yaxınlığındakı ən böyük logistika kompleksi və Wildberries anbarıdır.
Domodedovo yaxınlığındakı anbarda yanğın barədə də məlumat var.
Koledino ərazisində - Wildberries logistika komplekslərindən birindəki dəhşətli yanğının görüntüləri yayılır. Bu, şirkətin ən böyük logistika mərkəzi və anbarıdır. Anbar sahəsi 200.000 kvadrat metrdən çoxdur.
Sobyanin elan edib ki, Moskva Dairəvi Yolu yaxınlığında üç nəfər Moskvaya dron hücumu nəticəsində yaralanıb.